Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:46

'Bir gün Əliyev hakimiyyətinə xidmət edib çöldə olmaqdansa...'


"Nardaran işi" məhkəməsi zamanı.
"Nardaran işi" məhkəməsi zamanı.

"Babəkin sözlərinə belə dəyişiklik edərdim: Bir gün Əliyev hakimiyyətinə xidmət edib çöldə olmaqdansa, 40 il zindanda olmağı daha üstün tuturam"

"23 ildir ki, Azərbaycan xalqı zülmətdədir. Nə qədər ki YAP hakimiyyətdədir, Azərbaycana gün doğmayacaq. Burada nağıl danışırlar ki, guya silahlı çevriliş hazırlanması haqda məlumat daxil olub. Bəs Azərbaycan sərhədlərindən o qədər narkotikin keçirilməsi haqda məlumatlar niyə daxil olmur? Azərbaycanda narkomaniya məqsədli şəkildə yayılır. Həbsxanalar narkomaniyaya qurşanmış gənclərlə doludur”, – Nardaran hadisələrinə görə həbs olunmuş 21 yaşlı Aqil İsmayılov məhkəmədəki çıxışında belə deyib.

Yanvarın 11-də “Nardaran işi” məhkəməsində təqsirləndirilən 18 nəfərin son söz demək mərhələsi başlanıb. Daha öncə üç vəkil - Fəxrəddin Mehdiyev, Fariz Namazlı Cavad Cavadov müdafiə çıxışlarını səsləndiriblər.

Buna da bax:​ Taleh Bağırzadəyə məktub: 'Səni ömürlük zindana məhkum etmək istəyənlər...'

Təqsirləndirilənlərdən Əli Nuriyevin, Abbas Quliyev və AXCP sədrinin müavini Fuad Qəhrəmanlının hüquqlarını müdafiə edən vəkil Fəxrəddin Mehdiyev Fuad Qəhrəmanlının öz ailə üzvləri ilə görüşə bilmədiyinə diqqət çəkib və məhkəmədən buna şərait yaradılmasını xahiş edib.

“Nardaran dustaqlarından biri özünə qəsd etmək istəyib”

İttihamların əsassız olduğunu vurğulayan Fəxrəddin Mehdiyev müdafiə etdiyi şəxslərə bəraət hökmünün çıxarılmasını istəyib: “Cinayət işində ittiham tərəfinin ortaya qoyduğu sübutlar saxtadır, adamlara işgəncə verməklə əldə olunub. Bu işdə məntiqdən söhbət gedə bilməz. Fuaddan başqa qalan təqsirləndirilənlərin hamısına işgəncə verilib. Hətta buna görə Abbas Quliyev özünə qəsd etmək istəyib”.

Nardaran əməliyyatı

2015-ci il noyanrın 26-da polisin Bakının Nardaran qəsəbəsində əməliyyatında ikisi polis olmaqla 6 nəfər həlak olub. Rəsmi ittihama görə Nardaranda radikal silahlı dəstə polis əməkdaşlarına silahlı müqavimət göstərərkən öldürülüblər, qarşıdurmada da 2 polis əməkdaşı həlak olub.
Nardaranda və Sabunçu polis idarəsinin qarşısında verən hadisələrə görə 70-dən çox adam da saxlanmışdı. Onların əksəriyyəti bir neçə gün sonra azad edilib, bir hissəsi isə 1 il 6 aydan 2 il 6 aya qədər həbs cəzası alıblar.
Hazırda Nardaran hadisələrinə görə saxlanan 18 nəfərin məhkəməsi gedir.

Fuad Qəhrəmanlının ifadə azadlığı hüququndan yararlanaraq, “Facebook” sosial şəbəkəsində yazdığı statuslara görə həbs olunduğunu deyən müdafiəçinin fikrincə, onun çıxışlarında heç bir zorakılıqdan, dövlət çevrilişinə çağırışlardan söhbət gedə bilməz: “Fuad Qəhrəmanlı intellektual insandır, ekspert kimi fikrini bildirir. Bu adam işıqlı ziyalıdır”.

Buna da bax: 'Ağır cəza bizi mübarizəmizdən döndərməyəcək'

Hüquqlarını müdafiə etdiyi Əli Nuriyevin əsəb xəstəsi olduğunu və iş materiallarında bu haqda ekspert rəyinin mövcudluğunu məhkəmənin nəzərinə çatdıran vəkil onun da heç bir günahı olmadan həbs edildiyini bildirib: “Hüquqlarını müdafiə etdiyim hər üç şəxsə bəraət və onların haqqında cinayət işinə xitam verilməlidir. Polislərin bu adamlara qarşı zorakılığına görə cəzalandırılması üçün xüsusi qərar qəbul edilməlidir”.

“O gün olsun, adamlara işgəncə verən...”

