Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 15:33

Bloomberg: Koronavirus Putin rejiminin zəifliyini faş etdi


Politoloq Clara Ferreira Marques Bloomberg saytında yazır ki, Rusiyada koronavirus epidemiyasının əvvəllərindən karantinə çəkilən prezident Vladimir Putin səhnəyə qayıdıb, amma onun televiziya ilə müraciətlərində söz, əməli getdikcə daha çox üstələyir.

İqtisadiyyatın aşağı neft qiymətlərinə görə çökdüyü, epidemiyanın ağırlaşdığı bir vaxtda onun baş naziri də COVID-19-a yoluxub.

Məqalədə deyilir ki, bütün dünyada hökumətlər koronavirus pandemiyasına qarşı mübarizə aparır, amma Moskva eyni vaxtda üç mübarizə aparmalı olub.

Birincisi sürətlə yayılan virusun qarşısının alınması üçün birbaşa tibb və maliyyə tədbirlərinin görülməsi uğrundadır. İkinci mübarizə rekord həddə ucuzlaşmış neftin gətirdiyi iqtisadi çətinliklə mübarizədir. Və nəhayət uçuncü mübarizə Putini 2024-cü ildən sonra da hakimiyyətdə saxlayacaq konstitusiya dəyişiklilərinin həyata keçirilməsi üçün aparılır. Bu üç vəzifənin öhdəsindən gəlmək hətta özünü hərəkət adamı kimi göstərməyə çalışan bir lider üçün də çox çətindir.

Marques yazır ki, Rusiya iqtisadiyyatı hazırda Sovet İttifaqının dağılmasından bəri ən dərin resessiyasına yuvarlanıb.

Putinin ən böyük siyasi böhranı

İqtisadçı Sergey Guriyevin hesablamalarına görə Rusiyanın builki geriləməsi 9 və ya 10 faiz olmalıdır. Bu, 2009-cu il maliyyə böhranı zamanında olduğundan da pis göstəricidir.

Rusiya Ali İqtisad Məktəbinin martda keçirdiyi sorğuya rusiyalıların 60 faizi gəlirlərinin dəyişmədiyini bildirmişdi. Amma aprelin sonlarında bunu rəyi soruşulanların yalnız beşdə biri bildirib.

Hazırda Rusiyada Çində olduğundan daha çox koronavirus yoluxması qeydə alınıb. Epidemiya yanlış testlərdən tutmuş çatışmayan xəstəxana çarpayılarınadək Rusiya səhiyyəsinin bərbad vəziyyətdə olduğunu faş edib.

Bloomberg yazarı düşünür ki, bu, Putinin hakimiyyətdə olduğu iki onillik ərzində qarşılaşdığı ən böyük siyasi böhrandır.

Xəsislik vaxtı deyil

Müəllfin fikrincə əslində COVID-19-la aşağı neft qiymətlərinin eyni vaxtda baş verməsi yuxarıdan aşağıya tabeçiliyi olan patriarxal sistemin üstünlüyünü göstərmək üçün bir fürsət ola bilərdi, lakin əvəzində içiboş inzibati strukturun zəifliyini üzə çıxartdı.

Ehtiyat fondunda qara gün üçün saxlanan 165 milyard dolların olmasına baxmayaraq dövlət əhaliyə biganə vəziyyətdə qalıb. Rusiya əhalisinə, ölkənin 6 milyon kiçik biznesinə dəstək verilmir.

Marques yazır ki, davam edən böhranın sonrakı mərhələlərdə necə olacağını bilmədən bəzi qənaətcilliyin nümayiş etdirilməsi başa düşüləndir və hakimiyyət böyük şirkətlərin öz işçilərini ixtisar etməyəcəyinə arxayındır. Buna görə də böhranın aşılması üçün kiçik müavinətlər, vergi tətilləri və işsizlik vəsaitinin azacıq qaldırılması kimi yetərsiz tədbirlərə əl atılır.

