Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 05:16

Neft erasının bitməyinə ona görə sevinirəm ki...


Günel Mövlud
Günel Mövlud

- "Bir qadın, bir ana necə ola bilər ki, qarşıdan gələn bəlalara sevinsin? Bəlkə düz deyirlər, biz vətən xainiyik?"

Günel Mövlud

Hə, sevinirəm...

Seymur Baycanın “Azərbaycan hara gedir?” yazısı mənə xeyli pis təsir elədi. Bu, şəxsi deyil, ictimai təsir oldu, mən bir insandan daha çox, bir vətəndaş kimi təbəddülatlar içinə düşdüm.

Miqdarı azalmaqda, qiyməti ucuzlaşmaqda olan milli sərvət – neft məsələsi məni ilk dəfə Nərmin Kamalın “Rafiq Tağı və neft” yazısından sonra düşündürmüşdü. Nərminin yazısı daha çox neftin metafizik mahiyyəti, onun Bakılılar üçün tarixi və şəxsi anlamı barədə idi və o zaman mən daha çox yazının nostalji ovqatından təsirlənmişdim.

Seymurun yazısı isə neftin bütün xalqın, bütün ölkənin həyatındakı rolu və tarixin indi qəfil dönüşü, milli sərvətin azalmasının həyatımızda hansı rolu oynayacağı barədəydi. Müəllif yazıda qoyduğu suallara kifayət qədər məntiqli cavab versə də, nədənsə o sualları özüm özümə təkrar verməyi lazım bildim. Daha doğrusu, belə bir ehtiyac hiss elədim.

Doğrudan da, bir ölkənin vətəndaşı öz xalqının milli sərvəti bitir, qiyməti azalır deyə, niyə sevinsin ki?

Ölkənin iqtisadi cəhətdən geriləməsi, soydaşlarının ehtiyac içində yaşamağa başlayacaqları ehtimalı, qarşıdan gələn kasıblıq və bəlkə də aclıq illəri necə ola bilər ki, bir qrup insanı sevindirir?

Bunu anlamaq üçün öz səbəblərimə nəzər saldım. Bəli, mən də neftin bitməyinə, qiymətinin azalmağına, on ildən çoxdur davam edən “neft erasının” (buna “neft orgiyası” da demək olardı) başa çatmasına sevinirəm. Çox sevinirəm. Olmazın sevinirəm.

Nədir məni sevindirən? İnsanların kasıb yaşayağağına, minlər, on minlərin ixitsara düşməyinə, kütləvi işsizliyə, balaca-balaca uşaqların korluq çəkəcəyinə sevinmək nə dərəcədə insanidir? Bir qadın, bir ana necə ola bilər ki, qarşıdan gələn bəlalara sevinsin? Bəlkə düz deyirlər, biz vətən xainiyik? Bəlkə xalqımızın düşməniyik? Bəlkə insan deyilik, allah bilir, nəyik?

Amma düşündükcə, sevinməyimin səbələrini tapıram. Mən ona görə sevinirəm ki, müasir, mədəni xalqların doğrudan da sərvəti ola biləcək neft bizim üçün bir bəla, bir lənət oldu.

Xalqın ən sadə, ən sistemdən uzaq nümayəndəsinə də qəpik-quruşdan nəsə çatdı, amma ortada elə nəhəng məbləğlər fırlandı ki, o qəpik-quruşlar da yetdi.

Sadə insanlarımız yaxşı bacardıqları minillik məşğuliyyətlərindən – maldarlıqdan, əkinçilikdən uzaqlaşdılar. Torpaqdan uzaqlaşdılar. Təbiətdən uzaqlaşdılar. Zəhmətə xor baxmağa başladılar.

Bəs, onlar torpaqdan, torpağın bərəkətindən, təbiətdən uzaqlaşıb, nəyə yaxınlaşdılar?

Elmə, mədəniyyətə, kitaba, texnikaya? Yox. Onlar seriala, bahalı maşınlara, ancaq oyun oynamaq və tanışlıq qurmaq üçün istifadə elədikləri noutbuklara, bahalı telefonlara, smartfon və digər fonlara, bahalı geyimlərə, kafelərə yaxınlaşdılar.

