Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 21:07

Leyla Yunus: «Onlara barışıq gətirəcək «xalq diplomatiyası» lazım deyil»


"Mənimlə deyilsənsə mənə qarşısan..."
Gözlə

No media source currently available

0:00 0:05:43 0:00

"Mənimlə deyilsənsə mənə qarşısan..."

-
Bu günlərdə Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus jurnalist Rauf Mirqədirovun həbsi ilə bağlı bəyanat verib. Hüquq müdafiəçisi bildirir ki, jurnalistə qarşı açılan cinayət işi həm də onun və digər fəalların həbsinə hesablanıb.

Onun AzadlıqRadiosuna dediklərini diqqətinizə çatdırırıq:
- Məni neçə ildir ki, tutmaq istəyirdilər. 2009-cu ildə Ramil Usubov məni məhkəməyə vermişdi, daha sonra evimi dağıtdılar. İndi də elə vəziyyət yaranıb ki, kimi istəyirlər tuta bilirlər. Məni narkotiklə tutmaq bir az gülünc görünərdi. Vətənə xəyanət maddəsində istintaq və məhkəmə qapalı keçirilir. İstintaq istədiyini yazacaq və çıxıb televiziyada deyəcəklər ki, guya biz 30 ildir ermənilərə işləyirik. Bunlar istəyir ki, fəalları böyük bir casus qrupu adı altında həbs etsinlər. Azərbaycanı fərqli fikirli insanlardan tamamilə təmizləmək istəyirlər. Hakimiyyət sovet dövründəki kimi «sən mənimlə deyilsən, demək mənə qarşısan» prinsipi ilə işləyir. Bunlar istəyirlər ki, Azərbaycanda siyasi məhbuslarla bağlı danışan qalmasın. Bu gün Azərbaycanda 130-dan çox siyasi məhbus var. Avropa Birliyi bu məhbusların əsassız həbs olunduqlarını dəfələrlə bildirsə də, hakimiyyət buna məhəl qoymayıb.
- Rauf Mirqədirovun layihəyə görə həbs olunduğunu bildirmisiniz. O layihə barədə bir az geniş məlumat vermək olarmı?

- 2005-ci ildən Sülh və Demokratiya İnstitutu olaraq «Region Center» təşkilatı ilə bir yerdə işləyirik. Mən həmişə güvəncli təşkilatlarla işləyirəm. Biz birlikdə Azərbaycan-Ermənistan saytı açmışıq. Bu saytda jurnalistlər müştərək iştirak edirdilər. Bu sayt çox populyarlıq qazanıb. Bütün beynəlxalq təşkilatlar bu layihəni dəstəkləyir. Mən bilirəm hakimiyyət niyə narahatdır. Çünki o sayta biz Bakıda evlərin necə sökülməsini, siyasi həbslərlə bağlı məlumatları yayırdıq.

- Həmin layihədə Rauf Mirqədirovun rolu nədən ibarət idi?

- Bizdə ekspertlər var idi və onlar öz evində oturub internet-konfranslarda iştirak edirdilər. Rauf da 5-6 belə konfransa qatılıb. Hamı kimi Rauf da bu işə görə cəmi 50 avro pul alırdı. O, həmişə çox kasıb vəziyyətdə yaşayıb.

- Onun həbsinə reaksiyaları nə qədər yetərli sayırsınız?

- Mən Bakıdakı bütün səfirlərlə görüşdüm. Digər təşkilatlara da yazdım, onlar məlumatlıdırlar. Biz - azərbaycanlılar vəziyyəti başa düşə bilmirik. Elə bilirik ki, ABŞ, Brüssel öz sözünü desə, İlham Əliyev qulaq asacaq. Yadınıza salın, İlqar Məmmədovu nə qədər müdafiə etdilər. Dedilər ki, biz Şəki məhkəməsinə inanmırıq. Qulaq asan oldumu? Yaxud da NİDA-çıların məhkəməsində bütün diplomatik korpusun nümayəndələri iştirak etdilər. Nəticə oldumu? İlham Əliyev yeganə olaraq Rusiyadan çəkinir. Baxın, Avropadan, Amerikadan qrant alanların hamısı həbs olunur. Rusiya ilə kim işləyirsə, onlara dəyib-toxunan yoxdur. Qərbin Azərbaycanda nə isə edəcəyinə inanmaq sadəlövhlükdür. Mən insan hüquqları ilə 15 ildir ki, məşğulam. Azərbaycandakı indiki vəziyyət nə sovet vaxtında, nə də ondan sonrakı dönəmdə olub. Hakimiyyət heç kimi saymır - nə Vaşinqtonu, nə Brüsseli, nə də Strasburqu. Vaşinqtona ona görə qulaq asmır ki, Rusiya ilə Amerikanın əlaqəsi pisdir, Əfqanıstan məsələsində asılıdır. Avropadan asılı deyil, çünki özlərinin pulu var.

- Bu məsələ «xalq diplomatiyası»na nə zərbə vura bilər?

- Çox böyük zərbə olacaq. Minsk qrupunun amerikalı həmsədri James Warlick dedi ki, Qarabağ probleminin çözülməsi üçün ən vacib məsələ «xalq diplomatiyası»dır. Avropa Birliyi «xalq diplomatiyası» ilə bağlı çox böyük layihələr hazırlayır. Ancaq 2003-cü ildən Bakıya heç bir erməni gələ bilmir. Bütün konfranslar Tbilisidə və Yerevanda keçirilir. Bu hərəkətlə sübut etdilər ki, heç bir «xalq diplomatiyası» olmayacaq. Xarici düşmən avtoritar rejimlərə həmişə lazım olub. Stalin-ə də, Hitler-ə də lazım olub. İndi də bu, həm Sargsyan-a, həm də İlham Əliyevə lazımdır. Ona görə də onlara barışıq gətirəcək «xalq diplomatiyası» lazım deyil.
XS
SM
MD
LG