Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 16:11

Orxan Adıgözəl. Türk seriallarına niyə baxırsız?!


Orxan Adıgözəl
Orxan Adıgözəl

- "Ağlınıza elə gəlməsin ki, Türkiyəyə və türklərə antipatiyam var. Əksinə, Türkiyəni öz vətənim, türkləri öz millətim kimi sevirəm."

"Uzun əsrlər boyu əksər yazıçılar insanların müsbət kefiyyətlərinin artmasına, cəmiyyətin rifahına, bir-birlərinə sevgilə bağlanmasına çalışıblar. Türkiyədə istehsal edilən həmin seriallar isə..."

Orxan Adıgözəl

Yazını yana-yana yazıram

Tez əsəbiləşən adam deyiləm. Təbiətən coşqun biri olsam da, hər şeyə sərt reaksiya verib, əsəbiləşmirəm. Amma Türkiyənin istehsal etdiyi seriallar (dizilər) məni hövsələdən çıxarır.

Bəlkə də indi yazdıqlarımı analiz etsəniz, məni anlayacaqsınız. Əgər bir həftə oturub sərasər türk serialı izləsəm, bəlkə də ürək xəstəliyi tapacam, dayanmadan bir ay baxsam, ürəyim bu dərdə dözməyib, fəaliyyətini dayandıracaq.

Türk seriallarından görüntü
Türk seriallarından görüntü

Deyəsən, 9-10 il bundan əvvəl idi, ölkə telekanallarının birində adını bilmədiyim Latın Amerikası serialının son bölümlərinə yaxın, mətbuatda belə bir xəbər yayımlandı ki, rayonlardan birində bir kişi serialda mənfi rol oynayan qadının pisliklərinə dözməyib, ölüb.

İndi bir anlıq özümü o kişinin yerində təsəvvür etdim. Düşünməyin ki, o kişi kimi özümə əsəb verə-verə serialları izləyirəm. Sual yarana bilər, hardan xəbərin var bu seriallardan, necə izləmisən onları?!

Cavabım odur ki, anam çox vaxt otağımda təmizlik işləri apararkən, o serialları izləyir.

Bəzən dözümsüzlük edib, anamla mübahisəyə girirəm: “Niyə baxırsan bu seriallara?” Anamdan ənənəvi cavab gəlir: “Axırı maraqlıdır, görəsən, necə qutaracaq”.

Nə qədər onların faydasız olduğundan və zərərindən danışsam da, xeyri olmur ki, olmur. Anam necə baxır?! Yazını yana-yana yazıram.

Ağlınıza elə gəlməsin ki, Türkiyəyə və türklərə antipatiyam var. Əksinə, Türkiyəni öz vətənim kimi türkləri öz millətim kimi sevirəm.

Türkiyədə olarkən və türklərlə bir yerdə səfərdə keçirdiyim vaxtlarda onların bizlərə qarşı isti münasibətini həmişə hiss etmişəm.

Açığı deyim ki seriallardakı türklərdən əsər-əlamət görməmişəm. Məni bir tərəfdən yandıran məhz budur.

Hətta ilk vaxtlarda onlardan soruşurdum ki, dizilərdəki həyat gerçəkdimi? Cavab verirdilər ki, Türkiyədə 75 milyon əhalinin bəlkə də bir milyonunun həyatı elə ola, ya olmaya.

Psixologiyada belə bir anlayış var: İnsan bir şeyi çox görərkən, bu gördüyü əvvəl onu narahat etsə belə, sonra gördükləri gözündə adiləşir və şüurunda bu, normal bir şey kimi qəbul olunur.

Hər gün axşam seriala baxan insanlar oradakı anormallıqları artıq normal qəbul edirlər.

Nədir bu anormallıqlar: xəyanət, iftira, paxıllıq, ara vurmaq, həsəd və ən əsası, insanlığın əsas prinsipi sayılan dürüstlük və gerçəkliyin düşməni olan yalan. Bunlar türk seriallarının əsas qayələridir.

