Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 18:30

Simonyan: 'Laçın dəhlizini Qarabağ qoy Azərbaycanla danışsın...'


Ermənistan Milli Məclisinin spikeri Alen Simonyan
Ermənistan Milli Məclisinin spikeri Alen Simonyan

Ermənistan Laçın dəhlizinin açılması üçün Azərbaycanla danışıqlarda iştirak etməyəcək, “Qarabağ hakimiyyətinin” Azərbaycanla birbaşa danışıb birbaşa danışıq aparmaq imkanı var və məhz onlar bu problemlə məşğuldurlar, Ermənistan isə Qarabağın istənilən qərarını dəstəkləyəcək.

Bunu yanvarın 12-də AzadlıqRadiosunun Erməni Xidməti – Azatutyuna Ermənistan Milli Məclisinin spikeri Alen Simonyan deyib.

Azatutyun vurğulayır ki, Ermənistan baş nazirinin son mətbuat konfransı Yerevanla separatçılar arasında fikir ayrılığının olduğunu nümayiş etdirib.

"Aydındır ki, onlar hansısa bir şəkildə danışırlar və söhbət edirlər"

Alen Simonyan deyib ki, “Qarabağ hakimiyyəti” Azərbaycan tərəfi ilə təmaslarda olub.

Spiker qeyd edib ki, bu əlaqələr Laçın dəhlizinin blokadasının ilk iki həftəsi zamanı da vardı, indi isə təmaslar dayandırılıb. Simonyan Qarabağ tərəfdən Bakı ilə danışıqlarda kimin olmasını deməyib:

“Son vaxtlara qədər mən bilirdim ki, kim danışır və nə danışırlar. Hətta prezidentlə də əlaqə olub, bu danışıqların aparıldığı müxtəlif kanallar var...Olmaya bilməz. Əgər mən indi desəm ki, bu heç vaxt olmayıb, yalan danışmış olaram. Aydındır ki, onlar hansısa bir şəkildə danışırlar və söhbət edirlər”.

Paşinyan: "Vəziyyəti daha da çətinləşdirən bəyanatlardan qaçmalıyıq"
Gözlə

No media source currently available

0:00 0:03:11 0:00

“Məgər Laçın dəhlizini Ermənistan bağlayıb?”

Azatutyun yazır ki, Simonyan Yerevanın Laçın dəhlizi ilə danışıqlara niyə daxil olmaq istəmədiyini də izah edib.

O bildirib ki, əgər Ermənistan bunu etsə, onda üçtərəfli bəyanatı etibarsız elan etməli olacaq.

Simonyanın fikrincə, Azərbaycanın bir məqsədi də Ermənistanı bu söhbətə çəkmək ola bilər ki, sonra da Ermənistan ərazisi ilə dəhliz açılması məsələsi ortaya çıxsın.

Spikerin sözlərinə görə, Ermənistanın xarici işlər naziri elə bu səbəbdən həmkarları ilə dekabrda Moskvada keçirilən görüşə qoşulmayıb.

Azatutyunun “Ermənistanın Laçın dəhlizi ilə bağlı danışıqlarda iştirak etməməsini düzgün sayırmı” sualına Simonyan “məgər Laçın dəhlizini Ermənistan bağlayıb?” sualı ilə cavab verib:

“Üçtərəfli razılaşmada Ermənistan tərəfinin Laçın dəhlizi ilə bağlı hər hansı addımları nəzərdə tutulubmu? Yox, tutulmayıb. Onda biz ermənilərin Artsaxda (Qarabağ-red) yaşamasına, Dağlıq Qarabağ adına və başqa şeylərə əsas verən üçtərəfli razılaşmanı niyə öz hərəkətlərimizlə ləğv etdirək? Yəni siz bu söhbətə tərəf kimi qoşulan andan 9 noyabr bəyanatını ləğv edirsiniz”.

