Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 03:26

Leyla Yunus: “Hakim bizə işgəncə verir”


Əfqan Hacıyev
Əfqan Hacıyev

.

Hüquq müdafiəçisi Leyla Yunus hakim Əfqan Hacıyevi onu və həyat yoldaşı Arif Yunusu işgəncələrə məruz qoymaqda ittiham edib.

O, hakimin dəyişdirilməsini tələb edib. Bu barədə hüquq müdafiəçisi telefon zəngi hüququndan istifadə edərək, "Turan" agentliyinə bildirib.

“Avqustun 3-də məhkəmə iclasında Arif hipertoniya böhranı keçirib, təzyiqi 260:140-a çıxıb və o, huşunu itirib. Buna baxmayaraq, hakim iclası yekunlaşdırmayıb, həkimləri Arifi özünə gətirməyə çağırıb. Bir neçə saat Arif taxta skamyada uzanıb, həkim isə ona iynələr vurub. Arifin başı mənim dizlərimdə idi, amma nəzarətçilər məni şüşə qəfəsdən sürüyüb çıxardılar, mənə də, Arifə də fiziki əziyyət verdilər”, - deyə Leyla Yunus bildirib.

O deyir ki, prosesin təxirə salınması və ərinin müalicəsinə imkan verilməsi haqqında bütün tələblərə və vəsatətlərə hakim məhəl qoymayıb. Avqustun 4-də vəziyyət təkrarlanıb:

"Arifi məhkəməyə gətirməzdən əvvəl MTN təcridxanasında həkim ona iynə vurub, amma bu, cəmi yarım saat üçün kifayət edib. Arif infarktöncəsi vəziyyətdədir, təzyiqi daim yüksəlir və o, huşunu itirir.

Bu gün, avqustun 5-də vəziyyət təkrarlanıb, saat 10-dan 13-ə qədər həkim Arifə 6 iynə vurub – hər yarım saatdan bir, amma hakim iclası dayandırmayıb, onu heç olmasa üç günlüyünə təxirə salmayıb. Bu, əsl işgəncədir, Əfqan Hacıyev isə inkvizitordur, o, Arifin həyatını təhlükəyə atır, buna son qoyulmalıdır, mən prosesin bir müddət təxirə salınmasını tələb edirəm!”, deyən Leyla Yunus əlavə edib ki, öz vəkillərindən Əfqan Hacıyevin kənarlaşdırılması haqqında müraciətini Məhkəmə-Hüquq Şurasına verməyi xahiş edib.

Müstəqil jurnalistlərin məhkəməyə buraxılmadığını və zalın prosesə aidiyyatı olmayan şəxslərlə doldurulduğunu xatırladan hüquq müdafiəçisi bildirib ki, ittiham tərəfin şahidlərindən heç biri ona və Arif Yunusa qarşı fırıldaqçılıq ittihamlarını təsdiq etməyib:

Leyla və Arif Yunuslar
Leyla və Arif Yunuslar

“İstisnasız olaraq bütün şahidlər bizə qarşı heç bir irad irəli sürməyiblər, əksinə, onlar ittihamları təkzib ediblər”, deyə Yunus bildirib.

İstisnasız olaraq bütün şahidlər bizə qarşı heç bir irad irəli sürməyiblər, əksinə, onlar ittihamları təkzib ediblər.

O, həmçinin qeyd edib ki, məhkəməyə Sülh və Demokratiya İnstitutunun layihələri üzrə beynəlxalq donorların rəyləri daxil olub. Bu rəylərdə donorlar birmənalı olaraq bildirirlər ki, öz layihələrinin icrasından məmnundurlar və Leyla Yunus tərəfindən heç bir pozuntu qeydə almayıblar və ona qarşı iradları yoxdur.

Eyni zamanda, o bildirib ki, dövlətə xəyanət ittihamı ləğv edilsə də, məhkəməyə bu barədə danışan insanlar çağırılır.

“Jurnalist Əkbər Həsənov bildirib ki, Ermənistanda olub və Arifin David Şahnazaryanla pıçıldaşdığını görüb və bu, onda şübhə doğurub. Onda mən ondan soruşdum: bəs niyə neçə ildir susurdun və bu barədə MTN-ə məlumat vermirdin, indi isə danışırsan?”, - deyə Yunus bildirib.

Digər şahid – naməlum şəkildə şahidlər arasına düşən Təhmasib Novruzov bildirib ki, Leyla və Arif Yunusun xəyanəti haqqında mətbuatdan öyrənib və o, “buna inanır”.

“İstintaqın bütün dəlilləri bundan ibarətdir”, - deyə Leyla Yunus qeyd edib.

Leyla Yunusun ittiham etdiyi hakimin də fikirlərini çap etməyə hazırıq.

XS
SM
MD
LG