Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 11:30

«Zarafat etməyin, Ramiz müəllim!..»


Əli Kərimli
Əli Kərimli

-

Gözlə

No media source currently available

0:00 0:05:43 0:00
Direct-ə keçid

«Ramiz Mehdiyevin bu məqaləsi növbəti dəfə xalqa yuxarıdan aşağı baxışdır. Digər tərəfdən də ölkənin xarici siyasətinə zərbədir».

AXCP sədri Əli Kərimli Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin «rəngli inqilab»lar, müxalifət və vətəndaş cəmiyyəti, QHT-lərdən bəhs edən son məqaləsini şərh edərkən belə deyib.

Əli Kərimlinin fikrincə, avtoritar rejimlər məhz xalqın öz içindən gələn azadlıq tələbini ağla gətirmədiklərindən, bunu hər zaman ABŞ və bütövlükdə Qərbin məqsədyönlü planlarına bağlayırlar. Belə ittihamları əsassız sayan müxalif partiyanın lideri Ramiz Mehdiyevin xarici siyasətdə yanlış addım atdığını düşünür:

«ƏSASSIZ ANTİQƏRB MÖVQEYİ...»

«Ramiz Mehdiyev hakimiyyətdə baş ideoloq hesab olunur. Bu məqalə onu deməyə əsas verir ki, yəqin indən belə Azərbaycan hökumətinin siyasətini balanslaşmış kimi təqdim etmək mümkün olmayacaq. Balanslaşma haqqında düşünən rejimin ideoloqu bu dərəcədə ciddi və sərt, bir çox halda əsassız antiqərb mövqeyi ortaya qoya bilməz. Bu, Azərbaycan xarici siyasətinin çox böyük və Azərbaycan dövlətinin özünə qarşı çevrilmiş səhvidir».

Rəhbəri olduğu partiyaya qarşı yönələn fikirlərə gəlincə, Əli Kərimli deyir ki, sözügedən məqalə ona mənzərəni daha aydın görməyə imkan yaradıb:

«Bu məqalə göstərdi ki, hökumət və hökumətə yaxın mediada Azərbaycan müxalifətinə, vətəndaş cəmiyyətinə qarşı aqressiv, aşağılayıcı münasibət Prezident Administrasiyasından qaynaqlanırmış və ilk növbədə hədəf Xalq Cəbhəsi seçilib. Bu məqalə sanki bizə qarşı bundan sonra da böhtan, təhqir kampaniyasının davam etməsini sanksiyalaşdırmış oldu».

Ərəstun Oruclu
Ərəstun Oruclu

«İTTİHAMLAR YER ALSA DA, CƏNAB MEHDİYEV...»

«Şərq-Qərb» Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu məqaləni nisbətən fərqli dəyərləndirir:

«Ramiz Mehdiyev bu məqalə ilə demək istəyib ki, siyasi duruma nəzarət onun əlindədir. Başqa sözlə, Azərbaycanla danışmaq istəyən Ramiz Mehdiyev faktorunu nəzərə almalıdır».

Ekspertə görə, məqalədə ittihamlar Qərbi hədəf götürsə də, hakimiyyət maraqları onun məhz Qərblə yaxınlaşmasını tələb edir:

«Bu yazını strateji şey kimi dəyərləndirmək yanlış olardı. Sadəcə, Ramiz Mehdiyev göstərmək istəyir ki, mən varam və kim Azərbaycanla danışmaq istəyirsə, Ramiz Mehdiyev faktorunu nəzərə almalıdır. Mənə elə gəlir ki, yazının arxasında duran konkret mesaj budur. Kim danışmaq istəyir? Bu artıq başqa mövzudur. Rusiyanımı nəzərdə tutur, Türkiyənimi, Qərbimi? Məncə, hazırda rəsmi Bakının hakimiyyət maraqları tələb edir ki, Azərbaycan bu gün Qərblə yaxınlaşsın, çünki Rusiya-Türkiyə münasibətlərindəki son addımlar Azərbaycanı bir qədər təklənmiş vəziyyətdə qoyur. Gələn il Şimalı Qafqazda 20-dən çox hərbi təlim keçirmək qərarı Rusiyanın Azərbaycana açıq-aydın təhdididir. Bu fonda cənab Mehdiyev hər tərəfə mesaj vermək istəyir ki, məhz o nəzərə alınmalıdır və onunla danışıq aparılmalıdır».

