Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 17:08

Ermənilər başa düşmək istəmirlər ki...


Ermənistanda Rusiya ordusu.
Ermənistanda Rusiya ordusu.

-

Dağlıq Qarabağın taleyi ilə bağlı dalana dirənmiş danışıqlarda irəliləyişə can atan Azərbaycanla Ermənistan arasında formal da olsa, atəşkəs elan olunub. Ancaq bununla belə, təmas xəttində ölənlərin sayı artmaqdadır. Bu tendensiya Ermənistanın bəzi sakinlərini ölkələrinin Rusiya ilə strateji əlaqələrinə yenidən baxmağa vadar edir.

Bunu EurasiaNet.org yazır.

Məqalədə deyilir ki, 2013-cü ildən Ermənistan ordusunda döyüş itkilərinin sayı 5 dəfədən çox artıb. Təkcə bu ilin 9 ayında 31 hərbçi ölüb. 2014-cü ildə təmas xəttində ölən hərbi qulluqçuların sayı 28 nəfər idi. Bundan öncəki ildə isə vur-tut 6 adam ölmüşdü.

Ermənistan vətəndaşlarının Rusiyaya yanaşması ənənəvidir, ona Gümrüdə hərbi bazası olan başlıca müttəfiq kimi baxırlar. Dağlıq Qarabağ ətrafında gərginliyin artması fonunda Yerevanda sual verirlər ki, Moskva Ermənistanın maraqlarını qorumaq üçün nəyi etməyə qadirdir və nəyə hazırdır? Yaranan təəssürat odur ki, Rusiya bölgədəki dövlətlərlə strateji müttəfiqliyin qurulmasında azadlığını məhdudlaşdırmaq istəmir. Bu da Serzh Sargsyan administrasiyası və tərəfdarlarını çətin vəziyyətdə qoyur. Onlar xalqı başa sala bilmirlər ki, Rusiyadan həddən artığını gözləmək əbəsdir.

Hakim Respublika Partiyasının parlament fraksiyasının başçısı Vahram Baghdasarian EurasiaNet.org-a deyib: «Azərbaycanın təcavüzkarlığını önləmək Rusiyanın öhdəliyi deyil».

Yanvarda Ermənistan strateji qərar verərək Moskvanın başçılıq etdiyi Avrasiya İqtisadi Birliyinə üzv olub. Bununla da Yerevan Avropa Birliyi ilə yaxın əlaqələr qurmaqdan imtina etməli oldu.

«HANI HÖKUMƏTİN DANIŞDIĞI MÜDAFİƏ, HANI TƏHLÜKƏSİZLİK?»

Ölkə prezidenti Sargsyan keçmiş müdafiə naziridir, 1988-1994-cü illərdəki Qarabağ müharibəsinin veteranıdır. O, vətəndaşları əmin edirdi ki, Avrasiya İqtisadi Birliyinə üzvlük ölkənin təhlükəsizliyini artıracaq.

Ancaq indi respublikanın əksər vətəndaşları özlərini daha az təhlükəsizlikdə hiss edirlər, nəinki Avrasiya Birliyinə üzvlükdən qabaq. Bu quruma üzvlük ölkənin iqtisadi inkişafına ziyan vurub, iqtisadiyyatda enmə yaşanır. Rəsmi məlumatlara görə, bu ilin ilk 6 ayında ötən ilin eyni dövrü ilə müqayisədə Rusiyaya ixracatda 35 faiz düşüş var, elə bu ölkədən Ermənistana idxalat da 12 faiz azalıb.

Eləcə də Ermənistan iqtisadiyyatı üçün vacib olan Rusiyadan pul köçürmələri əhəmiyyətli dərəcədə azalıb. Avqustda köçürmələrin həcmi ötən illə müqayisədə 50 faiz – 147.8 milyon dollardan 71.3-ə düşüb.

Sərhədyanı Tavuş vilayətində qohumları yaşayan 40 yaşlı fizik Vache Gevorqian bu rəqəmlərin təhlükəsizlik hissi aşılayacağını düşünmür: «Hanı hökumətin danışdığı müdafiə, hanı təhlükəsizlik? Sərhəd kəndlərinin təhlükəsizliyi necə təmin olunacaq?».

Ölkə vətəndaşlarının bəzisi hesab edirdi ki, Avrasiya Birliyinə girmək Ermənistanın quruma üzv dövlətlərlə iqtisadi yaxınlığına səbəb olacaq, ələlxüsus da Rusiya ölkənin təhlükəsizliyinə daha çox diqqət ayıracaq. Ancaq Ermənistanın xarici işlər nazirinin müavini Shavarsh Kocharian sentyabrda qəti şəkildə bəyan edib ki, bu cür gözləntilərin əsası yoxdur: «Avrasiya Birliyi təhlükəsizliklə bağlı qurum deyil. O ki qaldı bizim təhlükəsizliyimizə və müdafiəmizə, ilk növbədə özümüzə güvənməliyik».

KİMİN DOSTUSAN?

Çinari kəndi cəbhə xəttindən cəmi bir neçə kilometr uzaqdadır. Yerli administrasiyanın rəhbəri Samvel Saghoian deyib ki, yerli camaat Azərbaycan hücum edəcəyi təqdirdə Rusiyaya güvənməyəcək: «Bizim bir yaxşı cəhətimiz var – müqavimət göstəririk. Biz Rusiya, təhlükəsizlik haqda danışmırıq».

Rusiya məmurları isə Dağlıq Qarabağ məsələsində Kremlin Azərbaycanın yox, Ermənistanın yanında olacağı kimi təəssürat yaradacaq bəyanatlar verməkdən yayınırlar. Bununla belə, sentyabrda Moskva Ermənistana 200 milyon dollarlıq kredit ayırıb, bununla da Yerevan öncül rus istehsalı olan silah-sursatı alacaq.

Fransa və ABŞ kimi, Rusiya da ATƏT-in Minsk qrupunun həmsədridir, bu qrup dalana dirənmiş Dağlıq Qarabağ münaqişəsinin həllinə nəzarət edir. Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) bu ilin yazındakı hesabatında bəyan edib ki, Kreml artıq üçüncü onillikdir sürən münaqişənin həllində az maraqlıdır. Çünki bu qarşıdurma Rusiyaya bölgədə təsir rıçaqlarını işə salmağa fürsət yaradır.

Hərçənd analitiklərdən biri deyir ki, bu rıçaqlar Avrasiya Birliyi vasitəsilə də olsa, Ermənistanın təhlükəsizliyini artıra bilər. «Avrasiya İqtisadi Birliyi təhlükəsizlik sahəsində ittifaq deyil, ancaq ehtiyac yaranarsa, Rusiya bütün təsir gücünü - Ermənistana lazım olduğu qədər işə salacaq», -Yerevandakı Qafqaz İnstitutunun direktor müavini Sergei Minasian deyir.

XS
SM
MD
LG