Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 11:36

Xədicənin anası: «Dedim, bəlkə buraxdılar, dedi, ümidlənmə»


Elmira İsmayılova
Elmira İsmayılova

-

«Xədicə ilə bu gün telefonla danışdım. Dedi ki, gəlmə, onsuz da açıq məhkəmə deyil. Dedim, «bəlkə səni buraxacaqlar», dedi, «ümidlənmə»».

Araşdırmaçı-jurnalist, AzadlıqRadiosunun əməkdaşı Xədicə İsmayılın anası Elmira xanımla Nəsimi rayon Məhkəməsinin həyətində söhbətləşdik.

Mayın 14-də Nəsimi rayon Məhkəməsi Baş Prokurorluğun Xədicə İsmayılın həbs müddətinin uzadılması ilə bağlı təqdimatına baxırdı.

Elmira xanım prosesin qapalı keçiriləcəyini, Xədicəni görmək imkanının olmayacağını əvvəlcədən bilirdi. Bununla belə içində zərrə qədər də olsa, ümid hissi ilə gəlmişdi. Bəlkə həbs müddəti uzadılmaz, Xədicəni azad edərlər deyə.

«HEÇ BİR CİDDİ ARQUMENT OLMADI»

Məhkəmə əvvəlcə müdafiə vəkili Fariz Namazlının prokurora etirazına baxdı. Amma vəkilin prokurora etirazı, onun dəyişdirilməsi istəyi nəzərə alınmadı.

Daha sonra hakim Xədicə İsmayılın həbs müddətinin daha 3 ay uzadılması barədə hökm çıxardı.

Vəkil Fariz Namazlı qərarın heç bir hüquqi əsasa söykənmədiyini deyir:

«Baş Prokurorluq əsas gətirdi ki, hələ istintaq yekunlaşmayıb, bəzi araşdırılası məsələlər var, müəyyən şəxslər var ki, Xədicə onlara qanunsuz təsir göstərə bilər, sübutları saxtalaşdıra bilər. Ümumi şablon əsaslandırmalar dedi, ciddi arqument gətirmədi. Biz, təbii, buna etiraz etdik. Bildirdik ki, yeni heç bir əsaslandırma yoxdur».

Müdafiə tərəfi həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi barədə də vəsatət qaldırıb. Məhkəmə bu vəsatətə mayın 15-də baxacaq.

Fariz Namazlı deyir ki, məhkəmənin bugünkü qərarından apellyasiya şikayəti verəcəklər.

«QARANLIQ OTAQDA QARA PİŞİYİ TAPMAYACAQSIZ»

Vəkilin dediyinə görə, prosesdə Xədicə İsmayıl özü də ittihamlarla bağlı fikirlərini səsləndirib:

Xədicə İsmayıl
Xədicə İsmayıl

«Xədicə özü də dedi ki, «məni bu ittihamlara görə tutmayıblar. Bəlli bir məsələdir ki, məni araşdırmalar yazmayım deyə, burada saxlayırlar. Amma mən yazmasam da, başqaları yazacaq». Dedi ki, «sizin bu əməllər qaranlıq otaqda qara pişik axtarmağa oxşayır, amma siz o pişiyi tapmayacaqsınız, çünki otaqda yoxdur»».

Elmira İsmayılova da düşünür ki, hakimiyyət qızını daha 3 ay həbsdə saxlamaqla, əslində, düz sözə həbs qoymuş olur:

«Onu daha uzun müddətə gizlətmək istəyirlər, çünki sözün düzünü deyən odur, cəsarətlidir. Telefonda əhval ruhiyyəsi yaxşı idi. Deyir, «mən möhkəməm, siz də möhkəm olun, heç nəyin fikrini etməyin, hər halda ədalət yerini tutacaq».

Xədicə İsmayıl ötən ilin dekabrında Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) ittihamı ilə həbs edilib. Sonradan ona Cinayət Məcəlləsinin179.3.2 (mənimsəmə və israf etmə- külli miqdarda törədildikdə),192.2.2 (qanunsuz sahibkarlıq), 213.1(vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui istifadə) maddələri ilə yeni ittihamlar irəli sürülüb.

X.İsmayıl ittihamları rədd edir. O, həbsini prezident İlham Əliyevin ailə biznesini araşdırması ilə əlaqələndirir.

XS
SM
MD
LG