Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 19:07

İranda hicaba görə cəzaları sərtləşdirən qanun açıqlanıb


Tehranda
Tehranda

İran parlamenti icbari hicab qaydasını pozan qadınlar üçün cəzalar nəzərdə tutan hicab və paklıq qanununun yeni mətnini açıqlayıb.

Sentyabrın 20-də keçirilən sessiyada bu qanun layihəsinin leyhinə 152, əleyhinə 34 deputat səs verib, daha 7 deputat bitərəf qalıb.

Müşahidəçilər diqqəti belə bir məqama çəkirlər ki, qanun layihəsinin qəbulu 22 yaşlı Məhsa Əmininin hicaba görə polisə gətirilməsinin və orada vəfat etməsinin birinci ildönümü ərəfəsinə təsadüf edir.

Bu gənc qadının ölümü bütün ölkə boyunca izdihamlı antihicab aksiyalarına səbəb olmuşdu.

Qanunvericilik aktının yeni mətnində daha üç quruma – Kəşfiyyat Nazirliyinə, İnqilab Keşikçilərinin Kəşfiyyat Təşkilatına və Ədliyyə Nazirliyinin kəşfiyyat idarəsinə icbari hicab qaydasının tətbiqi üçün səlahiyyətlər verilir.

Bundan əvvəl hicab qaydasını pozan qadınların məsələsinə polis, Bəsic qüvvələri və “Yaxşıya Dəstək, Pisə Qadağan” komandası baxırdılar.

Müvəqqəti qanun?

Bu da qeyd olunur ki, yoxlama məqsədilə üç il müddətinə qəbul edilmiş bu qanun universitetlərdə, inzibati mərkəzlərdə, təhsil müəssisələrində, parklarda və əyləncə yerlərində, turist məkanlarında və hətta xəstəxanalarda qadınlara qarşı daha geniş seqreqasiyaya yol açır.

Qanunda hicab qaydasını pozan qadınlara qarşı ağır cərimələr, 10 ilədək həbsxana cəzası nəzərdə tutulur.

BMT-nin fakttoplama missiyası ötən həftə bildirmişdi ki, bu qanun “qadınları və qızları daha böyük zorakılıq, qısnama və qanunsuz saxlanma riskləri ilə üz-üzə qoyacaq”.

Qanunun 50-ci maddəsində deyilir ki, ictimai yerlərdə və küçələrdə çılpaq, yarımçılpaq və ya açıq-saçıq geyimdə görünənlər dərhal saxlanmalı və ədliyyə orqanlarına təslim edilməlidir.

Qanunda habelə qeyd olunur ki, hicabı təhqir edən, çılpaqlığı təbliğ edən və hicab qaydasını pozanlar cərimə olunmalı və onların 6 aydan iki ilədək ölkədən çıxması, ictimai fəaliyyətlə məşğul olması və ya internetdə hər hansı ictimai fəaliyyəti qadağan olunmalıdır.

Hicab – dini hakimiyyətin dayağı

İranda 9 yaşından yuxarı qızlar və qadınlar üçün hicab 1981-ci ildə, İslam inqilabından iki il sonra icbari edilib.

O vaxt bu qərar hiddətlə qarşılanmış, etirazlara səbəb olmuş, amma yeni hakimiyyət bütün aksiyaları amansızlıqla yatırmışdı.

O vaxtdan bəri İranda bir çox qadınlar hicab qaydasını sistematik şəkildə pozmaqda davam edirlər.

Əmininin ölümü hicaba qarşı müqavimətə yeni təkan verib.

“Qadın, Həyat, Azadlıq” devizi ilə keçirilən etiraz aksiyaları bütün ölkəni bürüyüb.

Bu aksiyalarda iştirak edənlər hicaba qarşı şüarlarla yanaşı, həm də dini hakimiyyətin devrilməsinə çağırışlar edirlər.

İran məşhurları – yazıçılar, aktyorlar, kino sənətçiləri və jurnalistlər aksiyalara dəstək bildirirlər.

Bu şəraitdə ruhani hakimiyyət sərt hicab qaydalarını özünün əsas dayaqlarından biri hesab edir və bu sahəyə aid məhdudiyyətləri daha da sərtləşdirməyə çalışır.

Əmininin ölümündən başlanan etirazlar hazırda səngisə də, hicaba qarşı müqavimətin bundan sonra da davam edəcəyi gözlənilir.

XS
SM
MD
LG