Siyahını uzada da bilərəm. Amma buna ehtiyac yoxdur. Beş dəqiqə həmin seriala baxmağınız yetər ki, həmin pis komponentləri özünüz görəsiniz.

"Gözəlçə" filmindən görüntü
"Gözəlçə" filmindən görüntü

İnsanlara qarşı çox alçaq propaqanda gedir. Sizə bir misal çəkim. 1990-cı ildə Hollywood-da çəkilmiş, bir çoxumuzun izlədiyi “Pretty woman” (Gözəlçə) filminin nümayişindən bir neçə il sonra, Avropada fahişəliyin səviyyəsi 30% artdı.

O filmdə rejissor fahişəni əsl mələk kimi göstərmişdi. Misal çəkdiyim film dünyaca məhşur ABŞ filmidir. Türkiyədə də onun əvəzediciləri var. “Aşkı-memnu” serialından sonra ərinə xəyanət edən qadınlar çoxaldı, xəbərləri mətbuata qədər gəlib çıxdı.

“Gümüş” serialından sonra isə təkcə Türkiyədə deyil, o diziləri həvəslə izləyən Orta Şərqdə də boşanmaların sayı artdı.

"Kurtla vadisi" serialından görüntü
"Kurtla vadisi" serialından görüntü

“Kurtlar vadisinə” baxaraq, onun-bunun qulağını-boğazını kəsib öldürənlərin sayı nəinki Türkiyədə və Orta Şərqdə, elə Azərbaycanda da artdı.

Uzun əsrlər boyu əksər yazıçılar insanların müsbət kefiyyətlərinin artmasına, cəmiyyətin rifahına, bir-birlərinə sevgilə bağlanmasına çalışıblar.

Türkiyədə istehsal edilən həmin seriallar isə birbaşa yüz illər boyu formalaşmış dəyərləri məhv etmək üçün hesablanmış proyektdir.

Baxın, əvvələr isti ailə və məhəllə türk seriallarını mən də izləyirdim. “Çiçek taksi”, “Perihan abla”, “Koçum benim” və s.

Adlarını çəkdiyim seriallar dostluğu, qardaşlığı, birliyi təbliğ edirdilər. İndi həmin serialları insanları pisliyə çağıran yüksək reytinqli seriallar əvəz edib.

Seriallar zatən yatmış xalqımıza bir az da demidrol vurur. Kitabdan ayrı düşmüş toplum, seriala baxmaqla kifayətlənməlidir.

Necə ola bilər ki, bir serialda bütün nəsildə ən azı beş nəfər xəstəxanada doğulanda səhv və ya itkin düşsün, gedib başqa yerdə böyüyüb, sonra təsadüfən gənclik yaşında həmin varlı ailənin sürücü və ya qulluqçusu işləsin?!

Necə ola bilər ki, bütöv bir serialda qəhrəmanların doxsan faizi ancaq bir-birinə fırıldaq gəlməyi, hiylə ilə ara vurmağı, yaşından aslı olmayaraq, yalan danışmağı, sevməyi insana nəyin bahasına olur-olsun, sahib olmağı həyat süarları seçsin?!

Öz sevdiyi qadına dəfələrlə xəyanət edib, daha sonra guya “ağıllanan” şərəfsiz kişiləri, başqa kişidən hamilə olub, 25 ildən sonra ərinə bunu etiraf edərək, onu bağışlamağını diləyən qadını isə efirdən bizə dəyər və model kimi təqdim edirlər.

Türkiyədən olan yaxın tanışlarım hamısı iddia edir ki, həmin serialları məhz türk və müsəlman toplumuna düşman olan xarici təşkilatlar maliyyələşdirir.

Mənim buna heç şübhəm də yox idi. Çünki seriallar başlamazdan qabaq həmin mənfur təşkilatların simvollarını göstərir.

Azərbaycan telekanallarını necə bütün günü çal-çağır və müğənnilər doldurubsa, Türkiyə telekanalları da seriallarla bəzədilib.

Sizə başqa sözüm yoxdur, əziz o diziləri izləyən insanlar. Həyat sizin, seçim sizin.

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

XS
SM
MD
LG