Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 03:52

Sosial şəbəkələr: ‘Avropa Lukaşenkanı necə ağrılı yerindən vurduğunu bilmir’


Kiyevdə Xarici İşlər Nazirliyinin qarşısında Belarusda həbs olunmuş bloger Raman Prataseviçə dəstək aksiyasında
Kiyevdə Xarici İşlər Nazirliyinin qarşısında Belarusda həbs olunmuş bloger Raman Prataseviçə dəstək aksiyasında

Rusiyanın mülki aviasiyaya rəhbərlik edən dövlət qurumu - Rosaviasiya bildirib ki, Belarusdan yan keçmək niyyətində olan Avropa təyyarələrinə Rusiyanın hava məkanına daxil olmaq icazəsinin verilməsində gecikmə belə ricaların çoxluğu ucbatından baş verib.

Qurum bildirib ki, Rusiya hakimiyyət orqanları ən yaxın bir müddətdə Avropanın aviaşirkətlərinə Rusiyaya Belarus üzərindən keçməyən alternativ marşrutla uçmaq icazəsi verəcək.

Bu barədə məlumatı Rusiyanın RBK agentliyi Nəqliyyat Nazirliyindəki mənbəyə istinadən verib.

Nazirlikdən bildiriblər ki, belə icazələrin verilməsi avialaynerlər üçün yeni marşrutların üzərində müəyyən iş tələb edir.

Rusiyanın iri aviaşirkətlərindən birindəki mənbə də Forbes jurnalına icazələrin gecikməsini texniki səbəblərlə izah edib.

Mayın 28-də Rusiya hakimiyyət orqanları nəhayət ki, Austrian Airlines Avstriya aviaşirkətinin təyyarəsinə Vyanadan Moskvaya Belarus səmasından yan keçərək uçmaq icazəsi verib.

Bundan əvvəl nə olmuşdu?

Mayın 27-də Avropa aviaşirkətlərinin bir neçə reysi Rusiyanın hava məkanına daxil ola bilməmişdi.

Rusiyanın rəsmi aviasiya qurumu bu xəbərlə bağlı heç bir rəsmi açıqlama verməmişdi.

Xəbər verilirdi ki, mayın 26-da Fransanın AirFrance hava şirkətinin AF1154 Paris-Moskva reysinin marşrutunun dəyişdirilməsi barədə ricasına da Rusiyadan rədd cavabı verilib.

Şirkət Moskvaya yaxın günlərdəki uçuşlarını ləğv etməyib, amma mayın 27-də Moskvaya uçmalı olan sərnişinləri Aeroflotun təyyarəsinə yerləşdiriblər.

Mayın 27-də Avstriya hava yolları şirkətinin Vyanadan Moskvaya uçan reysi də ləğv olunmuşdu.

Bu dəfə də Moskva təyyarənin Belarusdan yan ötən marşrutu ilə razılaşmamışdı.

Lukaşenka düz anlamayıb?

Interfax agentliyi bildirir ki, sözü gedən reyslər çarter reysləri olub, beləki Rusiyadan Avstriya və Fransaya pandemiyaya görə dayandırılmış müntəzəm reyslər hələ bərpa olunmayıb.

Məhz bu səbəbdən də çarter reyslərinin hər biri ayrıca olaraq Rusiyanın mülki aviasiya rəsmiləri ilə razılaşdırılmalıdır.

Maraqlıdır ki, mayın 28-də Soçidə Vladimir Putinlə görüşündə Belarusun avtoritar başçısı Lukaşenka Avropa İttifaqının Belarusun dövlət hava yolları şirkəti – Belavia təyyarələrini Avropanın hava məkanına buraxmamaq qərarından gileylənib.

Bu da maraqlıdır ki, o, Rusiyanın son bir neçə gündə Belarusdan yan uçan təyyarələri qəbul etməməsini Belarusun Rusiya tərəfindən dəstəklənməsi kimi başa düşüb və Putinə təşəkkürünü bildirib.

AzadlıqRadiosunun Rus xidməti yazır ki, Putin Lukaşenkanın bu qənaətinə etiraz etməsə də əlavə heç nə deməyib.

