Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 23:13

NYT pandemiyada depressiyaya aparan hissdən yazır


İllüstrativ foto
İllüstrativ foto

Müəllif sanki günləri zorla bir-birinə calayaraq yaşamaq hissinin 2021-ci ildə dominant olacağını qeyd edir

“The New York Times” qəzeti koronavirus pandemiyasının insan səhhətinə daha bir təsirindən – əzginlikdən, əhvalsızlıqdan söz açır. Uorton Biznes Məktəbinin psixoloqu Adam Qrant yazır ki, çoxumuzun tükənmişliyə, depressiyaya yozduğumuz əzginlik, halsızlıq əslində, durğunluq, boşluq hissidir.

Müəllif sanki günləri zorla bir-birinə calayaraq yaşamaq hissinin 2021-ci ildə dominant olacağını yazır. Bu hiss depressiyadan daha geniş yayılıb, depressiya ilə xoş əhval arasında özünə ‘yer edib’ və bəzən zehni xəstəliklərə daha böyük risk faktoru sayılır.

Emosiyanın adını tapmaq

Psixoloqlar deyirlər ki, emosiyaları idarə etməyin ən yaxşı strategiyası onların adını tapmaqdır. Məsələn, ötən yaz pandemiyanın pik dövründə “Harvard Business Review” bir məqaləsində insanların yaşadıqları kollektiv diskomfort hissini “kədər” adlandırdı. “İndiyədək başımıza gəlməmiş bir təcrübəyə bizə tanış ad qoyduq. Ovaxtacan pandemiya görməmişdik, amma itkilərimiz olmuşdu. Keçmiş dirənişimizdən dərsləri yadımıza saldıq, bu müsibətin də öhdəsindən gələcəyimizə inamımız artdı”, – məqalədə deyilir.

Müəllif qeyd edir ki, “Necəsən?” sualına “Yaxşıyam” demək yerinə “Düzünü desəm, əzginəm” cavabını verə bilsək, toksik pozitivliyimizi təzələmiş olarıq.

O, halsızlığa qarşı bəzi mümkün müalicə yolları da təklif edir – özünüz üçün yeni hədəflər qoyun, zövq aldığınız, mənalı işlə məşğul olun. Amma bu dönəmdə əsas problem diqqətin yayınmasıdır. Doğrudur, hələ pandemiyadan öncə də adamlar gündə 74 dəfə email yoxlamağa, hər 10 dəqiqədən bir gördükləri işdən ayrılmağa vərdiş eləmişdilər. Pandemiya ilində isə evdə uşaqlar, dünyanın dörd tərəfindən həmkarlar, sutkanın 24 saatı müdirlər elə fikrimizi yayındırmaqla məşğuldurlar.

İş zamanı özünə müəyyən sərhədlərin qoyulması da çıxış yolu ola bilər. Məsələn, illər öncə, Hindistanda bir şirkət həftənin üç günü günortayədək bir-birinin işinə müdaxilə etməmək qaydası tətbiq edir. Mühəndislər bu qaydaya əməl edəndə 47 faiz orta göstəricidən yuxarı məhsuldarlıq əldə edir.

Dünyaya vaksin lazımdır

“The New York Times” redaksiya məqaləsində dünyada vaksin çatışmazlığını həll etməyin yollarını göstərməyə çalışır. Qəzet qeyd edir ki, Birləşmiş Ştatlar kimi xüsusi çəkisi və aşırı vaksin ehtiyatı olan ölkələr bəzi tədbirlərə əl ata bilərlər.

Birincisi, vaksin tədarükünü dayandırmaqdır. Ən zəngin ölkələrdə dünya əhalisinin 16 faizi yaşasa da, koronavirus dozalarının 53 faizini alıblar. İyulun sonuna ABŞ-ın 300 milyon dozası artıq qala bilər.

Daha bir yol vaksinlərə görə patentlərin ləğvi ola bilər. 60-dək ölkə Dünya Ticarət Təşkilatına müraciət edərək koronavirus dərmanlarının mülkiyyət hüquqlarının pozulmasına icazə istəyib. “Bayden administrasiyası bu təklifi dəstəkləyə bilər”, – qəzet yazır.

Qəzet texnologiya və resursları paylaşmağın, vaksin istehsalını genişləndirməyin, alternativlərə investisiya qoymağın da vaksin qıtlığı probleminə töhfə verəcəyini qeyd edir.

İndiyədək dünyada COVİD-19-a 147 milyondan çox yoluxma, 3 milyon 100 mindən artıq ölüm aşkarlanıb.

XS
SM
MD
LG