Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 16:12

Geyimindən gileyləndi, işsiz qaldı


Emil Nəzərov
Emil Nəzərov

-

Şirvan sakini Emil Nəzərov AzadlıqRadiosunun «Qaynar xətt»inə şikayət edib. Deməsinə görə, ötən ilin aprelindən Hacıqabuldakı «Gilan Seramık» MMC-də soba bölməsində operator işləyirmiş. Bu ilin martında zavod işçilərinə yeni uniformalar paylanıb. Qarşıdan gələn isti mövsümləri və soba bölməsində işləməkləri fəhlələri yeni geyimlərdən narazı salıb:

«Bu geyimlərdə gəzmək cəhənnəm əzabı idi. Üzü yaya fəhlələrə qış geyimi paylamışdılar. Mən zavodun bir neçə şöbə rəisinə müraciət etdim. Bildirdim ki, bu geyimlərdə işləmək olmur, geyimlərimiz çox qalındır. Geyimlərimizin yenilənəcəyi barədə heç kəs heç nə demirdi. Məcbur olub zavodun direktorunun adına ərizə yazdıq».

ZAVOD RƏHBƏRİNƏ ƏRİZƏ YAZDI…

Deyir, elə başağrıları da bundan sonra başlayıb. Geyimlə bağlı narazılığı araşdırmaq qalıb bir kənara, fəhlələri nəyə görə zavod rəhbərinə ərizə yazmaqda günahlandırıblar:

«Emin Mirzəyevə ərizə yazdıq. 25 işçi də imzaladı, göndərdik ona. Daha doğrusu, mən özüm aparıb kadrlar şöbəsinin rəisinə təqdim etdim. Axşam növbəsi idi. Direktorumuz, səhv etmirəmsə, Bakıya gedirdi, yoldaydı. Kadrlar şöbəsinin rəhbəri dedi ki, «nahaq belə etmisiniz, gərək yazmayaydınız. İndi başqa bölmələrin işçiləri sizin yazdığınızı görüb onlar da yazacaqlar». Dedim, «biz zavoddaxili rəsmi müraciət etmişik, problem nədədir ki?». Zavoda öz işimin başına qayıtdım. Az keçmədi ki, direktor ətrafındakı adamlarla birlikdə əsəbi şəkildə zavoda gəldi. Çatan kimi üstümə acıqlandı ki, «axı sən kimsən, mənə ərizə yazasan?..».

YAZDIĞINA GÖRƏ ƏVVƏL DANLANDI

Keçmiş fəhlə deyir, zavod direktoru ona irad tutub ki, gərək əvvəl şöbə müdirlərinə yazaydılar. Problem həllini tapmasaydı, son anda ona yaza bilərdilər. Fəhlələr də direktora bildiriblər ki, əslində elə belə də ediblər. Sadəcə, müraciətlərini dinləyən olmayıb:

«Aprelin 28-də məni ofisə çağırdılar. Kadrlar şöbəsində dedilər ki, «direktor səni işdən azad edib. Əmrin də verilib». Səbəbini soruşdum, dedilər, «iş yerində maarifləndirmə, ajiotaj yaradırsan, adamları kütləvi işdən ayırırsan, narazılıq yaradırsan, bu yolla da tətilə çağırırsan». Dedim, «tətilə çağıran olsaydım, direktorun adına ərizə yazmazdım. Hansı hərəkətimdə çağırış var?». Məndən ərizə yazmağımı tələb etdilər, yazmadım. Özləri işdən çıxartdılar».

ŞƏRT KEÇMƏDİ, İŞSİZ QALDI

İşdən çıxarılmış fəhlə yaşadığı ərazi üzrə regional əmək müfəttişliyinə müraciət edib. Müfəttişlər də məsələni yoluna qoya bilməyiblər. Zavod fəhləyə üç aylıq kompensasiya ödəyib:

«İşdən çıxaranda mətbuat orqanlarından birinə müraciət etmişdim. Zavoddan çağırıb tələb edirdilər ki, «get yazıya görə təkzib ver, səni işə qaytaraq». Mən də razılaşmadım. «Gilan»ın baş ofisinə dəfələrlə gedib müraciət etdim, işimə qaytarmadılar. Əksinə, keçmiş fəhlə yoldaşlarıma təzyiq göstərdilər ki, zavod direktorunun adına ərizə yazsınlar. Göstərsinlər ki, guya geyimin dəyişdirilməsi ilə bağlı müraciətə onları aldadıb qol çəkdirmişəm».

31 yaşlı Emil Nəzərov iqtisad üzrə ali təhsillidir. İki övladı var. Deyir, ailə yükü, aylıq ödəmələr, bir tərəfdən də işsizlik…

«Diplomu kənara atıb səhərdən axşamadək soba qarşısında dayanırdım ki, ailəmi dolandırım. Ağlıma da gəlməzdi ki, fəhləni geyimə irad bildirməsinə görə zavoddan çölə atarlar».

«FƏHLƏ İPƏ-SAPA YATMIR»

Zavodun İnsan resursları şöbəsinin müdiri Azər Ağazadənin sözlərinə görə, həmin fəhlə əmək funksiyalarını yerinə yetirmədiyinə, əmək münasibətləri qaydalarını pozduğuna görə işdən çıxarılıb: «Bununla belə, zavod rəhbərliyindən şikayətlənə-şikayətlənə dəfələrlə direktorun qəbulunda olub, ona yardım olunmasını xahiş edib. Zavod rəhbərliyi də ona yardım göstərib. Hətta ona əvvəlki işində aldığı maaş qədərində başqa iş təklif olunub, imtina edib. Bizə də qaranlıqdır ki, bütün bunların qarşısında adam niyə narazılıq edir».

Zavod direktorunun köməkçisi Fuad Hacıyev də deyir, zavodda başqa işçilərə qarşı olduğu kimi, Emil Nəzərova da rəhbərlik tərəfindən daim diqqət göstərilib. Lakin fəhlə özü ipə-sapa yatmır:

«Bu zavod regionda yerləşir. Bilirsiniz ki, regionda iş tapmaq nə qədər çətindir. Zavodda xeyli adam işlə təmin olunub. Zavod rəhbərliyi işçilərə qayğıyla yanaşır. Gileylənmək, hər şeydə nəsə axtarmaq isə həmin işçinin xasiyyətindədir. O adama nə etsən də, hər şeydən narazı qalırdı. Bu məsələdə də həmçinin... Geyim də bir bəhanə idi. Onu da deyim ki, həmin fəhlə bu yaxınlarda zavoda dəvət olundu, ona başqa iş təklif olundu, qəbul etmədi. Öz işinə qaytarılmasını tələb edir, əfsuslar olsun ki, həmin işə çoxdan başqa işçi götürülüb».

Direktorun köməkçisi bildirib ki, Emil Nəzərova bağban işi təklif olunub, ancaq razılaşmayıb. Emil Nəzərov özü də ona başqa iş təklif olunmasını təsdiqləyir. Ancaq o, öz işinə qaytarılmasını tələb edir.

XS
SM
MD
LG