Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 05:35

Leyla Yunus «İnanma! Qorxma! Yalvarma!» dedi


Hüquq müdafiəçisi Leyla Yunus
Hüquq müdafiəçisi Leyla Yunus

-

Oktyabrın 27-də Parisdə Fransa və Azərbaycan prezidentlərinin təkbətək görüşündə François Hollande Azərbaycanda insan hüquqları məsələsini qaldırıb.

«France presse» agentliyinin yaydığı məlumata görə, İlham Əliyevlə söhbət zamanı F.Hollande həbsdə olan hüquq müdafiəçisi Leyla Yunusun məsələsinə toxunub. Azərbaycan prezidenti Leyla Yunusun taleyi ilə maraqlanacağını deyib.

Prezident hüquq müdafiəçisi ilə maraqlandımı?

Prezident Administrasiyası mətbuat xidmətinin rəhbəri Azər Qasımov AzadlıqRadiosunun bu sualını belə cavablandırıb:

«Fransa və Azərbaycan prezidentlərinin görüşü barədə rəsmi qaydada məlumat yayılıb. Əlavə şərhə ehtiyac görmürük».

«İNANMA! QORXMA! YALVARMA!»

Hüquq müdafiəçisi Leyla Yunus məhbəsdən məktub göndərərək beynəlxalq birliyin onun azadlığa buraxılma tələbinə Prokurorluğun münasibətinə diqqət çəkir:

«Bu gün – oktyabrın 29-da vəkilim Cavad Cavadovu müdafiəmlə bağlı işlərini davam etdirmək hüququndan məhrum qoyublar! Məni bədxahlıqla fantastik cinayətlərdə suçlayırlar – «Aeroportlar haqqında Ermənistana məlumat vermişəm və s. və i.a.». Birə-bir 37-ci ilə bənzəyir! Məhz Cavad Cavadov məhkəmədə prokuror Sənan Paşayevin həqiqətə uyğun olmayan çıxışları və mənasız-məzəli bəyanatları barədə kəskin açıqlama səsləndirib. Və Prokurorluq vəkilimi işdən kənarlaşdırıb. Maraqlıdır ki, bu hadisə prezidentlərin – Əliyevlə Olandın görüşündən dərhal sonra baş verib. Həmin görüşdə Fransa prezidenti mənim azadlığa buraxılmağım barədə məsələ qaldırmışdı.

Vəkilimi müdafiə hüququndan məhrum qoymaqla yenə məni sındırmaq, məhv etmək niyyətlərini nümayiş etdirirlər. Ancaq bu sözləri unutmamışam:

İnanma! Qorxma! Yalvarma!

Leyla Yunusova»

«O, İNTİQAM ƏLİYEVDİR»

Leyla Yunus oktyabrın 29-da Hüquq Maarifçiliyi Cəmiyyətinin prezidenti, hüquq müdafiəçisi İntiqam Əliyevə məktub ünvanlayıb. O, həmin məktubda İntiqam Əliyevin təcridxanadan ona göndərdiyi məktubuna diqqət çəkir:

«Azadlıqda olarkən məhkəmələrə gedəndə dostların gözünə baxmaq həmişə çətin idi. Günahsız və ölkənin ən yaxşı insanlarını barmaqlıqlar arxasında görmək və öz acizliyini hiss etmək çox ağırdır».

Yalnız oktyabrın 24-də görüşə bildiklərini yazan Leyla Yunus o görüşü təsvir edir: «Belibükük qarıya çevrildiyimdən İntiqam məni tanımadı: «Leyla, bu sənsən?» – deyə səsləndi. Sonra onun ayaqüstə dayanmağa və danışmağa çətinlik çəkdiyini, amma bu halında da məni ruhlandırmağa çalışdığını gördüm.

Bu gün bildim ki, İntiqamı xəstəxanaya aparıblar. Mən də, İntiqam da, Arif də dəqiq bilirik ki, çox güman, yaxın zamanlarda və doğmalarımızdan uzaqda məhbəsin ağrı-əzabları içində öləcəyik… Onu da bilirik ki, heç kim yaxın gələcəkdə məhbəsdəki can çəkişməmizin və ölümümüzün məsuliyyətini daşımayacaq. Bu, avtoritar rejimlərin qaydasıdır: Mikayıl Müşfiqdən Novruzəli Məmmədova, Mandelştamdan Maqnistskiyədək misallar var».

«TANIDIĞIM ƏN İŞIQLI İNSANLARDAN BİRİ...»

Leyla Yunus daha sonra yenə İntiqam Əliyevin məktubunu xatırladır:

«Həbsinin ilk günlərində İntiqam yazmışdı: «Sənin məhbəsə düşməyindən çox utanırdım, amma indi səninlə yanaşı və rahatam». Bəli, bu, İntiqamdır – tanıdığım ən işıqlı insanlardan biri».

Ta son günlərəcən bir çox illər boyunca mənə deyiblər: «Leyla, sən bu dünyanı dəyişə bilməzsən! Məhv etmə həyatını, sus, yalvar...». Amma İntiqam məni anlayır. Nə xoşbəxtəm ki, İntiqam var!

O, Avropa Məhkəməsində Azərbaycanın yüzlərcə vətəndaşının xeyrinə olan onlarca işi udub. O, minnətdarlıq gözləməyib və gözləmir. Başqa cür davrana bilməz deyə belə davranır. İntiqam kimilər tək-təkdir. Ancaq Vətənimizin gələcəyinə ümid qalırsa, məhz belələrinə minnətdar olmalıyıq!..

Leyla,

29.10.2014»

XS
SM
MD
LG