Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 15:39

Rusiyada xarici şirkətlər milliləşdirilə bilər


İllüstrativ foto
İllüstrativ foto

Layihəyə görə, dövlətə məxsus Vneşekonombank və ixraca zəmanət agentliyi xarici şirkətlərin əmlakını nəzarət hüququ əldə edəcək

Xarici şirkətlərin Rusiyadan kütləvi axınını önləmək məqsədilə ölkənin iqtisadiyyat nazirliyi qanun layihəsi hazırlayıb. Şirkətlərin milliləşdirilməsi üçün zəmin hazırlandığı görünür.

Layihəyə görə, dövlətə məxsus Vneşekonombank və ixraca zəmanət agentliyi xarici şirkətlərin əmlakını nəzarət hüququ əldə edəcək.

Rusiya fevralın 22-də Ukraynaya hücuma başlayandan xeyli sayda beynəlxalq şirkət Rusiyada fəaliyyətini dayandırıb.

Milliləşdirməyə doğru ilk addım

Hakim Vahid Rusiya partiyasının məlumatına görə, bu qanunvericilik “Rusiyanı tərk edən xarici təşkilatların milliləşdirilməsinə doğru ilk addımdır”. Hakim partiya parlamentdə çoxluqdadır və hökumətin, yaxud Kremlin təşəbbüslərini dərhal təsdiqləyir.

Qanunvericilikdə deyilir ki, xarici şirkətlərin rəhbərləri biznesin aparılmasını “de-fakto dayandırarsa”, Rusiyanın üç ay ərzində onları nəzarətə almaq hüququ olacaq. Yaxud xarici şirkət başçıları şirkətləri “əsassız” likvidasiya, yaxud müflis edərsə, hökumət altı ay ərzində onlara nəzarəti ələ keçirə bilər.

Yeni şirkətlərin səhmləri satışa çıxarılacaq, köhnələr isə likvidasiya ediləcək. Əgər yeni şirkətlərlə heç kəs maraqlanmasa, onlar milliləşdiriləcək, qanun layihəsindən belə çıxır.

Siyahı hazırlanıb

“İzvestiya” qəzeti nazirliyin hökumətə və Baş prokurorluğa Rusiya bazarını tərk etmiş və milliləşdirilməsi mümkün 60 xarici şirkətin siyahısını göndərib.

Siyahıda Volkswagen, Apple, IKEA, Microsoft, IBM, Shell, McDonald's, Porsche, H&M və digər şirkətlər var. “Goldman Sachs” ilk böyük Uol Strit bankı olaraq, Rusiyada əməliyyatları tamamilə dayandırdığını açıqlayıb. “JPMorgan Chase” Rusiyada bank biznesini tədricən dayandıracağını bəyan edib.

Rusiya Prezidenti Vladimir Putin martın 10-da ölkə iqtisadiyyatına zərbə vuran Qərb sanksiyalarından danışıb:

“Sanksiyaların təzyiqi həmişə olub. Əlbəttə, bu dəfə kompleks haldadır, bizə müəyyən çətinliklər, problemlər yaradır. Amma öncəki illər elədiyimiz kimi, indi də öhdəsindən gələcəyik. Bu periodu keçməliyik. İqtisadiyyat mütləq yeni vəziyyətə uyğunlaşacaq”, – Putin deyib.

XS
SM
MD
LG