Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 21:43

Zəvvar: "Basabasın kralın oğluna görə yarandığı deyilir"


Məkkə faciəsi, 24 sentyabr, 2015
Məkkə faciəsi, 24 sentyabr, 2015

►"Bütün müsəlman dövlətləri Səudiyyə Ərəbistanına etiraz notası verməlidir."

“Kran aşanda mən hələ Bakıda idim. Tuneldə basırıq olanda, insanlar dünyasını dəyişəndə artıq bura, Məkkəyə gəlmişdim. Minada əməlləri edirdik.

Şeytana daş atıb qayıdandan sonra eşitdik ki, zəvvarların başına belə bir iş gəlib”.

Bunu AzadlıqRadiosuna Səudiyyə Ərəbistanında Həcc ziyarətində olan azərbaycanlı zəvvar Eldar Babayev deyib.

-Sizə basabas vaxtı necə davranmağı öyrədirlərmi?

-Xeyr.

-Sizcə, ehtiyac varmı belə təlimlərə?

- Ümumiyyətlə, o ərazidə gediş-gəliş yolu ayrıdı, sadəcə, bu versiyanı deyirlər ki, kralın oğlu ziyarətə gəlibmiş və orada olan polis xidmətçiləri zəvvarların yolunu dəyişib gələn yola yönəldiblər. Gələn yolda adam az olub, birdən adamlar yolun yarısında çoxalıb və basırıq yaranıb. Həmin tunelin uzunluğu isə təxminən 2 km. dir. Həcc ziyarətində hansı vaxtlar sıxlıq olması, hansı vaxtlar adamın az olmasını qrup rəhbərləri yaxşı bilir. Qrup rəhbərlərinin məsuliyyətindən asılıdır təhlükəsizlik. Həccə gəlməmişdən qabaq qrup rəhbərləri zəvvarları yığıb təlimat verirlər.

- Bəziləri deyirlər ki, Məkkə indi kranlara gorə çox təhlükəlidir.

- Bəli, kranlar çoxdur, demək olar ki, burda olan hakimiyyət həccin ehtiramını saxlamır. Bir aylıq da olsa, işi saxlamırlar, ustalar, fəhlələr, kranlar fəaliyyətdədir.

- Bəziləri deyilər ki, bir muddət həccə getməmək lazımdır ki, qoy Səudiyyə hokuməti dərs çıxarsın. Siz nə düşünürsüz bu haqda?

- Həcc vacib əməldir, sadəcə, bütün müsəlman dövlətləri öz xalqının təhlükəsizliyini təmin etmək üçün Səudiyyə Ərəbistanı dövlətinə etiraz notası verməlidir.

Amma bu il Məkkədən gələn ölüm xəbərləri Göygöl rayonunda kiçik sahibkarlıqla məşğul olan 42 yaşlı Bayram Məsimovu ruhdan salmır: o, 2013-cü ildə bir dəfə Hacı olub, gələn il ikinci dəfə Həcc ziyarətinə getməyi arzulayır:

“Biz din adamıyıq, qədərə-qismətə inanırıq… Allahdan alnımıza ölüm yazılıbsa, harda olsa, öləcəyik…”

Sentyabrın 11-də Məkkədə güclü külək və çovğun ağlı-qırmızılı Liebherr tikinti kranını Böyük Məscidin üstünə aşırdı.. Nəticədə azı 107 nəfər həlak oldu, 200-dən çox adam yaralandı. Qurbanların əksəriyyəti zəvvarlar idi.

Ötən həftə isə Minada zəvvar düşərgəsindən “Jamarat” körpüsünə hərəkət edən zəvvarların basabasında 753 adam həlak oldu.

Buna da bax: Qalmaqal Audi-yə də çatdı

Məkkənin “qatil” kranları

“Foreign policy” jurnalı yazır ki, son 20 ildə zəvvarların da, yeni tikintilərin də sayı artır. 1997- ci ildə Məkkəyə ziyarətə gələnlərin sayı 1,2 milyon idisə, 2011-ci ildə bu rəqəm 2,9 milyona yüksəlib. Gələnlərin satı artdıqca hökumət şəhərə daha çox tikinti texnikası yeridir, yeni otellər, yollar tikir, məscidləri genişləndirir.

Jurnal yazır ki, Böyük Məscidin ətrafında hələ də az qala 100 kran var. Məkkəni isə hazırda 2,5 milyona yaxın zəvvar ziyarət edir. Hava birdən yenə pisləşsə, faciənin təkrarlanmayacağına zəmanət yoxdur.

Məkkədə yenidənqurma işləri isə azı 26 milyard dollara başa gəlir.

2,5 milyon zəvvar və 52 yerlik xəstəxana

Böyük Məscidin yaxınlığındakı Ajyad təcili yardım xəstəxanasında cəmi 52 yataq yeri var.

Ən yaxın Al Noor xəstəxanası məsciddən azı 6 km. uzaqdadır.

Buna da bax: Rəsulzadənin iki məktubu tapıldı

Şəhərdə etibarlı qan bankı yoxdur

“Foreign policy” yazır ki, şəhərin etibarlı qan bankı da yoxdur. İslam İrsi Araşdırmaları Fondunun məlumatına görə, Məkkədə baş verən son yanğında şəhər rəhbərliyi bir saatlıq məsafədə yerləşən Taif şəhərindən yardım istəmək məcburiyyətində qaldı.

…Hacı Bayram Məsimov isə deyir ki, 50-55 dərəcə istidə 20 gün qalmaq, bir gündə bəzən 10-17 km yol getmək, susuz qalmaq onu fiziki olaraq narahat etsə də, özünü ruhən təmizlənmiş hiss edir:

”Elə hisslər var ki, sözlə demək çətindir. Mən özümü daha məsuliyyətli müsəlman, daha pak hiss edirəm. Odur ki, yenidən Məkkəyə getməyi planlaşdırıram”.

Buna da bax: «2500 manat»lıq hökm qüvvədə qaldı

Həcc ziyarəti sentyabrın 11-də başlayıb. Qafqaz Müsəlmanları İdarəsinin məlumatına görə, indiyədək üç azərbaycanlı zəvvar səhhətində yaranmış problemlər səbəbindən vəfat edib.

Bu il Azərbaycana Həcc ziyarəti üçün 2400 yer ayrılıb.

XS
SM
MD
LG