Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 19:05

Gənc yazar "Əli və Nino" haqqında: Siz o mağazasınız ki...


Kitab dükanı
Kitab dükanı

-

"Klassik ədəbiyyat seriyasından bir neçə kitabı 90 faiz endirim adı ilə satışa çıxardılar. Mən də kitabsevər gənc kimi dərhal mağazaya qaçdım..."

"Siz həmin mağazasınız ki, pula görə mənasız kitabları təbliğ edərək Azərbaycan gəncliyini çaşdırırsınız.

Siz o mağazasınız ki, Türkiyədən (karqo xərci ilə birgə) 7 manata gətirdiyiniz kitabı 17 manata satırsınız."

Nicat Həşimzadə

Əli Ninonu necə aldatdı?

Nicat Həşimzadə
Nicat Həşimzadə

Daha doğrusu, belə demək istədim: “Əli və Nino” oxucuları necə aldatdı.

Bugünlərdə "Əli və Nino" kitab dükanları şəbəkəsi 90 faiz endirim adıyla reklam kampaniyasına başladı və oxucuları öz dükanlarına dəvət etdi.

Lakin reklama aldanan oxucular xəyal qırıqlığına uğradılar. Kampaniyadan yararlanmaq istəyənlərə dükanlarda artıq endirimli kitabların tükəndiyini bildirdilər. Məqsəd ucuz yalanla oxucuları dükanlara cəlb etmək və onsuz da baha olan kitabları cüzi endirimlə satmaq idi.

Qiymətləri 90 faiz qaldırıb, sonra da 50 faiz endirim etmək məsələsinə bənzədi sonuncu endirim aksiyası.

Klassik ədəbiyyat seriyasından bir neçə kitabı 90 faiz endirim adı ilə satışa çıxardılar. Mən də kitabsevər gənc kimi dərhal mağazaya qaçdım. Kitabların hamsının satıldığını dedilər.

Bu hərəkətə marketinq adı vermək düzgün deyil.

Dostlarım həmin gün səhər tezdən “Əli və Nino”nun bütün filiallarına gediblər. Onlara da mənə deyilən cavabı veriblər. Bu hərəkətə marketinq adı vermək düzgün deyil. “Əli və Nino” mağazaları bu dəfə də çox ucuz reklamdan istifadə etdi.

Hələ 20 və 30 faiz endirimli kitabları demirəm. Kitabların arxasındakı satış qiymətinin üzərini mağaza, öz təyin etdiyi satış məbləğini əks etdirən kağızlarla örtür. Sonra həmin kitabları 20-30 faiz endirimlə satır. Nəticə də kitab real satış qiymətinə satılmış olur. Təəssüflər olsun ki, oxucular bu oyuna asanlıqla aldanırlar.

Xüsusən də Türkiyədən gətirilmiş kitabları süni qiymət artımı ilə satışa çıxarırlar. 12 manata aldığım kitabı "Əli və Nino"da 19 manata görmüşdüm. Azərbaycanda kitab oxuyan azdır. Azsaylı oxucuları da belə neqativ hallarla üzə-üzə qoymaq düzgün hərəkət deyil.

Buna da bax: "Əli və Nino" dükanları ilə yazarlar arasında mübahisə haqqında. Sən tik, onlar gələcəklər

Nigar xanımın bir neçə müsahibəsini oxumuşam. Hiss etmişəm ki, Xalid Hüseyn, Paulo Koelyo, yerli müəlliflərdənsə Qaraqan və Çingiz Abdullayevi lap yüksək qiymətləndirir.

“Əli və Nino”nun etdiyi sonuncu hərəkət əsəblərimi həqiqətən korladı. Səhər tezdən həvəslə mağazaya qaç, amma kitabların satıldığını, bir dənə də olsun qalmadığını öyrən.

Ancaq mağazada 90 faiz endirimdə olan kitabların qaldığını gözlərimlə gördüm. Satıcılarsa mənə həmin kitabların nəşriyyata məxsus olduğunu, satılmadığını dedilər. Bunun adı rəsmən adamla məzələnməkdir. Bu hərəkətə başqa ad vermək olmaz.

Onsuz da kitabları real qiymətindən baha satırsız. Bir də xalqı nəzərə alıb xeyirxah obraz yaratmaq, belə ucuz hərəkətlər etmək yolverilməzdir.

Siz həmin mağazasınız ki, məmur yazarlardan başqa digər yerli yazarları yazar saymırsınız.

Siz həmin mağazasınız ki, pula görə mənasız kitabları təbliğ edərək Azərbaycan gəncliyini çaşdırırsınız.

Siz o mağazasınız ki, Türkiyədən (karqo xərci ilə birgə) 7 manata gətirdiyiniz kitabı 17 manata satırsınız.

Mən başa düşürəm, kapitalizm insanı istəmədiyi hərəkətləri etməyə məcbur edir. Bazar iqtisadiyyatı bizi həm də əxlaqsızlaşdırır. Lakin elə hisslər var ki, onlar bizə güc verir. Biz həmin duyğular sayəsində aclığa, yoxsulluğa, evsizliyə dözür, heç kimin qarşısında əyilmirik. Buna deyirlər, mənəviyyat. İdrakın və iradənin gücü. Qatı kommersantlar heç vaxt bu cür həqiqətləri dərk etməyəcəklər.

Bu cür aksiyalarla insanı aldatmaq olmaz. Alternativ yollar var. Kitabları normal qiymətə satın. Süni qiymət artımları etməyin.

Təəssüflər olsun ki, Azərbaycanda digər sahələrdə olduğu kimi, kitab satışı sahəsində də monopoliya mövcuddur.

Buna da bax: Nigar Köçərli: "Monopoliya yaransa, senzura olacaq"

Siz heç adi günlərdə "Qanun" nəşriyyatından başqa hər hansı bir nəşriyyatın parklarda, mərkəzi yerlərdə yarmarka keçirdiyini görmüsünüz? Mən görməmişəm. Demək, bəzi qaranlıq məqamlar var.

“Əli və Nino” Azərbaycan yazarlarına və Azərbaycan oxucularına hörmətlə yanaşsa, yaxşı olar. Ölkəmizdə kitab oxuyan gənclər var. Az olsa da, var. Onlara stimul vermək lazımdır. Dünya tarixi sübut edir ki, ölkələri xalq deyil, xalq içindən çıxmış fərdlər xilas edir.

O fərdləri yaratmaqda “Əli və Nino” yardımçı ola bilər. Kitab təkcə gəlir mənbəyi deyil. Kitab sağlam gənclikdir, sağlam gəncliksə sağlam gələcək deməkdir. Sağlam gələcəyi kommersiya maraqlarına görə zəhərləməyək. Bu ölkəni həmin kitab oxuyan fərdlər xilas edəcəklər. Mən buna inanıram. Nigar Köçərli də inansa, yaxşı olar...

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

XS
SM
MD
LG