Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 16:24

EITI rəsmisi: Avropa Azərbaycandan qazla yanaşı şəffaflıq istəyəcək


Azərbaycanın qaz gəlirləri beynəlxalq şəffaflıq qruplarının diqqətinə düşür
Gözlə

No media source currently available

0:00 0:04:11 0:00

Azərbaycanın qaz gəlirləri beynəlxalq şəffaflıq qruplarının diqqətinə düşür

Azərbaycan neftlə yanaşı Avropaya qaz da satmağa başlayıb, bəs qazanılan pulun şəffaflığına beynəlxalq nəzarət mümkündürmü?

Azərbaycanın beş il əvvəl tərk etdiyi beynəlxalq qurum - Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü – EITI-ın icracı direktorunun müavini Beydi Balde AzadlıqRadiosuna deyir ki, Ukrayna müharibəsindən sonra Azərbaycanın Avropanı qazla təchiz edən əsas ölkələrdən birinə çevrilməsi, hökumətin qazdan gələn gəlirlərinin necə xərclənməsinə beynəlxalq nəzarəti aktual edir.

Beydi Balde bildirir ki, Azərbaycan bu qurumdan kənar qalmaqla iki istiqamətdə imkan itirir.

Bir yandan vətəndaş cəmiyyətinin neft-qaz gəlirləri ilə bağlı məlumatlara çıxış imkanı olmur. Belə imkan olsaydı vətəndaş cəmiyyətinin problem gördüyü sahələrdə hökumətlə dialoq yaranardı. Digər yandan da bu qurumun hazırladığı ətraflı dəyər zənciri hesabatı ilə üzrə araşdırmalardan kənar qalır:

“Xüsusilə də dövlət neft şirkəti SOCAR-la bağlı Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünün bütöv dəyər zənciri hesabatı hazırlanırdı. Şirkətin neft hasilatı, transferi və satışının şəffaf şəkildə açıqlanmasına ehtiyac var. Azərbaycan qurumu tərk edəndən sonra Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü daha da təkmilləşib. İndi bizim əmlak ticarəti ilə bağlı xüsusi qaydalar toplumuz var və Azərbaycandan neft alan hər bir alıcıya şamil olunur. Əgər Azərbaycan üzv olsa, SOCAR da həmçinin eyni qaydada məlumatları açıqlamalıdır. Bu zaman bilinər ki, hansı şirkət SOCAR-a nə qədər pul ödəyib, SOCAR nə qədər vəsait qəbul edib və dövlət büdcəsinə nə qədər vəsait gedib. Bu isə ildə milyardlarla dollar pul deməkdir və necə idarə olunması diqqətlə incələnməlidir”.

Beydi Balde deyir ki, o müharibədən sonra yaranmış yeni vəziyyətdə Avropa İttifaqı ölkələrinin şəffaflıq barədə sorğu-sual aparmamış neft-qaz almayacaqlarına ümid edir:

“İnanırıq ki, Azərbaycanın Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünə qoşulması indi daha aktualdır. Ümid edirik ki, hökumət bu imkandan faydalanıb, yenidən üzvlük üçün müraciət edəcək. Üzvlük ona görə aktualdır ki, Ukrayna müharibəsi göstərdi ki, Azərbaycan kimi ölkələr Avropanın qazla təchizatında mühüm rol oynayacaqlar. Ukrayna müharibəsindən sonra TransAdriatik Boru Kəmərinə - TAP-a tələbat getdikcə daha da artacaq və odur ki, gərək yeni maliyyə axını şəffaf şəkildə xərclənsin. O cümlədən biz görürük ki, Avropa İttifaqı ölkələri Rusiyadakı yanaşmalarını daha təkrarlamayacaqlar. Rusiyada öyrənilmiş dərs ondan ibarət oldu ki, investorlar yalnız qazın qiyməti ilə maraqlanmayacaqlar, onların marağında olacaq ki, təbii sərvətlərdən gələn gəlirin xalqa necə xərclənməsini bilsinlər”.

Şəffaflığa dönüş ola bilərmi?

Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü hökumətlərin, korporasiyaların və maliyyə institutlarının dəstəklədiyi beynəlxalq qurumdur və təbii sərvətlərdən gələn gəlirlərin açıq və şəffaf şəkildə idarə olunmasını təbliğ edir.

Azərbaycan bu qrupu 2017-ci ilin martında tərk edib. Bundan əvvəl qurum Azərbaycanda ictimai azadlıqların məhdudlaşdırıldığını əsas gətirib onun koalisiya üzvlüyünü dayandırmışdı. Azərbaycan isə bu qərarı tamamilə ədalətsiz hesab edib qurumu təkr etmişdi.

Bəs hökumətin bu quruma geri dönmək planı varmı?

Dövlət Neft Şirkəti SOCAR AzadlıqRadiosunun bu haqda sualını cavablamayıb. Qurumun rəsmisi Bady Balde deyir ki, təcrübədə ölkələrin üzvlüyünü bərpa etməsi təcrübəsi var və Azərbaycan hökuməti siyasi iradə göstərərsə, bunu bərpa edə bilər.

Gəlirlərinin əsas hissəsi neft və qazdan gələn Azərbaycanın beynəlxalq şəffaflıq reytinqi də aşağıdır. Transparency İnternational beynəlxalq təşkilatının keçən ilə dair hesabatında Azərbaycan 180 ölkə arasında 128-ci yerdə göstərilir.

XS
SM
MD
LG