Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 17:13

Səməd Seyidov: 'Çətindir, bəli! Problemlər var'


Səməd Seyidov
Səməd Seyidov

Avropa Şurası Parlament Assambleyasının qış sessiyası başlanıb. Sessiyadan öncə bir qrup vətəndaş cəmiyyəti fəalı Azərbaycanın bu qurumdakı nümayəndə heyətinin səsvermə hüququnun dondurulması üçün AŞPA-ya müraciət göndərmişdi. Onlar bunu nümayəndə heyətinin iki üzvünün adının korrupsiya ittihamında hallanması ilə izah etmişdilər. Yerli mətbuat Strasburqdakı tədbirə iki deputatın getmədiyini yazıb.

Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov AzadlıqRadiosu-na müsahibəsində bu məsələlərə toxunub:

Buna da bax:​ TI: 'AŞPA-da Azərbaycan deputatlarının davranışı araşdırılsın'

Səməd Seyidov: “İlqar Məmmədovla bağlı mövqeyimizi axıradək müdafiə edəcəyik...”
Gözlə

No media source currently available

0:00 0:05:39 0:00
Direct-ə keçid

– Çox təəssüflər olsun ki, AŞPA-nın qış sessiyasına bir neçə gün qalmış Azərbaycan nümayəndə heyətilə bağlı beynəlxalq davranış qaydalarına sığmayan müraciətlər göndərilməyə başlandı. Bura həmin heyət barədə 58 nəfərin imzaladığı sənəd göndərilib. Bundan başqa, mən biləni bir neçə müraciət də daxil olub. Onlardan birini Cəmil Həsənli göndərib Avropa Şurasının Parlament Assambleyasına. Bir vacib məsələni deməliyəm. Azərbaycanın Avropayla, Avropa Şurası ilə münasibətlərinə belə müraciətlər təsir göstərmir. Belə müraciətlər yalnız və yalnız qərəzli və provokativ xarakter daşıyır. Avropa Şurası ilə münasibətlərimiz normal şəkildə cərəyan edir. Biz Avropa Şurası qarşısında öhdəliklərimizi yüksək səviyyədə həyata keçiririk. Bu yaxınlarda cənab prezidentin verdiyi əfv fərmanı və atdığı addımlarla Avropa Şurasının məruzəçilərinin adını çəkdiyi xeyli insan azadlığa buraxılıb. Bu gün münasibətlərimizdə gərginlik yoxdur. Belə süni gərginlik yaratmaq, xüsusən, heç bir əsası olmadan Luca Volonte-nin işindən sui-istifadə edərək, Azərbaycan nümayəndə heyətinin işinə xələl gətirmək cəhdləri həmin insan və təşkilatların özlərinə ziyan vurur, bizə yox.

Buna da bax: Rüşvətdə adı hallanan deputatlar AŞPA-ya getmədi

– Səməd müəllim, dediklərinizdən belə anlaşılır ki, bu müraciətlər müzakirəyə çıxarılmayacaq?

– Bu gün – yanvarın 23-də Azərbaycan nümayəndə heyətinin səlahiyyətləri tam təsdiqlənib. AŞPA-nın iclasında bu məsələni bir nəfər də qaldırmayıb. Bilirsiniz niyə? Ona görə yox ki, onların iddia etdiyi kimi, Azərbaycan nümayəndə heyəti AŞPA-da hansısa lobbisini və ya hansısa məsələləri işə salıb. Ona görə ki, qaldırdılan məsələ əsassızdır, hüquqi müstəvidə təhlil edilməsi ehtimalı olmayan məsələdir. Bu, sadəcə, gedən istintaqa təzyiq göstərmək və Azərbaycana təsir göstərmək cəhdidir. Səlahiyyətlərimiz tam təsdiq olunub və biz işləyirik.

– Yerli media nümayəndə heyətinə daxil olan, adı korrupsiya qalmaqalında hallanan iki deputatın AŞPA-nın sessiyasında iştirak etməyəcəyini yazdı. Bu məlumatların nə dərəcədə əsası var?

– Nümayəndə heyətinə 12 nəfər daxildir. Hər bir üzvümüzün səlahiyyəti təsdiqlənib. İki nəfərin – Elxan Süleymanovla Müslüm Məmmədovun adını Luca Volonte-ninin işinə qatmaq cəhdi alınmadı, alına da bilməzdi. İstintaqa təzyiq qəbuledilməzdir. Kiməsə böhtan atanda, düşünmək lazımdır. Bu səhər artıq bizim nümayəndə heyətinin bütün üzvlərinin, o cümlədən Elxan Süleymanovla Müslüm Məmmədovun səlahiyyətləri təsdiqlənib, biz komitələrdə, AŞPA-nın iclaslarında işləyirik. Bu məsələ həll olunub. Bundan sonra nə istəyirlər yazsınlar.

