Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 17:29

XİN: 'İran polisinin terror aktına müdaxilə etməməsi hadisənin əvvəlcədən…'


Yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub.
Yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub.

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) yanvarın 27-də İran İslam Respublikasındakı səfirliklərinə silahlı hücumla bağlı bu gün, fevralın 6-da yeni bir məlumat yayıb. Orada İran polisinə qarşı da bir sıra tənqidi fikirlər yer alır.

XİN qeyd edir ki, həmin gün, saat 08:34-də silahlı şəxsin səfirliyə daxil olmasından 2 dəqiqə sonra İran polisinə məxsus avtomobil səfirliyin yanına gəlsə də, giriş qapısının yaxınlığındakı postda dayanmış polis əməkdaşı ilə bir neçə saniyəlik söhbətdən sonra ərazidən uzaqlaşıb.

Habelə vurğulandığına görə, binanın daxilindən fasiləsiz atəş səslərinin gəlməsinə baxmayaraq, olaylara müdaxilə edilməyib: "…(səfirliyin əməkdaşı) V.Tağıyevin terrorçunu zərərsizləşdirmək üçün köməyə çağırmasına baxmayaraq, giriş qapısındakı postda dayanmış İran polisinin əməkdaşı hadisəyə nəinki müdaxilə etməyib, hətta postunu tərk edərək ərazidən uzaqlaşıb".

Nazirliyin açıqlamasında habelə yazılıb ki, "səfirliyin binasından çıxarılmış terrorçu gödəkcəsinin cibindən ehtiyat darağı götürərək avtomatına taxıb, iki dəfə kiməsə əl işarəsi göstərib, daha sonra səfirliyin giriş qapısına, habelə təhqiramiz ifadələr işlədərək səfirliyin binasında diplomatların ailə üzvlərinin yaşadıqları mənzillərin pəncərələrinə davamlı atəş açıb": "Terrorçu bu müddət ərzində özü ilə gətirdiyi yanar maddə ilə səfirliyə məxsus nəqliyyat vasitəsini yandırmaq məqsədilə avtomobilin təkərlərini iki dəfə alışdırıb".

"İkinci dəfə…"

XİN-in məlumatına görə, həmin şəxs ikinci dəfə silahla səfirliyin binasına daxil olub: "Yenə terrorçunun üzərinə V.Tağıyev yanğınsöndürən balon atmaqla onu başından zədələyib (bu an müşahidə kameralarının nəzarətindən kənarda qalıb) və nəticədə terrorçu binanı tərk etməyə məcbur olub".

Məlumata görə, "polislər terrorçunu həbs etməyə tələsməyib, onunla danışmağa başlayıb, cinayətkar kimi rəftar etməyib və seyrçi mövqe tutublar".

XİN bildirir ki, yalnız onun yeni təhdidindən sonra polislər terrorçunun qollarını qandallayıb onu avtomobilə əyləşdirərək ərazidən uzaqlaşıblar.

Açıqlamanın sonunda da yazılıb: "Terrorçunun hadisəni törətmək üçün məhz İranda istirahət günü olan cümə gününü seçməsi, özü ilə hadisə yerinə avtomat silah və güllələrlə dolu ehtiyat daraq, "Colt" tipli tapança, "Molotov kokteyli", ağır zərbə aləti… gətirməsi, İran polisinin terror aktına müdaxilə etməməsi hadisənin əvvəlcədən planlaşdırıldığını ehtimal etməyə əsas verir".

Bu açıqlamaya, hələlik, İranin Azərbaycandakı səfirliyindən münasibət almaq mümkün olmayıb.

Prezident: '...ciddi tədbir görülməyib'

Hazırda Azərbaycanın tehrandakı səfirliyinə silahlı hücum Azərbaycan tərəfindən də araşdırılır. AZƏRTAC-ın xəbərinə görə, bunu Prezident İlham Əliyev fevralın 1-də Türkiyə milli təhsil naziri Mahmut Özeri və bu ölkənin Böyük Millət Məclisinin bir qrup üzvünü videokonfrans formatında qəbul edərkən deyib.