Ermənistan müxalifəti: 'Paşinyan Qarabağ məsələsindən əl çəkdi'
Gözlə

No media source currently available

0:00 0:03:04 0:00

Vardanyan “ərazi müdafiəsinə hazırlıqdan” danışır

Qarabağ separatçılarının “dövlət naziri” kimi təqdim olunan Ruben Vardanyan yanvarın 12-də bəyan edib ki, ermənilərin bir aydır blokadada olduğu bir vaxtda Rusiya sülhməramlılarını tənqid etmək niyyətində deyil:

“Biz hər şeyi edəcəyik ki, rusiyalı sülhməramlılar burda həqiqətən də böyük rol oynadıqlaırnı hiss etsinlər. Hiss etsinlər ki, biz ermənilər onların düşdüyü çətin vəziyyəti anlayaraq onlara qarşı deyilik, onların tərəfindəyik, çünki onlar bizim yanımızda dayanıblar. Və bu vəziyyətdə rusların tənqid olunmasını dayandırın. Əgər bununla azərbaycanlılara kömək etdiyinizi başa düşürsünüzsə, bunu dayandırın”.

Azatutyunun yazdığına görə Vardanyan deyib ki, əgər Rusiya sülhməramlıları Qarabağda olmasaydı, ermənilər də orda ola bilməzdilər:

“Biz hər şeyi edəcəyik ki, onlar burda uzunmüddətli əsasda qalsınlar, güclənsinlər və biz də onların yanında olaq...Rusiya sülhməramlılarının çox məhdud mandatı var, sayları azdır və biz hər şeyi etməliyik ki, bu situasiyanı dəyişək. Bizim heç də təkcə daxili deyil, təhlükəsizliyimizin məsələlərindən biri də təkcə bütün dünyanın diqqətini cəlb etmək yox, sıx birliyimiz və ərazi müdafiəsinə hazırlığımızdır...”

Laçın dəhlizi ilə bağlı danışan Vardanyan deyib ki, yolu “razılaşmanı imzalayan ölkələrin rəhbərləri və bütün normal ölkələrin cəmiyyətləri” açmalıdır.

Bakının mövqeyi

Azərbaycan tərəfi bundan əvvəlki bəyanatlarında bildirib ki, Qarabağ erməniləri Azərbaycan vətəndaşlarıdırlar, Azərbaycan cəmiyyətinə inteqrasiya olunmalıdırlar və onlara Azərbaycanın bütün vətəndaşlarına verilən hüquqlar verilməlidir.

Bakı habelə bunun Azərbaycanın daxili işi olmasını və bu məsələni üçüncü bir tərəflə müzakirə etməyəcəyini bildirib.

Azərbaycan prezidenti İlham Əliyev bəyan edib ki, Azərbaycan Qarabağ erməniləri ilə təmaslara hazırdır və hətta belə təmaslar artıq var.

Bununla belə Əliyev qeyd edib ki, “Moskvadan xüsusi gündəliklə göndərilmiş” Ruben Vardanyanla heç bir danışıqlar aparılmayacaq.

Prezident yanvarın 11-də yerli telekanallara müsahibəsində habelə Rusiya sülhməramlılarının mandatının 2025-ci ildə bitəcəyini bir daha xatırladıb.

Xatırlatma

Dekabrın 12-dən Azərbaycan vətəndaşları Ermənistanı Qarabağla birləşdirən Laçın dəhlizində növbəli aksiya keçirirlər.

Ermənistan tərəfi Azərbaycanı bu aksiyanın arxasında durmaqda, Qarabağ ermənilərini blokadaya almaqda və "humanitar böhran" yaratmaqda ittiham edir.

Rəsmi Bakı isə bildirir ki, aksiyaçılar sərbəst toplaşmaq hüququna malikdirlər. Etirazçıların sözlərinə görə, onlar yolu bağlamayıblar, humanitar və təcili tibbi yardım maşınlarının keçməsinə imkan yaradırlar.

Bakı Qarabağda tanınmayan qurumu və Ermənistanı Azərbaycanın təbii sərvətlərini qanunsuz istismar etməkdə günahlandırır.

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin il Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG