Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 05:54

Banklara əmanət qoyulan üç milyarda təhlükə var


Arxiv foto
Arxiv foto

-

“Mən öz praktikamda Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə kiminsə istintaq dövründə həbs edilməsinin şahidi olmamışam”.

Vəkil Yalçın İmanov Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə ittiham olunan jurnalist Xədicə İsmayılova barəsində həbs qətimkan tədbirinin seçilməsini “Media forum” saytına şərh edərkən belə deyib.

Cinayət Məcəlləsinin 125-ci maddəsi özünü öldürmə həddinə çatdırma haqqındadır. Bu maddəyə görə, təqsirkardan maddi, xidməti və ya sair cəhətdən asılı olmuş zərərçəkmiş şəxsi onunla amansız rəftar etmə, onun ləyaqətini mütəmadi olaraq alçaltma, ona hədə-qorxu gəlmə yolu ilə özünü öldürmə və ya özünü öldürməyə cəhd həddinə çatdırma - üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Yalçın İmanov “Media forum”a bildirib ki, ümumiyyətlə 125-ci maddə ilə kiminsə istintaq dövründə həbs edilməsi hüquqi baxımdan absurddur:

“Bir şəxsi istintaq dövründə o zaman həbs edirlər ki, həmin şəxs şahidlərə təsir göstərir, istintaqdan yayınır və məhkəmənin gələcəkdə gedişinə maneə törədir. Hazırda mənim icraatımda Cinayət Məcəlləsinin 125-ci maddəsinə aid iş var və mən zərərçəkmiş şəxsin nümayəndəsiyəm. Mənim işimdə olan detallar, dəlillər Xədicə İsmayılovanın işindəkindən daha realdır. Lakin kifayət qədər hüquqi arqument olmasına baxmayaraq təqsirkar şəxslərə qarşı həbs qətimkan tədbiri seçilməyib. Xədicə İsmayılovanın 125-ci maddə ilə həbsi formallıqdan başqa bir şey deyil”.

BANKLARA ƏMANƏT QOYULAN ÜÇ MİLYARDA TƏHLÜKƏ VAR

“Bizim Yol” qəzeti yazır ki, kommersiya banklarına yatırılan əmanətlərin 50 faizə yaxını sığortalanmayıb. Əmanətlərin Sığortalanması Fondunun cari ilin doqquz ayının yekunlarına əsasən yaydığı məlumata görə, fiziki şəxslərin cəmi əmanətləri 6,6 milyard manat təşkil edir. Onun 3,14 milyard manatı qorunmayan əmanətlər, 3,42 milyardı isə qorunan əmanətlərdir. Ümumilikdə, sığortalanan əmanətlər isə 1,8 milyard manat həcmindədir. Beləliklə, sığortalanmayan əmanətlərin payı son bir ildə 34 faizdən 47,6 faizə yüksəlib. Qorunan əmanətlərin 63 faizi manatın, 33 faizi ABŞ dollarının və 4 faizi Avronun payına düşür.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənov "Bizim Yol"a açıqlamasında portfeldə sığortalanmayan əmanətlərin həcminin yüksəlməsini gözlənilən hesab edir:

"Sığortalanmayan əmanətlərin həcminin artması gözlənilən idi. O zaman sığortalanan əmanətlərin faiz dərəcəsi aşağı salınarkən izah edilirdi ki, bu, kreditlərin faiz dərəcələrinin aşağı salınmasına xidmət edəcək. Amma bank sektorunda kreditlərin ucuzlaşmasının şahidi ola bilmədik. Əks proseslər baş verdi. Əmanətlərin sığortalanan hissəsinin həcmi azalmağa başladı. Vətəndaşlar əllərində olan pulları daha yüksək faizlə təklif edən banklara qoymağa üstünlük verirlər. Nəzərə almaq lazımdır ki, ölkədə real sektorda mənfəətlik daha yüksək qiymətləndirilir. Biznes sektorunda mənfəətlilik təqribən 50-60 faiz, hətta 80 faizə qədər olur. Belə olan halda, vətəndaşlar üçün əllərindəki pulu 9 faizlə banka yerləşdirməsi əlverişli görünmür. İnflyasiyanı da nəzərə alsaq, o zaman insanların əldə edə biləcəyi gəlir illik 4-5 faizdən də aşağı düşür. Ona görə də banklara depozit yatırmağa maraq azalıb".

“İQTİDAR AÇIQ-AŞKAR CİNAYƏTKARLIQLA MƏŞĞUL OLUR”

“Azadlıq” araşdırmaçı jurnalist Xədicə İsmayılın qondarma ittihamla həbsiylə bağlı Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü, hüquqşünas Namizəd Səfərovdan müsahibə alıb.

- Ramiz Mehdiyev son məqaləsində ölkədə baş verənlərə görə məsuliyyəti az qala Milli Şura və AXCP-nin üstünə yıxmağa çalışdı. Müxalifətə qarşı ənənəvi ittihamlar səsləndirildi. Bu cür yanaşmanı necə dəyərləndirmək olar?

