Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 20:13

Bloqqerin anası: «Əbdül nə yazıb ki? Bir dənə «Yaltaqlara dur deyək» yazıb»


Həbsdə olan bloqqer Əbdül Əbilov
Həbsdə olan bloqqer Əbdül Əbilov

-

Həbsdə olan gənc bloqqer Əbdül Əbilovun öz ailə üzvləri ilə görüşməsinə icazə verilmir, – anası Nurcahan Əbilova belə deyir. Onun sözlərinə görə, görüşə bilməsələr də, sentyabrın 19-da oğlu ilə telefonla danışıblar. Nurcahan Əbilova Əbdülün həbsxanadakı durumu barədə AzadlıqRadiosunun suallarını cavablandırır:

- Nə danışdınız, necədir Əbdülün vəziyyəti?

- Normaldır. Dedi ki, görüşlə bağlı təcridxananın rəisi ilə görüşmək istəyir, ancaq icazə vermirlər. Hələlik, görüş vermirlər deyə, təcridxanaya getməyimi və yemək göndərməyi tapşırdı...

- Son dəfə nə vaxt görüşə bilmisiniz?

- Təxminən iki ay öncə. O da şüşə arxasından.

- Necə idi durumu? Ən çox nədən nigaran idi?

- Əvvəlki görüşlərdə məlumatsız idi deyə, çox sual verirdi. Son görüşdə dedi ki, artıq qəzet alır, məlumatları oxuya bilir. Ona görə də şəxsi söhbətlərimiz olub. Ən çox onu soruşurdu ki, kimlər, hansı mətbuat bizimlə maraqlanır. Kim gedir, kim gəlir...

- Yeri gəlmişkən, necə dolanırsınız, kimlər durumunuzla maraqlanır?

- Nə deyim? Birtəhər dolanırıq. Əbdülün məhkəməsinədək, sağ olsunlar, bir neçə dəfə köməklik oldu. İndi o kömək də kəsilib. Kömək eləyən 1-2 nəfəri də tutublar. Özüm də qalmışam belə. Tək işləyənimiz Əbdül idi. Onun həyat yoldaşı ilə birlikdə yaşayırıq. Ara-sıra, rayondan gəlirəm görüşməyə. İmkan vermədiklərindən geri qayıdıram. Vəkillər Ali Məhkəməyə müraciət edib. Görək nə olacaq?

- Qohumlar necə, baş çəkirlər sizə?

- Gələnlər olur. Hərənin öz ailəsi var. Hamısı çətinliklə dolanır. Elə imkanlı qohumumuz yoxdur. Əbdülün qayınatası müəllim adamdır. Öz ailələrini güclə dolandırır. Bəzi qohumlar qorxudan bizdən kənar gəzir. Ombudsmana yazmışdım ki, ailəmizin tək qazanc gətirəni oğlumdur, indi onu günahsız yerə tutublar. Buraxdıra bilmirsinizsə, yardım edin dolanaq. Mən özüm də xəstə adamam, müalicəyə ehtiyacım var. Dedilər ki, kömək edərik, ancaq etmədilər.

- Əbdülün həbsindən xeyli vaxt ötüb. İndi nə düşünürsünüz? Heç «hakimiyyəti tənqid etməsə idi, indi yanımda olardı» deyə onu ürəyinizdə qınamısınız?

- Nə bilim? Nə edə bilərəm, düşüb də ora. Onun heç bir günahı yoxdur. Nə edibsə, düz edib. Nə yazıb ki? Bir dənə «Yaltaqlara dur deyək» yazıb. Bu qəbahətdir? Bir tərəfdən də düşünürəm ki, mən, ailəsi bu vəziyyətdə, köməksiz qalmışıq. Məni, xəstə adamı ora-bura çəkirlər. Bilirdi ki, onun kimi yazanları həbs edirlər. Gərək, bizi də düşünüb, yazmayaydı. Bilirdi ki, onu həbs etsələr, bizi dolandıracaq, qahmar çıxacaq qohum-əqraba da yoxdur. Qazananı olsa idi, eybi yox, yazardı. Mən onu nə zülmlə böyütmüşəm. Mənə deyir ki, əfv ərizəsi yazmağımı ağlına gətirmə, yazanları da aldadıb sındırırlar. Həmişə deyir ki, səbirli ol, dözümlü ol.

XS
SM
MD
LG