Vəkil Fariz Namazlı Nardaran əməliyyatına rəhbərlik etmiş Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin şöbə rəisi Kərim Əlimərdanovun onların yaddaşında təzadlı insan kimi qaldığını bildirib: "Deyirlər, namaz qılır. Necə olur, həm də işgəncə verir? Nardaran əməliyyatı ilə bağlı ona çoxlu suallarımız vardı, lakin gəlmədi. İttihamlar saxtadır. Əməliyyatdan əvvəl bir neçə ay həm Abbas Hüseynovun, həm də Taleh Bağırovun telefon danışıqlarına qulaq asılıb. Amma bu danışıqlarda heç nə yoxdur”.

Müdafiəçi əmindir ki, Nardaran hadisələrinin gerçək günahkarları, altı nəfərin ölümünə səbəb olanlar da nə vaxtsa cəzasını alacaq. Fariz Namazlı məhkəmə prosesinə sədrlik edən hakimə müraciət edərək deyib: "Siz Hacı Məmmədovun dəstəsinin işinə baxan məhkəmə tərkibində olmusunuz. İstərdim ki, nə vaxtsa Nardaran hadisələrinin gerçək günahkarı olan, adamlara işgəncə verən "bandotdel" əməkdaşlarının da işinə baxasınız".

Buna da bax:​ Ötən il İslamla mübarizə, bu ilsə İslamla həmrəylik ili

Hakim etiraz edib:

- Bu, məhkəməyə təzyiqdir.

- Qətiyyən təzyiq deyil, sadəcə, mənim arzumdur.

Daha sonra vəkil Cavad Cavadlı çıxış edib. O bildirib ki, təqsirləndirilən şəxslərin əməllərində cinayət tərkibi yoxdur: "26 noyabr Azərbaycan tarixində qara ləkə olaraq qalacaq. Cəmiyyətdə çaşqınlıq vardı, ancaq zaman hər şeyi həll etdi. Sizin verəcəyiniz qərar siyasi qərardır. Mən sizin yerinizdə olmaq istəməzdim. Biz bunu anlayırıq ki, siyasi məhkəmədir, amma tam da olmasa, ədalətli qərar gözləyirik. Bəraət hökmünün çıxarılmasını istəyirəm".

Ardınca təqsirləndirilən şəxslərin son sözü başlanıb. Bu gün (yanvarın 11-də) dörd nəfər - Aqil İsmayılov, Cabbar Cabbarov, İbrahim Xudaverdiyev və Abbas Hüseynov son sözünü söyləyib.

Buna da bax: 'Məni İlham Əliyev eşitsin, dövləti çevirən onun özüdür'

“Deyiblər ki, onsuz da Taleh Bağırovla Abbas Hüseynov…”

Abbas Hüseynov bildirib ki, onların həbsinin gerçək səbəbi haqqı qoruyub, ölkədəki zülmə etiraz etmələridir: “Nardaranda əməliyyat zamanı dünyasını dəyişənlərin hamısını polislər öldürüb”.

Abbas Hüseynovun fikrincə, Nardaran hadisələrinə görə daxili işlər naziri Ramil Usubovla yanaşı, prezident də məsuliyyət daşıyır: "Əvvəla, Ramil Usubovun özü müsahibəsində dedi ki, Nardaran qətliamının göstərişini İlham Əliyev verib. İkincisi, İlham Əliyevin borcudur ki, ona verilən məlumatı araşdırsın. Bizim həbsimiz YAP hakimiyyətinin Taleh Bağırzadənin (Taleh Bağırov nəzərdə tutulur – red.) tənqidlərinə dözümsüzlüyünün nəticəsi idi. “Bandotdel”də deyiblər ki, onsuz da Taleh Bağırovla Abbas Hüseynov həbsxanadan sağ çıxmayacaqlar”.

Abbas Hüseynov son sözündə işgəncələrdən də danışıb: "Bandotdel"dəki işgəncələrdən sonra Kürdəxanı təcridxanasına gətirildiyim gün 20 nəfər məni çəkmə ilə döydü. Bununla da ürəkləri soyumadı, məni karsda əlimi çarpayıya qandallayıb yenə döydülər. Soyuq dekabr ayında, gecə saat 4-də məni titrəyə-titrəyə gəzinti otağına aparıb yenə döydülər. "Bandotdel"də Əbülfəz Bünyadovun sinəsinin üstündə oturub, zorla arağı ağzına töküblər”.

Buna da bax:​ «Nardaran işi»ni məhkəmə önündə gözləyənlər- [fotolar]

Abbas Hüseynov çıxışının sonunda bildirib ki, xalqın azadlığı uğrunda mübarizə aparmağından qürur duyur və bu mübarizədə ömürlük həbsə hazırdır.