Beynəlxalq Valyuta Fondunun hesablamasına görə Rusiyanın maliyyə xilası üçün indiyədək ayırdığı pul onun ümumi daxili gəlirinin 2, 8 faizini təşkil edir. Halbuki bunun da böyük bir hissəsini kreditlər və kreditlər üzrə ödəmələrə möhlət verilməsi təşkil edir.

Bloomberg yazarının fikrincə bu, ölkənin dirçəlişini təmin etməyəcək dərəcədə azdır.

Ötən ay tanınmış iqtisadçılardan ibarət qrup bildirmişdi ki, xilas paketi üçün tədbirlərə azı 4,5 trilyon rubl və ya 60 milyard dollar xərclənməlidir. Bu isə ÜDM-in 4 faizindən çoxu deməkdir.

Bunker barədə şayiələr

Müəllifin fikrincə epidemiya dövründə Putinin öz şəxsi performansı da zəif olub. Beləki onun mətbuat katibi bir neçə dəfə prezidentin bunkerdə gizlənməsinə dair şayiələri dağıtmağa çalışıb. İdarəetmənin xırdalıqlarına baş vurmaq istəməyən Putin özünü, belə görünür öhdəsindən gələ bilmədiyi böhrandan ona xas olmayan bir tərzdə aralı tutmaq yolunu seçib.

Məqalədə deyilir ki, o öz səlahiyyətlərini Moskva meri Sergei Sobyanın, xəstə baş nazir Mishustin və çox zəif imkanları olan regional liderlərə ötürüb. Bu, illərdir ki, davam edən mərkəzləşdirilmiş hakimiyyət və resurslar siyasətindən sonra çox qəribə görünür.

Siyasi təhlilçi Tatiana Stanovaya bildirir ki, Putin ümumxalq dəstəyi üçün narahatlıqdan yadırğamış birisini xatırladır.

Marques yazır ki, epidemiyadan əvvəl də Putinin reytinqi 2014-cü ildə Krımın ilhaqından bəri onsuz da rekord səviyyədə enmişdi.

Müəllifin fikrincə Putin heç şübhəsiz özünü Rusiyanın xilasına yetişmək istəyən birisi kimi göstərməyə çalışacaq. Ola bilsin ki, o səhvləri nazirlərin və yerli rəsmilərin boynuna qoymaqla nəhayət pul xərcləməyə də məcbur olsun. Amma Rusiyanın böhrandan sağalmasının uzun çəkəcəyi və onun xərclədiyi pulun yetərli olmayacağı təqdirdə günahı başqalarının üstünə atmaq asan olmayacaq.

Məqalədə deyilir ki, hazırkı vəziyyətdə alternativlərin çox olmadığı bir vaxtda ola bilsin, Putin üçün dərhal risk yaranmayacaq, amma onun uzunmüddətli ambisiyaları üçün mürəkkəbliklər yarana bilər.

Bu dəfə millətçi ritorika kifayət etməyə bilər

Londondakı King’s College Universitetinin Rusiya İnstitutunun direktoru Samuel Greene deyir ki, rusiyalılar öz problemlərini özləri həll etməyə və dövlətlə simvolik münasibətlərə alışıblar, amma bu, normal bir böhran deyil.

Alimin fikrincə, ehtiyatları sürətlə tükənən ailələr artıq özlərinə arxayın ola bilmirlər. Belə bir vəziyyətdə hakimiyyətin fəaliyyətsizliyi həmişəkindən daha kəskin hiss oluna bilər.

Məqalədə deyilir ki, nəticədə siyasi sistem daha da kövrəkləşir, təsisatlar aşılanır, apatiya yüksəlir və hökumət və prezidentə etimad isə azalır. Belə bir şəraitdə iqtisadi iflas hətta elitaları da təsirsiz buraxmayacaq.

Putin, əlbəttə, həmişə olduğu kimi öz hakimiyyətini möhkəmlətmək üçün millətçi ritorikaya üz tutacaq. Amma onun 2024-cü ildən sonra da hakimiyyətdə qalmaq ambisiyalarının gerçəkləşməsi konkret hərəkət tələb edəcək.

XS
SM
MD
LG