Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 21:59

Su ARDNŞ-in boğazına çıxanda...


►"Bu boşluğu daxildən və xaricdən alınan borclar hesabına doldurmaq siyasəti şirkətə uğur gətirməyəcək"

Bir barel neftin 40 dollardan da ucuz qiymətə alınması Azərbaycan Dövlət Neft Şirkətini (ARDNŞ) öz xərclərinə yenidən göz gəzdirməyə məcbur edib.

Artıq məlumdur ki, ARDNŞ prezidenti durum yaxşılaşanadək sponsorluq və xeyriyyəçilik fəaliyyətinin məhdudlaşdırılması barədə əmr verib.

Qənaət tədbirlərində nəqliyyata, rabitə və ofis gərəklərinə çəkilən xərclərin və s. məsrəflərin də azaldılması nəzərdə tutulur.

İstər-istəməz, suallar doğur: Şirkətin sadalanan sahələrə ayırdığı maliyyə özünü nə dərəcədə doğruldub? Sözügedən xərclər nə qədər olub? Şirkətin özü belə fəaliyyətdən nə qazanıb? Və s. və i.a.

Buna da bax: İlyas İsmayılov: «Azərbaycanda göstərişlər yox, qanunlar işləməlidir»

“Olimpiya Stadionu şirkətin fəaliyyətinə nə töhfə verə bilər”

Mirvari Qəhrəmanlı
Mirvari Qəhrəmanlı

Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının (NHMT) sədri Mirvari Qəhrəmanlının fikrincə, BP-ni çıxmaqla, bütövlükdə ölkədəki yerli və xarici neft şirkətlərinin gerçəkləşdirdiyi sosial layihələr əsas məqsədə xidmət etmir:

“Sosial layihələr məhz hasilat şirkətinin mümkün təsirlərinin yumşaldılması məqsədi ilə aparılmalı, son nəticədə isə şirkətin özünə xeyir gətirməlidir. Bu mənada, xüsusən dövlət şirkətinin sosial layihələri əhəmiyyət və maraq kəsb edir. ARDNŞ sosial layihələrə hətta öz mənfəətinin üçdə bir hissəsini xərclədiyi illərdə də, bu məbləğin az hissəsi birbaşa sosial xərc sayıla bilərdi. Məsələn, Olimpiya Stadionu şirkətin fəaliyyətinə nə töhfə verib? Dövlət şirkətlərinin son məqsədi təkcə dövlət sifarişlərini yerinə yetirmək yox, həm də mənfəət əldə etmək olmalıdır”.

Mirvari Qəhrəmanlı bildirir ki, ARDNŞ sosial layihələrə dair məlumatı vaxtaşırı ictimaiyyətlə bölüşsə də, hər layihəyə ayrılan vəsaiti açıqlamır.

Buna da bax: Səməd Seyidov: "Bu, böyük bir böhrandır"

“Mənfəətin ¼-i sosial xərclərə gedib”

NHMT sədrinin sözlərinə görə, şirkətin auditdən keçən hesabatlarının təhlili sosial sahəyə ayrılan vəsaitlərin həddən artıq çox olduğunu göstərir:

“Məsələn, 2011-ci ildə sosial xərclər 278,3 milyon manat olub. 2013-cü ildə 236,6 milyon manatadək azalma müşahidə edilsə də, şirkətin mənfəətinin – 977 milyon manatın, az qala, 1/4 qədəri sosial xərclərə ayrılıb”.

Mirvari Qəhrəmanlı o fikirdədir ki, şirkətin reallaşdırdığı layihələr müxtəlif qurumların sifarişi ilə, dağınıq halda və hədəf icmaların sosial vəziyyəti nəzərə alınmadan reallaşdırılır.

Qubad İbadoğlu
Qubad İbadoğlu

İqtisadçı ekspert Qubad İbadoğlu şirkətin son addımını idarəçilikdəki problemlərin gecikmiş etirafı kimi qiymətləndirir:

“Bu, bir daha göstərir ki, indiyədək mövcud olan xərcləmələr yalnış və səmərəsizdir”.

Buna da bax: "Kubik-Rubik"in 40 yaşı olur

“İxtisaslı işsizlik artacaq”

Ekspertin fikrincə, belə yanaşma davamı olaraq şirkətdə işçi ixtisarları bir daha gündəmə gələcək və ixtisaslı işsizlərin sayı artacaq:

“Axı indiki şərtlərlə şirkət idarəçiliyinin başqa alternativi qalmır. Mövcud neft və qaz qiymətləri fonunda şirkətin gözlənilən gəliri milyardlarla sərmayə öhdəliklərinı adekvat deyil. Bu boşluğu daxildən və xaricdən alınan borclar hesabına doldurmaq siyasəti şirkətə uğur gətirməyəcək”.

Qubad İbadoğlunun sözlərinə görə, xərclərini optimallaşdırmayan şirkət dövlət büdcəsi qarşısında da öhdəliklərini yerinə yetirməkdə ciddi çətinlik yaşayacaq: “Odur ki, neft şirkətinin yenidən strukturlaşmasına və onun səhmləşdirilməsinə ehtiyac var”.

Bir başqa mütəxəssis - iqtisadçı ekspert Rəşad Həsənov formalaşan yeni bazar konyunkturuna ARDNŞ-nin uyğunlaşmaq məcburiyyətinə diqqət çəkir:

“Faktik olaraq, bu qurumun hasil etdiyi məhsul 1 il 3 ay ərzində təxminən 2.8 dəfə ucuzlaşıb. Beləliklə, şirkətin gəlirləri azalıb və yeni duruma uyğun davranmaq qaçılmazdır. Başqa sözlə, ARDNŞ yeni çağırışları izləməyə məcburdur”.

Buna da bax: Deyir, “Gəncə şirniyyatı” dükanını əlindən alıblar

“Ötən il şirkət rəhbərliyi düşünürdü...”

Rəşad Həsənov bildirir ki, şirkət daha öncə üzərinə götürdüyü öhdəliklər, icrası başlanmış investisiya layihələri və keçmiş borcların qaytarılması səbəbindən böyük həcmdə borclanır:

“Ötən il şirkət rəhbərliyi düşünürdü ki, enerji daşıyıcılarının ucuzlaşması qısamüddətlidir. Hazırda vəziyyətin daha mürəkkəb olduğunu qəbul etməyə məcbur qalıblar. Bu hal daha praqmatik davranmağı tələb edir”.

Ekspertin qənaətincə, kredit reytinqi aşağı düşərsə, şirkət daha bahalı borclanmaya getməli olacaq: “Bu gün xarici neft şirkətləri də bənzər addımlar atırlar. Məncə, şirkət indən belə daha şəffaf və effektiv siyasət izləyəcək. Mövcud durumda başqa cür davranmaq çətinləşir”.

XS
SM
MD
LG