“Babam Qarabağda şəhid olub ki, günahsız nəvəsi zindana atılsın?!”

"Babəkin sözlərinə belə dəyişiklik edərdim: Bir gün Əliyev hakimiyyətinə xidmət edib çöldə olmaqdansa, 40 il zindanda olmağı daha üstün tuturam" – təqsirləndirilən Aqil İsmayılovun sözləridir.

O bildirib ki, Nardaran hadisələrində günahsız övladları qətlə yetirilən, həbs olunan anaların göz yaşları bu hakimiyyətin sonunu gətirəcək.

Nardaran əməliyyatı günü ilk dəfə Taleh Bağırovu görmək üçün Əbülfəz Bünyadovun evinə getdiyini və orada həbs olunduğunu deyən Aqil İsmayılov bildirib ki, əslində, Nardaranda xalqa qarşı cinayət törədilib.

Buna da bax: Taleh Bağırovun oğluna doğum şəhadətnaməsi verilmir

Ölkədə korrupsiyanın geniş yayılmasından, müstəqil məhkəmələrin olmamasından, Qarabağın işğalından danışan Aqil babasının cəbhədə şəhid, atası və əmisinin isə Qarabağ veteranı olduğunu vurğulayıb: "Mənim babam Qarabağda ona görə şəhid olub ki, günahsız nəvəsini tutub zindana salsınlar?! Biz bu gün həm də Qarabağın, hər kəsin azadlığı uğrunda mübarizəmizə görə həbsdəyik".

57 yaşlı İbrahim Xudaverdiyev deyir ki, həbs olunarkən ona verilən işgəncələrin nəticəsi olaraq, bu gün də ayaq üstə dayanıb namaz qıla bilmir: “Elə işgəncələr veriblər ki, deyiləsi deyil. Fikirləşirdilər ki, ölər, deyərik, xəstə idi. Necə ki əsgərləri döyüb öldürüb, adını da qoyurlar, “xəstə idi”. Xəstə adamı niyə hərbiyə aparırsınız?”.

İbrahim Xudaverdiyev heç birinin silahı olmadığını söyləyib: “Necə olur, guya buradakıların hamısında ya tapança, ya qumbara olub, amma heç biri də atmayıb, gözləyib ki, polis gəlsin, ona versin?”.

Buna da bax:​ 2-ci Nardaran işi: ''Bandotdel' bizə 10 gün 'qonaqlıq' verdi'

Ona prokurorun istədiyi 15 illik cəzaya gəlincə, Xudaverdiyevin fikrincə, günahsız adama, hətta 5 il də həbs vermək elə ömürlük cəzaya bərabərdir.

“Azərbaycanda haqq-ədalətin açılışını edib, lentini kəsmək lazımdır”

Təqsirləndirilən Cabbar Cabbarov da Nardaranda qan tökülməsinə görə Ramil Usubovla yanaşı, həm də prezidenti günahkar bilir. Deyir ki, Əliyevin çıxışlarında bəhs etdiyi “güclü ordu” Nardaranda xalqa hücum elədi, vətəndaşları qətlə yetirdi, özü də daxil, çoxsaylı adamları əsir götürdü: “İlham Əliyevin yumurtanın bahalaşmasından xəbəri olur, Nardaranda, əslində, nəyin baş verməsindən xəbəri olmur? Azərbaycan xalqının yumurta qədər dəyəri yoxdur? Dəfələrlə məhkəmədə dedik ki, “bandotdel”də birinci xanımı təhqir elədilər. İlham Əliyev bunu niyə araşdırmır? Deyir ki, “mən Azərbaycan xalqını sevirəm”. Bəs niyə araşdırmır ki, bu xalqın qanını niyə tökdülər? Bunlar, təkcə xalqla yox, həm də Allahla düşmənçilik eləyirlər. İlham Əliyev bilsin ki, bizim onun kreslosunda, hakimiyyətində gözümüz yoxdur. Biz sadəcə, ölkədəki haqsızlıqlara, talançılığa etiraz eləmişik, eləyəcəyik də”.

Buna da bax:​ 'Bundan sonra paqonlular sizi əyməyə çalışacaqlar'

Cabbar Cabbarov ömürlük həbs cəzasından çəkinmədiyini, əsl günahkarlar cəzalananadək həbsxanada oturub gözləyə biləcəyini deyir. O, çıxışının sonunda prezidentə müraciət edib: “Tez-tez enli yolların, yeni obyektlərin açılışını eləyirsiniz, lentini kəsirsiniz. Azərbaycanda bunlardansa, haqq-ədalətin açılışını eləyib, lentini kəsməyə ehtiyac var”.

Məhkəmə yanvarın 16-da qalan təqsirləndirilənlərin son sözü ilə davam edəcək.

XS
SM
MD
LG