Əliyev vurğulayıb ki, "terror hadisəsi prosesinin xeyli vaxt çəkməsinə baxmayaraq, İranın polis və təhlükəsizlik qüvvələri tərəfindən hər hansı ciddi tədbir görülməyib".

Hələlik, bu açıqlamaya İranın Azərbaycandakı səfirliyindən münasibət almaq mümkün olmayıb.

XİN İrana səyahət xəbərdarlığı edib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) ölkə vətəndaşlarına İrana səyahət xəbərdarlığı edib.

XİN bildirir ki, İranda qeyri-sabit vəziyyət və Azərbaycanın diplomatik nümayəndəliyinə qarşı "terror aktı" nəzərə alınmaqla, zəruri olmadığı təqdirdə bu ölkəyə getməmək, səfər edənlərin isə yüksək ehtiyatlılıq nümayiş etdirmələri tövsiyə olunur: "İran İslam Respublikasındakı vətəndaşlarımızın konsulluq və digər müraciətləri üçün Azərbaycan Respublikasının Təbrizdəki Baş Konsulluğu ilə aşağıdakı vasitələrlə əlaqə saxlamaları xahiş olunur:

ÜNVAN: Təbriz, Vəliəsr, Arif küçəsi 9

TEL: (+98413) 333 48 03

E-MAIL: tabriz@mission.mfa.gov.az"

Yanvarın 29-da Azərbaycanın İrandakı səfirliyində çalışanlar təxliyə ediliblər.

Tehrandakı səfirlik fəaliyyətini dayandırıb

Göyərtəsində Azərbaycanın İrandakı səfirliyinin təxliyə edilmiş əməkdaşlarının və onların ailə üzvlərinin olduqları təyyarə saat 22:00 radələrində Heydər Əliyev Beynəlxalq Aeroportuna enib. Məlumatda ümumilikdə 53 nəfərin təxliyə olunduğu bildirilir.

Tehrandakı Azərbaycan səfirliyi diplomatik fəaliyyətini tam dayandırsa da, bu, Təbrizdəki baş konsulluğun fəaliyyətinə şamil olunmur.

Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Xarici İşlər nazirinin müavini Xələf Xələfov deyib: "Nəzərə almalıyıq ki, bizim bir çox vətəndaşımız İrandadır. Onların da yardıma ehtiyacı olarsa, Təbrizdəki baş konsulluğa müraciət edə bilərlər".

Rəisi Əliyevə zəng edib

Yanvarın 28-də İran Prezidenti Seyid İbrahim Rəisi Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.

Prezidentin mətbuat xidmətinin yaydığı məlumata görə, telefon danışığı zamanı İran prezidenti Azərbaycanın Tehrandakı səfirliyində baş verən hadisə ilə bağlı İ.Əliyevə başsağlığı verib.

"Prezident İlham Əliyev Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə qarşı törədilmiş terror aktını şiddətlə qınadığını bildirib, bu qanlı terror aktının hərtərəfli araşdırılacağına və cinayətkarların layiqli cəzalarını alacaqlarına ümidvar olduğunu qeyd edib",-məlumatda bildirilir.

İran səfiri XİN-ə çağırılıb

Yanvarın 27-də İranın Bakıdakı səfiri Seyid Abbas Musəvi Azərbaycan Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

XİN-in bildirməsinə görə, "görüşdə Azərbaycanın Tehrandakı səfirliyinə silahlı basqının, terror aktının şiddətlə qınanıldığı, diplomatik nümayəndəliklərə hücumların qəbuledilməz olduğu diqqətə çatdırılıb".

"Səfir İranın aidiyyəti səlahiyyətli qurumları tərəfindən dərhal hadisəyə reaksiya verildiyini, hazırda məsələnin araşdırıldığı, ətraflı məlumatın istintaq prosesi başa çatdıqdan sonra ictimaiyyətə açıqlanacağını vurğulayıb", -məlumatda bildirilir.

Bu açıqlamaya, hələlik, İran səfirliyinin özündən ayrılıqda münasibət almaq mümkün olmayıb.