Buna da bax: Avropa Birliyi ilə danışıqlara hazırlıq gedir

– Səməd müəllim, qış sessiyası ərəfəsində Avropa Şurasından Azərbaycana REAL hərəkatının həbsdəki sədri İlqar Məmmədovla bağlı missiya gəlmişdi. Belə bir missiyanın göndərilməsini necə qarşıladınız və Strasburqda İlqar Məmmədov məsələsi yenidən gündəmə gətiriləcək?

– Biz istənilən missiyanı qarşılamağa, fikir mübadiləsi aparmağa hazırıq. Öz mövqeyimizi axıradək müdafiə edəcəyik. Burda əsas məsələ odur ki, bu gün Avropa Şurası ilə Azərbaycan arasında diktə, barmaq göstərmək siyasəti, təzyiqlər işləmir. Təşkilatla ölkə arasında mövqelərin üst-üstə düşməsi istiqamətində ardıcıl iş aparılır. Çətindir, bəli! Problemlər var. Bizim məsələlərə müxtəlif baxışlarımız var. Amma heç kim demir ki, biz Avropa Şurasının dediyinin hamısını qəbul edəcəyik. Bizim aramızda məsələlər var. Bu gün AŞPA-nın iclasının açılışında Azərbaycanla bağlı müsbət məqamlar qeyd olundu, onunla yanaşı, Avropa Şurasını narahat edən məqamlara da toxunuldu.

– Hansı məqamlara toxunuldu?

– Müxtəlif məsələlər vardı. İnsan haqları ilə bağlı məqamlar vardı. Qeyd olundu ki, Azərbaycan Avropa Şurasının siyahısında olan xeyli insanı azadlığa buraxıb. Ancaq bununla yanaşı deyildi ki, bu istiqamətdə iş aparılmalıdır. Bu başadüşüləndir, normaldır. Amma barmaqdan sorulmuş məsələni Avropa Şurasına təqdim edib, Azərbaycan nümayəndə heyətini səsvermə hüququndan məhrum etmək istəyi, sadəcə, provokasiyadır. Bu provokasiya keçə bilməzdi. Keçmədi də.

Buna da bax:​ Əcaib siyasət: Avropa Şurası, futbol və kürü diplomatiyası

– İlqar Məmmədovun azadlığa buraxılması haqda çox danışılır. Müsbət qərar gözləmək olarmı, sizcə?

– Mən ehtimallarla danışa bilmirəm. Bu istiqamətdə Azərbaycan öz mövqeyini ortaya qoyub və Avropa Şurasıyla da bu istiqamətdə fikir mübadiləsi aparılır. Hər bir halda hesab edirəm ki, dialoq və qarşılıqlı anlaşma, qarşılıqlı hörmət çox vacibdir. Ancaq hansı nəticə əldə olunacaq, bu, bizim səlahiyyətimizdə deyil. Heç kim Avropa Şurasının İlqar Məmmədovla bağlı mövqeyini Azərbaycana təzyiq kimi qarşılamasın. Biz qarşılıqlı olaraq, bir-birimizi normal anlayırıq.

Xatırlatma

Bir qrup vətəndaş cəmiyyəti fəalı AŞPA-ya məktub ünvanlayıb. Onlar Azərbaycan nümayəndə heyətinin səsvermə hüququnun dondurulmasını tələb ediblər. Buna səbəb nümayəndə heyətinə daxil olan iki deputatın adının bu qurumun keçmiş vitse-prezidenti Luca Volonte-yə 2,39 milyon avro rüşvət verməsi qalmaqalında hallanması olub. İddialara görə, həmin vəsait bir neçə il əvvəl Azərbaycanda siyasi məhbuslarla bağlı AŞPA-da qətnamənin qəbul edilməməsinə xərclənib.

Buna da bax: Səməd Seyidov: 'Hələ heç kim ittiham olunmayıb'

Sessiya başlamazdan əvvəl “Trensparency International” beynəlxalq təşkilatı da korrupsiya iddialarının araşdırılması tələbi ilə Avropa Şurası rəhbərliyinə müraciət edib.

XS
SM
MD
LG