Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:10

Hacı Məmmədovun Elmar Hüseynovla bağlı dedikləri istintaqda yoxlanacaq


Hacı Məmmədovun ifadələri araşdırılmaq üçün prokurorluğa göndərildi
Hacı Məmmədovun ifadələri araşdırılmaq üçün prokurorluğa göndərildi

Daxili İşlər Nazirliyinin keçmiş əməliyyat müvəkkili, polkovnik-leytenant Hacı Məmmədov və daha 26 nəfərin avqustun 7-də davam edən məhkəmə prosesində vəkillər və dövlət ittihamçısı ondan «Monitor» jurnalının baş redaktoru Elmar Hüseynovu qətlə yetirmələrilə bağlı ifadəsini davam etdirməsini istədilər. Hacı Məmmədov bir daha dedi ki, jurnalisti onun dəstəsi keçmiş İqtisadi İnkişaf naziri Fərhad Əliyevin tapşırığı ilə qətlə yetirib. Ancaq o, bu haqda geniş ifadə vermək istəmədi. Təkcə onu əlavə etdi ki, ifadə versə, gərək iki həftə danışsın. Həm də ifadələrinin istintaqın araşdırılmasına çətinlik yaradacağından narahat olduğunu bildirdi.


Hacı Məmmədov həmçinin dedi ki, hakim, prokuror və vəkilin iştirakı ilə məhkəməyə cinayət işi ilə bağlı mühüm saydığı ifadələr vermək istəyir. O, hətta öldürülə biləcəyinə də işarə vurdu. Amma hakim Əli Seyfəliyev onun ayrılıqda ifadə vermək istəyinə əhəmiyyət vermədi.


Sabiq İqtisadi İnkişaf naziri Fərhad Əliyevin vəkili Adil İsmayılov isə Hacı Məmmədovun çıxışını əvvəlcədən hazırlanmış sayır: «Birinci ifadəsində olduğu kimi, indi də ancaq onu dedi ki, Fərhad Əliyev sifariş edib, bizim dəstə də Elmar Hüseynovu qətlə yetirib. Ən azı öyrənmək lazım idi ki, hadisə nə vaxt olub, bunu kim icra edib, konkret adlar çəkilməliydi. Yəqin ssenarini quranlar hər şeyi tam müəyyən edə bilməyiblər».


Hakim Əli Seyfəliyev isə Hacı Məmmədovun Elmar Hüseynovu onun dəstəsinin qətlə yetirməsiylə bağlı dediklərini araşdırmaq üçün prokurorluğa göndərdi.


Məhkəmə prosesi istintaq materiallarında göstərilən qətllər və adam oğurluğu epizodları üzrə davam edir.


Keçmiş polis zabiti Hacı Məmmədov və daha 26 nəfər çoxsaylı qətllər törətmək və adam oğurluğunda ittiham edilir.



XS
SM
MD
LG