Ələsgər Məmmədli
Ələsgər Məmmədli

«HÖKUMƏT STRUKTURLARI İLƏ RAZILAŞDIRILMAYAN ELƏ BİR QRANT TAPMIRAM»

Hüquqşünas, fəaliyyəti dayandırılmış IREX təşkilatının keçmişproqram direktoru Ələsgər Məmmədli beynəlxalq təşkilatlardan alınan qrantların qeyri-leqal xərclənməsinə dair ittihamları anlaşılmaz sayır:

«Qrantlar qeydiyyata alındığı zaman məqsəd göstərilir. Bundan başqa, Azərbaycanda beynəlxalq təşkilatların bütün fəaliyyətini koordinasiya edən dövlət qurumu var – Nazirlər Kabineti yanında humanitar yardımların koordinasiyasına baxan və cənab Əli Həsənovun da rəhbəri olduğu respublika humanitar komissiyası. Həmin komissiya bütün qurumlarla sistemli çalışır və qrantların hansı istiqamətə yönəldiyini bilir. Bütün bunlar varkən və bu sistem işlərkən, sözügedən vəsaitlərin hansısa illeqal məqsədlərə yönəlməsini iddia etmək anlaşılmazdır. Bu fəaliyyətlər nəticəsində alınan qrantlar məqsədinə çatmamışdısa, nəyə görə müvafiq dövlət qurumları bu məsələni həmin beynəlxalq təşkilatlar qarşısında qaldırmayıb, onlardan şəffaf hesabat istəməyiblər? Bax, bunlar ciddi sual doğurur. Hökumət strukturları ilə koordinasiya edilməyən elə bir qrant tapmıram».

Ələsgər Məmmədli deyir ki, qanun çərçivəsində fəaliyyət göstərən qurumlara indi «şübhəli qurum» damğası vurmaq Azərbaycanın beynəlxalq qurumlarla əməkdaşlığına da ciddi problem yarada bilər: «Bu isə yolverilməzdir».

Zəfər Quliyev
Zəfər Quliyev

«BAKI BALANSLI SİYASƏTDƏN... ƏL ÇƏKMƏYƏ QƏRAR VERİBSƏ...»

Prezident Administrasiyası rəhbərinin son məqaləsi sosial şəbəkələrdə də müzakirə doğurub. Politoloq Zəfər Quliyev «facebook» səhifəsində Ramiz Mehdiyevin yazdıqlarıyla Kremlin bugünkü siyasi kursunun üst-üstə düşməsinə diqqət çəkir:

«Rəsmi Bakı balanslı xarici siyasətdən Rusiyanın xeyrinə əl çəkməyə qərar veribsə, bu, çox düşünülməmiş, tələsik və təhlükəli addımdır».

«RAMİZ MÜƏLLİM HƏLƏ DƏ YUXUDAN AYILMAYIB...»

İndi Almaniyada yaşayan jurnalist Mirzə Xəzər də məqaləyə münasibətini «facebook»da açıqlayıb:

«Belə təəssürat yaranır ki, dünya dəyişib, kommunist partiyası tarixə qarışıb, ancaq Ramiz müəllim hələ də yuxudan ayılmayıb, yaxud heç ayılmaq da istəmir. 1969-1983-cü illərin xiffəti ilə yaşayır, o dövrü bu gün də yaşatmağa çalışır. Ramiz müəllim üçün Azərbaycan kommunist partiyası hakimiyyətdədir, onun özü mərkəzi komitənin katibidir, İlham Əliyev də mərkəzi komitənin birinci katibidir. Maraqlıdır, Heydər Əliyev birinci katib olanda, Moskvaya tabe idi. Bəs İlham Əliyev kimə tabedir? Yəni, deyirsiniz ki, müstəqildir? Zarafat etməyin, Ramiz müəllim!».

XS
SM
MD
LG