“Əvəzində Lukaşenka Protaseviçi və Sonyanı ələ keçirib”

AzadlıqRadiosunun Rus xidməti yazır ki, Rusiyanın sosial media istifadəçiləri Avropa İttifaqının Belarus təyyarələrinin ittifaqın hava məkanına buraxılmamasına dair tədbirlərini, habelə Brüsselin Belarus üzərindən uçmamaq üçün bütün dünya aviaşirkətlərinə müraciətini geniş müzakirə edirlər.

İstifadəçilərin fikrincə əgər Avropa İttifaqı Belarus təyyarələrinin öz hava məkanına buraxılmamasına dair niyyətini həyata keçirsə, Lukaşenkaya qarşı sanksiyaların miqyası bütün gözləntiləri vurub keçəcək.

Anna Monqayt adlı istifadəçi yazır:

“Avropa İttifaqının heç bir aviaşirkəti Belarusa uçmayacaq! Belarusdan da heç kəs uça bilməyəcək! Belarus üzərindən də heç kəs uçmayacaq! Görünür ora yalnız Aeroflot uçacaq. Belavia şirkətinin təyyarələri də yalnız Rusiyaya və üçüncü dünya ölkələrinə uça biləcək. Aviatəcrid. Əvəzində Lukaşenka Protaseviçi ələ keçirib. Bir də onun sevgilisi Sonyanı”.

İstifadəçilər yazırlar ki, Belarusla aviasiya əlaqəsi tam kəsilməyəcək. Üçüncü dünya ölkələrinin reysləri Belarusdan tranzitlə keçəcəklər. Amma hətta bu şəkildə də “hava izolyasiyası” Belarus üçün çox ağrılı tədbirdir.

Lukaşenkanın sevimli oyuncağı

İvan Yakovina adlı istifadəçi isə yazır ki, gözlənilən sanksiyalar Lukaşenkanın “ən sevimli oyuncağı” Belavia şirkətini zərbə altında qoyacaq.

“Bu çox mühüm məqamdır. Lukaşenka üçün Belavia çox mühüm, şəxsi və sevimli layihədir.

O bu aviaşirkətin inkişafına şəxsi vaxtının çoxunu, iri məbləğdə pulları sərf edib, əməlli-başlı tər töküb. Belavia ilə uçanlar deyirlər ki, o kiçik, amma əla təchizatlı, əla xidmətli və yeni gözəl bir parkı olan şirkət yarada bilib. Bu şirkət rejimin və ölkənin əsl iftixar mənbəyidir.

Lukaşenka üçün Belavia, Putin üçün Soçi Olimpiadası, Şimal Axını 2 kəməri deməkdir. Bu şirkət min bir əziyyətlə bəslənib, məhəbbətlə, böyük xərclərlə ərsəyə çatdırılan uşaq kimidir.

İndi isə Avropa İttifaqı bu uşağa uzun və əzablı maliyyə boğulması vasitəsilə həyata keçirilən ölüm hökmü çıxarıb.

Zənnimcə, Lukaşenkaya nə qədər ağrıı zərbə vurduqlarıbnı avbropalıalrın özləri də dərk etmirlər”.

“Əclaflıq edirsənsə...”

Sosial şəbəkələrdə yazılanlara görə Belavia artıq əməkdaşlarının yarısını ixtisar etmək məcburiyyətindədir:

Lukaşenkanın son hərəkəti barəsində Rusiyanın tanınmış yazıçısı Boris Akunin (Çxartişvili) də fikir bildirib:

“Lukaşenka və Putinin rejimləri kimi diktaturaların rəzillik törətməsi artıq çoxdan bəridir heç kimi təəccübləndirmir. Biz buna öyrəncəliyik. Amma bu adamların uşaq kimi hərəkətlərinin nəticəsini görməməsi heyrətamizdir.

Axı aydın məsələdir: Əclaflıq edirsənsə, heç olmasa öz xeyrinə elə bunu. Amma bunlar hər dəfə sərrast şəkildə gülləni öz ayaqlarına vururlar”.

XS
SM
MD
LG