Səfirlik işçilərinin İrandan təxliyəsi nəzərdə tutulur

"Terror nəticəsində yaranmış vəziyyətdə səfirliyin əməkdaşlarının və ailə üzvlərinin təxliyəsi nəzərdə tutulur".

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) İrandakı səfirliklərinə hücumla bağlı bəyanatında belə bildirilir. Sənəddə hücum terror kimi dəyərləndirilir.

"İran tərəfi Diplomatik Əlaqələr haqqında Vyana Konvensiyasından irəli gələrək səfirliyin mühafizəsinin və onun əməkdaşlarının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı öhdəliyini yerinə yetirməli idi", - bəyanatda vurğulanır.

Hesab edilir ki, son zamanlar İranda anti-Azərbaycan kampaniyasının aparılmasının diplomatik missiyalarına qarşı bu kimi hücumlara rəvac verib: "İran tərəfindən sözügedən terror hücumunu törədənlərin, … sifarişçilərinin ən qısa müddətdə müəyyən edilərək ən sərt şəkildə cəzalandırılmasını qətiyyətlə tələb edirik".

Bu bəyanata, hələlik, İranın rəsmi qurumlarından münasibət almaq mümkün olmayıb.

Tehranda Azərbaycan səfirliyi
Tehranda Azərbaycan səfirliyi

Səfirliyə hücumla bağlı cinayət işi açılıb

Azərbaycanın İrandakı səfirliyinə hücumla bağlı cinayət işi başlanılıb. Bu barədə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) məlumat yayıb.

Məlumata görə, faktla bağlı Azərbaycan DTX-də Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə cinayət işi açılıb. Söhbət 12.2, 120.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə), 120.2.11, (quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürmə), 214.2.1 (muzdurluq) və başqa maddələrdən gedir.

Prezident səfirliyə hücumu terror sayır

Azərbaycan Prezidenti İlham Əliyev təmsil etdiyi ölkənin Tehrandakı səfirliyinə hücumla əlaqədar Twitter-də paylaşım edib: "Həlak olan baş leytenant Əsgərov Orxan Rizvan oğlunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Bu terror aktının tezliklə araşdırılmasını və terrorçuların tezliklə cəzalandırılmasını tələb edirik…".

+++

Tehran polisinin rəisi Sərdar Hüseyn Rəhimi hücum edənin saxlandığını deyib.

"Tasnim" agentliyinin məlumatına görə, silahlı səfirliyin binasına iki uşaqla daxil olub. O, saxlanandan sonra hücumun motivini şəxsi və ailə problemləri ilə izah edib. Agentlik bunu Rəhimiyə istinadla yazır.

APA agentliyi isə diplomatik kanallara istinadla yazır ki, Tehranın polis rəisinin dedikləri tamamilə əsassızdır, səfirliyə hücum terror aktıdır.

+++

"Azərbaycan səfirliyinə hücum terror aktıdır"

"Azərbaycanın İrandakı səfirliyinə hücum beynəlxalq hüquqlara, konvensiyalara ziddir".

AZƏRTAC-ın xəbərinə görə, bu fikirləri Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov komitənin yanvarın 27-də keçirilən iclasında deyib.

Komitə sədri bildirib ki, bu hadisə terror hadisəsi kimi qiymətləndirilməlidir. Onun sözlərinə görə, İran hökuməti Azərbaycan səfirliyinə hücuma məişət donu geyindirməyə çalışsa da, baş verən hadisə hər şeyi ortaya qoyur.

+++

Bu gün, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Məlumata görə, hücum edən şəxs "Kalaşnikov" markalı avtomat silahla mühafizə postunu yararaq mühafizə xidmətinin rəisini qətlə yetirib: "Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıb. Onların vəziyyəti qənaətbəxşdir. Hal-hazırda bu xain hücum üzrə araşdırma gedir".

Hələlik, məsələyə İranın Azərbaycandakı səfirliyindən münasibət almaq mümkün olmayıb.

XS
SM
MD
LG