Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:25

Rusiyadan hava şirkətlərinə xəbərdarlıq


Belavia təyyarəsi
Belavia təyyarəsi

Kreml Moskvaya uçuşların təxirə salınmasını “texniki səbəblər”lə əsaslandırıb

Rusiyanın dövlət hava nəqliyyatı agentliyi bildirir ki, Avropadan Rusiyaya marşrutlarda dəyişiklik yubanmalara səbəb ola bilər. Bir sıra şirkətlər Belarusun hava məkanına girməməkdən ötrü marşrutu dəyişirlər.

“Rosaviatsiya” mayın 28-də bildirib ki, hava şirkətlərinə yubanmalarla bağlı xəbərdarlıq edib. Bundan öncə Rusiya Belarusa səmasına girməyən iki Avropa təyyarəsinə giriş verməyib.

Belarusa sanksiyalar müzakirə olunur

Avropa Birliyi liderləri hava nəqliyyatı şirkətlərindən Belarusun hava məkanından yan keçməyi xahiş ediblər. Səbəb mayın 23-də “Ryanair” təyyarəsinin zorla Minskə endirilməsi və belaruslu dissident jurnalistlə sevgilisinin saxlanmasıdır.

Avropanın qadağası Belarusun Belavia şirkətini bəzi işçilərini işdən müvəqqəti kənarlaşdırmağa, Avropanın azı 7 ölkəsinə və Rusiyanın Kalininqrad eksklavına uçuşları təxirə salmağa məcbur edib.

Mayın 28-də Rusiya Prezidenti Vladimir Putin belaruslu həmkarı Alyaksandr Lukaşenka ilə Rusiyanın Soçi kurortunda böhranı müzakirə etməlidir.

Mayın 28-də AB-nin xarici işlər nazirləri Lissabonda “Ryanair” insidenti ilə əlaqədar Belarusa mümkün iqtisadi sanksiyaları müzakirə edirlər. Blokun Xarici siyasət rəhbəri Jozep Borrel böhranın qızışa biləcəyi ilə bağlı xəbərdarlıq edib. Bir gün öncə Moskva “Air France” və “Austrian Airlines” şirkətlərinin uçuşlarına icazə verməyib.

“Bu, hava nəqliyyatında böyük problem idi, amma biz hələ də bilmirik ki, bu, spesifik hal idi, yoxsa Rusiya hakimiyyətinin ümumi addımı”, – Borrel jurnalistlərə deyib.

Rəsmi reaksiyalar

Kreml Moskvaya uçuşların təxirə salınmasını “texniki səbəblər”lə əsaslandırıb.

“Bu günlər aviasiya orqanları çox çalışırlar. Həqiqətən də vəziyyət adilikdən çıxıb. Əlbəttə, belə vəziyyətlərin yaranmamasını istərdik”, – sözçü Dmitri Peskov jurnalistlərə deyib.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova isə daha sərt danışıb. O, Facebook postunda Qərb ölkələrini “tamamilə məsuliyyətsiz” davranmaqda, Belarus üzərindən uçuşları yasaqlamaqla sərnişinlərə təhlükə yaratmaqda suçlayıb.

“Air France” bu həftə Parisdən Moskvaya iki reysini təxirə salıb. Səbəb Rusiyanın Belarus səmasından yan keçən uçuş planını rədd etməsidir.

“Austrian Airlines” mayın 27-də bildirib ki, Rusiya yeni marşrut planını təsdiqləmədiyi üçün Vyana-Moskva reysi təxirə salınıb.

TASS xəbər agentliyinin məlumatına görə, mayın 28-də “Austrian Airlines” şirkətinin Belarus səmasına girmədən Moskyava uçuş gerçəkləşdirməsinə icazə verilib.

XS
SM
MD
LG