On ildə xalqən bir ciddi ideyası, mədəni meyli olmazmı? Hansı mədəniyyət sahəsi ilə maraqlandıq? Hanı on ilin yeni kino dalğası, musiqi dalğası, teatr dalğası, rəqs, rəsm, heykəltaraşlıq, foto dalğası?

Əlbəttə, bir-iki müəllif, bir-iki rejissor, bir-iki fotoqrafən adını hamı çəkə bilər. Amma hanı buna hakim siyasət, hakim meyl səviyyəsində diqqət, simpatiya?

Mən neft erasının bitməyinə ona görə sevinirəm ki, o pullar ölkəmə xoşbəxtlik yox, laqeydlik, unutqanlıq, əhli-keflik, başısoyuqluq gətirdi.

Ona görə sevinirəm ki, o neft pulları mədəniyyətə deyil, mədəniyyətsizliyə, elmə deyil, savadsızlığa, ləyaqətə deyil, ləyaqətsizliyə yatırıldı. O pullar müasir, rahat avtobuslara xərclənib, yaşlılara, əlillərə rahatlıq gətirmək əvəzinə, heyvan kimi idrarə olunan bahalı CİP-lərə xərclənib, yollarımızı tıxamışdı.

Ona görə sevinirəm ki, o pullarla teatrımızın səhnəsində azad, rahat şəraitdə hazırlanan yeni sənər inciləri gətirmək əvəzinə teatrın oturacaqlarına, tavanına, lüstrünə xərclənmişdi.

Ona görə sevinirəm ki, Qırmızı körpü sərhəd məntəqəsində kasıb Gürcüstan tərəfdə müasir kafe, qadın-kişi tualeti, bütün minimal infrastruktur olduğu halda, neft və milyonlar səltənəti Azərbaycan tərəfdə insanlar saatlarla ayaq üstə durmalı olurdular, Azərbaycan qadınları bütün kişilərin baxışları altında utana-utana iki yüz metr aralıdakı qapısız tualetə getməli olurdular.

Ona görə sevinirəm ki, ölkədə təkcə üst məmur, orta, xırda məmur, millət vəkili, biznes adamı səviyyəsində deyil, sənət adamı səviyyəsində, sadə vətəndaş səviyyəsində belə, hamı, hər kəs korrupsiyalaşmışdı. Ona görə sevinirəm ki, hərə öz vəziyyətinə, öz səlahiyyətinə uyğun şəkildə və miqyasda oğurlayırdı, amma hamı oğurlayırdı. Hamı.

Ona görə sevinirəm ki, ölkəmdəki pullar insanımızı harınlaşdırırdı. Adam döymədən tutmuş, zorlamaya, adam öldürməyə qədər bütün cinayətlərin qiyməti müəyyənləşdi. Kasıb öldürməyin, varlı öldürməyin, qadın, uşaq, kişi öıdürməyin – bütün cinayətlərin hamısı sadəcə xərcə çevrildi.

Ona görə sevinirəm ki, zindan qatil, oğru, zorakı, rüşvətxor üçün deyil, kasıb qatillər, kasıb zorakılar, kasıb oğrular, kasıb rüşvətxorlar üçün idi. Bəzən isə cinayətkar olmaq da lazım deyildi, elə kasıb olmaq bəs edirdi.

Ona görə sevinirəm ki, nə qədər ki, milli sərvət var, nə qədər ki ortada milyardlar var, bu acgöz, tamahkar rejim bu ölkəni əldən vermək istəməyəcək.

Mən ölkəmin də, ailəmin də kasıb amma heç olmasa gürcülər qədər rahat, azad olmasını istəyirəm.

Mən kasıb ölkədə oğluma paltar yamayıb geyindirə bilərəm, amma dörd yanda ədalətsizlik, rüşvətxorluq, cinayətlər, mənəvi deqradasiyanın baş alıb getidiyi ölkədə normal uşaq böyütmək mümkün deyil. Uşaq balıq deyil, onu akvariumda böyüdəsən.

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

XS
SM
MD
LG