Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 17:25

Ədəbiyyat müəllimi: "Şagirdlərin bədii əsər oxumağa səbri çatmır"


Elnur Rəsuloğlu
Elnur Rəsuloğlu

-

"Ədəbiyyat müəllimi" rubrikasında

Salyan rayon Salman Cəfərov adına Yenikənd kənd tam orta məktəbinin ədəbiyyat müəllimi Elnur Rəsuloğlu öz işi haqqında fikirlərini bölüşür

- Elnur bəy, ədəbiyyat orta məktəblərdə niyə tədris olunur? Bu fənnin məqsədi nədir?

- Ədəbiyyat fənninin ümumtəhsil məktəblərində tədrisi şagirdlərin bədii ədəbiyyatın - söz sənətinin gözəlliyini duyaraq ondan zövq almasına, zərif hiss və geniş düşüncə sahibi olmasına hesablanıb.

Ədəbiyyatın əsas məqsədi bədii əsərlər vasitəsilə həyat həqiqətlərini şagirdlərə çatdırmaq və onların həm şifahi, həm də yazılı nitqini inkişaf etdirməkdir.

Elnur Rəsuloğlu
Elnur Rəsuloğlu

- Ədəbiyyat dərsliklərinin səviyyəsi sizi bir ədəbiyyat müəllimi kimi qane edirmi?

- Bugünkü günümüzdə "Ədəbiyyat" dərsliklərinin səviyyəsini qənaətbəxş hesab etmək olar, bircə ümumtəhsil məktəblərinin 6-cı sinif ədəbiyyat dərsliyindən başqa.

- 6-cı sinif dərsliyində nə problem var ki?

- 6-cı sinif "Ədəbiyyat" dərsliyində əsərlərin sayı çox olmaqla yanaşı, mövzuların tədrisinə saat az verilib və şagirdlərin yaş səviyyəsi nəzərə alınmayıb.

Həmçinin oxu:

6-cı sinif şagirdi belə bir suala cavab tapmalıdır: “Abdulla Şaiqin “Köç” hekayəsindəki Kərim babadan hansı qoxu gəlir?

- Ümumiyyətlə, orta statistik Azərbaycan şagirdindən danışası olsaq, ədəbiyyat dərsinə münasibətləri necədir?

- Dərs dediyim aşağı - 5, 6 və 7-ci siniflərdə ədəbiyyat fənninə münasibət normaldır, amma şagirdlər yuxarı siniflərə keçdikcə bu münasibət kökündən dəyişilir. Bunun bir sıra obyektiv və subyektiv səbəbləri var:

Birincisi, 9-cuların buraxılış imtahanlarına ədəbiyyatdan suallar salınmır. İkincisi, şagirdlərin 11-ci sinfi bitirdikdən sonra atestat almaq üçün verdikləri buraxılış imtahanlarına ədəbiyyatdan cəmi 8 sual salınır. Üçüncüsü, 3-cü qrupdan başqa, yerdə qalan dörd - 1, 2, 4 və 5-ci tələbə qəbulu qruplarda ədəbiyyat fənninə yer ayrılmayıb. Dördüncüsü, ümumtəhsil məktəblərində "Ədəbiyyat nəzəriyyəsi" və "Ədəbiyyat müntəxəbatı" dərsliklərini tapmaq müşkül məsələyə çevrilib. Nəhayət, test suallarının həcminin kiçik olmasına vərdiş etmiş şagirdlərin bədii əsər oxumağa səbri çatmır.

XS
SM
MD
LG