- Azərbaycan hakimiyyəti törətdiyi əməlləri bir tərəfə qoyub, ancaq ölkədəki real vəziyyəti vətəndaşlara çatdıranları hədəfə alır. Hakimiyyət bu şəxslərə qarşı şər, böhtan yağdırmaqla məşğuldur. Azərbaycanda doğrudan da son illərdə hakimiyyətin atdığı addımlar, verdiyi bəyanatlar yalan və böhtan üzərində qurulub. Iqtidar açıq-aşkar cinayətkarlıqla məşğul olur. Hakimiyyət əhalinin gözü önündə oğurluqla, insanların hüquq və azadlıqlarını tapdalamaqla məşğuldur. Dövlətçilik üçün çalışan az-çox qüvvələri “ermənipərəst” adlandırırlar. Əksinə, hakimiyyətin bütün fəaliyyəti Azərbaycan xalqına qarşı yönəlib. Azərbaycanda insan hüquqları ən kobud formada pozulur. Sanki hakimiyyətdəkilər ermənilərdir və onlar türklərə divan tuturlar. Milli Şura toplantı keçirməyə məkan tapa bilmir, ancaq hakimiyyət Azərbaycanın sərvətlərini mənimsəyir, yüzlərlə qanunsuz binalar tikir. Hakimiyyət o qədər aqressivləşib ki, yalan dediyini bildiyi halda, buna görə utanmır.

BP-NİN İXTİSARLARI AZƏRBAYCANA TƏSİR EDƏCƏKMİ?

British Petroleum şirkəti əməliyyat sahəsində çalışmayan əməkdaşlarının ixtisarını planlaşdırdığını bildirib. BP həmçinin neftin qiymətinin düşməsi ilə əlaqədar bəzi layihələrini dondurcağını, yaxud kəsəcəyini bildirib. “Exo” qəzeti bu ixtisarların Azərbaycandakı əməkdaşlara təsiri araşdırıb.

Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı deyib ki, hələlik BP-Azərbaycan heç bir əməkdaşını işdən çıxarmayıb. Azərbaycanda hansısa layihəni də dayandırmayıb. “Şahdəniz-2” layihəsi çərçivəsində yeni əməkdaşların işə qəbulu barədə elan da verilib.

İQTİDARLA ABŞ ARASINDA GƏRGİNLİYIN ÜÇ SENSASİON SƏBƏBİ

“Yeni Müsavat” yazır ki, 2014-cü il Azərbaycan hakimiyyəti ilə rəsmi Vaşinqton arasında münasibətlərin ən gərgin ili kimi yadda qalacaq. Münasibətlərdəki ənənəvi diplomatik gərginlik bu ilin mayında ABŞ-ın Azərbaycandakı artıq keçmiş səfiri Richard Morningstar-ın AzadlıqRadiosuna verdiyi müsahibədən sonra daha da kəskinləşdi. Səfirin müsahibədə Ukrayna hadisələrinin Azərbaycanda təkrarlanması ehtimalını söyləməsi, eləcə də prezidenti komandadan ayıraraq “Azərbaycan hökuməti monolit deyil” ifadəsini işlətməsi Bakı ilə Vaşinqton arasındakı “kövrək körpünü qırdı”. Səfirin açıqlamasına cavab olaraq iqtidar təmsilçiləri ABŞ-ı dövlət çevrilişi hazırlamaqda və Ukraynada iğtişaş törətməkdə ittiham etdi. Morninqstar iki illik səfirlik sürəcini tam başa çatdırmamış, bəzi iddialara görə, məhz hakimiyyətin tələbi ilə Bakını tez-tələsik tərk etməli oldu.

“Bu gərginlik aylardır Azərbaycan hakimiyyətinin “Amerikanın adamları” hesab etdikləri QHT təmsilçilərinin məhkəmə hökmü ilə uzun müddətli cəza alması fonunda davam edir. ABŞ Konqresinin maliyyələşdirdiyi AzadlıqRadiosunun əməkdaşı Xədicə İsmayılın ötən həftə sonu həbsi də bu gərginliyin davamı kimi qiymətləndirilməlidir”.

“Ümumiyyətlə, yola saldığımız 2014-cü il Azərbaycan iqtidarının Avropa Birliyi, Avropa Parlamenti, eləcə də digər Qərb institutları ilə “soyuq müharibə” dövrü kimi tarixə düşdü. Hətta belə təəssürat yaranır ki, Qərblə daha şiddətli konfrontasiyada olan, iqtisadiyyatı ciddi ziyan görən Rusiya ilə Azərbaycan bu il “bir yumruq” kimi birləşərək birgə mübarizə aparır. R.Mehdiyevin geniş məqaləsindən gəlinən nəticə də budur ki, yeni səfir Sekutanın təyinatına baxmayaraq, yaxın aylarda da rəsmi Bakı ilə ABŞ arasında münasibətlərin normallaşacağına ümid azdır. Anlaşılan budur ki, Amerikaya təklif edilir ki, Azərbaycan hakimiyyətinin cızdığı sərhədlər çərçivəsində əməkdaşlığa razılaşmalıdır”.

XS
SM
MD
LG