Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 21:48

Azərbaycan siyasətində islam faktoru fəallaşır?


«Dini etiqad və vicdan azadlığı haqqında» qanuna bir sıra düzəlişlər ediləcəyi gözlənilir
«Dini etiqad və vicdan azadlığı haqqında» qanuna bir sıra düzəlişlər ediləcəyi gözlənilir

Son vaxtlar hakim komandanın bir sıra üzvləri bildirirlər ki, Azərbaycanda dini təmayüllü partiya və təşkilatlara ehtiyac yoxdur. Hətta, İslam Partiyasının ləğvini aktuallaşdırmaq istəyənlər də var. Sanki dini təmayüllərin siyasətə artan marağı artıq hakimiyyəti də qayğılandırır. Ötən həftə Norveçdəki «Forum 18» təşkilatı da həmin qayğılanmadan narahatlığını ifadə etmişdi.


Bu narahatlıq bir neçə səbəblə izah edilir. Milli Məclisin İnsan Hüquqları Daimi Komissiyasının sədri Rəbiyyət Aslanova deyir ki, Azərbaycanda bəzi qüvvələr islamı siyasiləşdirmək istəyirlər. O, islam təmayüllü təşkilatların siyasətdə iştirakını yolverilməz hesab edir. Üstəlik düşünür ki, şirnikləndirici təkliflərlə insanları bəzi təriqətlərə cəlb etmək halları da var ki, bu meyl mənəvi dəyərlərin ucuzlaşmasına gətirib çıxara bilər. Xanım Aslanova bildirir ki, müxalifətdə olan bəzi qüvvələr də son vaxtlar islam faktorundan bəhrələnərək tərəfdar toplamağa çalışır. Komissiya sədrinin sözlərinə görə, son beş ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin çevik işləyə bilməməsi də bu istiqamətdə müəyyən çətinliklər yaradıb: «Komitə bu beş ildə bir xəritə də ortalığa qoya bilmədi. Harda ekstremist meyllər özünü göstərir, harda canlanma var və s.»


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə ötən aya qədər rəhbərlik edən Rafiq Əliyev isə Rəbiyyət Aslanova ilə razılaşmır. Deyir ki, bütün ölkə üzrə məlumatlar daim işlənərək hüquq-mühafizə orqanlarına təqdim edilib: «Şimal rayonlarında radikal vəhhabilərin, cənubda ifrat şiələrin, Bakı ətrafında isə yenə ifrat şiə qruplaşmalarının fəallığı hiss edilməkdəydi və bu indi də davam edir».


Cənab Əliyev deyir ki, son vaxtlar Yaxın Şərqdə baş verən proseslərlə bağlı bəzi qüvvələrin fəallaşması da islam faktorunu Azərbaycan siyasətinə gətirmək istəyənlərin məqsədini açıqca göstərir.


Yaxın Şərqdə silahlı münaqişələr davam edən zaman İsrailin Bakıdakı səfirliyi qarşısında bir neçə piket keçirən Dini Etiqad və Vicdan Azadlıqlarını Müdafiə Mərkəzinin rəhbəri İlqar İbrahimoğlu isə etirazları siyasi maraqlarla yox, insan haqlarının müdafiəsi ilə izah edir. Cənab İbrahimoğlu deyir ki, o, bir neçə gün əvvəl Livanda dinc əhalinin öldürülməsinə etiraz etdiyi kimi, bu gün də Azərbaycanda söz və mətbuat azadlığına qarşı hücumları pisləyir.


İslam Partiyasının da öz arqumentləri var. Bu partiyanın sədri Hacı Hacıağa Nuriyev deyir ki, onların fəaliyyətlərinə qadağalar qoyulması sabitliyin pozulmasına gətirib çıxara bilər: «İslam Partiyası din partiyası deyil, ictimai-siyasi qurumdur. Ölkə Konstitusiyasına və beynəlxalq qanunlara uyğun fəaliyyət göstərir. Yaxşı, bir nəfərin adı İslamdırsa ona şəxsiyyət vəsiqəsi verilməməlidir».


Bəzi müşahidəçilər bu anlaşılmazlığın yaranmasını hakimiyyətin balanslaşdırılmış siyasət yeridə bilməməsi ilə izah edirlər. Yəni vətəndaşların vicdan azadlığı ilə dinin dövlətdən uzaq tutulması kimi iki təməl prinsip bir-birinə qarşı qoyulmamalıdır. Tarix elmləri namizədi Altay Göyüşov bildirir ki, islam təmayüllü partiyalara qadağa qoymaq çıxış yolu deyil. Çünki həmin qüvvələr başqa adla özünü göstərməyə başlayacaq: «Demokratik inkişaf sahəsində, əhalinin iqtisadi vəziyyətində problemlər olacaqsa alternativ ideyaların meydana çıxması təbiidir». Cənab Göyüşov deyir ki, alternativ ideyalardan yox, radikal meyllərin güclənməsindən narahat olmaq lazımdır.


Parlamentin İnsan Hüquqları Daimi Komissiyası «Dini etiqad və vicdan azadlığı haqqında» qanuna bir sıra düzəlişlər layihəsi də hazırlayır. Ancaq bu düzəlişlərin nədən ibarət olması barədə hələlik məlumat verilmir.


XS
SM
MD
LG