Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 18:00

Leyla Yunus Arif Yunusa: «Bu, ikimizin 37-ci ilidir...»


Leyla Yunus
Leyla Yunus

-

«Bax belə, 36 illik həyatımızdan sonra ayrı-ayrı zonalarda, ayrı-ayrı kameralardayıq... Əzizim, yəni sən hər şeyə dözəcəyimi bilmirsən? – qorxunc fiziki ağrılara da (soyuq su ucbatından soyuqlamışam), böyük stajlı caninin basqısına da (yeri gəlmişkən, bu qadın gəncəlidir, bizim Gəncə yenə üzümüzü qara elədi), hətta prokurorluqdan gələnlərə də dözürəm. Yemək verilməməsinə də tablaşıram (bilirəm ki, sən də gətirilmə yeməksiz, dəyişəksiz, dərmansız qalmısan). Mən də gətirilmə yeməksiz və dərmansızam. Təsəvvür edirsən də bu usubovlar, ləmbəranskilər necə qəddardırlar. Boğucu kameraya salmaqları bəs deyilmiş kimi, hələ bizi aclıqla, dərmansızlıqla üzürlər.

Amma ən dözülməzi odur ki, sən yanımda deyilsən. Axı düz 36 il, demək olar, bir-birimizdən ayrı qalmamışıq!

Məktubla da olsa, səninlə danışmaq imkanını qaçıra bilməzdim, o üzdən sənə bu açıq məktubları yazmaq qərarına gəldim. Bir yolla sənə yol tapar bu məktublar.

Bilirsən ki, səninlə hamısını oxumuşuq – Soljenisını da, Varlam Şalamovu da, Qrossmanı da, Aksyonovu da. Bir yerdə tutulmuş ər-arvadın nə hiss etdiklərini səninlə tez-tez müzakirəyə çıxarmışıq. 1937-ci ildə belələrinin sayı o qədər çox idi ki.

AĞLIMIZA GƏTİRMƏZDİK Kİ, 30-CU İLLƏRİN REPRESSİYALARINA GERİ DÖNƏCƏYİK...

Arif Yunus
Arif Yunus

Səninlə mən ağlımıza da gətirməzdik ki, XXI əsrdə 30-cu illərin repressiyalarına geri dönəcəyik. Dünən Qrossmanın «Həyat və tale»sindəki sözlərini xatırladım. O, məhbusların duyğularından yazır: «dözülməz bir dərd anlamsız tiryəklə – həyatsevərliklə əvəzlənir...».

Avtoritar qurumların məhbəslərindəki həyatsevərlik – optimizm haqqında necə dəqiq deyilib. Elə o əsərdə bu da yazılıb: 1942-ci ildə yəhudilər bir-birinə dəqiq məlumat ötürürdülər: «Hitlerə sərt ultimatum veriblər ki, bütün yəhudiləri təcili azad etməlisən!».

Və insanlar da buna inanırdılar... Anlamsız tiryəkdən – optimizmdən yapışdıqları üçün inanırdılar.

Mən də, sən də realistik – gerçəkçiyik. «Siyasət kirli işdir». Hər ikimiz bunu anlayırıq. Həyat necə dönsə də, ən çəkilməz dərd odur ki, səni görə bilmirəm. Bu, ikimizin 37-ci ilidir.

Qucaqlarıyam səni».

Leyla

İyulun 30-da Leyla Yunusa «dövlətə xəyanət» maddəsi də daxil olmaqla 6 ittiham, Arif Yunusa qarşı isə iki ittiham irəli sürülüb. Yunusovlar ittihamları qəbul etmir, həbslərini hökumətin siyasətini tənqid edən fəaliyyətləri ilə əlaqələndirirlər.

XS
SM
MD
LG