Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 09:25

Qətl törədən məhkumun Ukraynada öldürüləndən sonra mükafatlandırılması qəzəb doğurub


Nadir Qizatullin qətlə görə 19 il həbs cəzası çəkirdi. O, on minlərlə digər rusiyalı məhkumlar kimi, həbsdən azad olunmaq müqabilində Ukraynada döyüşməyə razılaşdı.
Nadir Qizatullin qətlə görə 19 il həbs cəzası çəkirdi. O, on minlərlə digər rusiyalı məhkumlar kimi, həbsdən azad olunmaq müqabilində Ukraynada döyüşməyə razılaşdı.

AzadlıqRadiosunun müxbiri Andrey Besedinin yazdığı məqalədə deyilir ki, Rusiyanın cənubunda yerləşən İpatovo şəhərində Ukraynaya qarşı hücumda ölən 27 yerli sakinin xatirəsinə memorial lövhə açılıb. Açılış mərasimində sakinlər onların xatirəsini birdəqiqəlik sükutla yad ediblər.

Kommunist Partiyasının yerli şöbəsinin avqustun 15-də keçirdiyi mərasimə qatılanlar arasında ölənlərin yaxınları, yerli məmurlar, pionerlər olub.

Kommunist Partiyası öz səhifəsində paylaşdığı postda yazıb ki, tədbirin məqsədi döyüşdə ölənləri "tanımaq, xatırlamaq və onlarla qürur duymaqdır". Ancaq ölənlərdən biri məhkum olunmuş qatildir.

O da "Vaqner" qrupunun tərkibində Ukraynaya aparılıbmış

Xatirə lövhəsində şəkli olanlardan biri də Nadir Qizatullin adlı şəxsdir. Dəfələrlə cinayət törətmiş bu şəxs 2018-ci ildə Daxili İşlər Nazirliyinin elektrik mühəndisi Pavel Poroxnyanı qəddarlıqla öldürdüyü üçün həbs edilib. Prokurorluq Qizatullinin 35 yaşlı Poroxnyaya hücum edən zaman möhkəm sərxoş olduğunu deyir.

Qizatullin vaxtından əvvəl azadlığa buraxılması haqda vədin müqabilində Ukraynada vuruşmağa razılıq verərkən, 19 illik həbs cəzasını çəkməkdə idi. Bir çox məhbus kimi o da "Vaqner" qrupunun tərkibində Ukraynaya aparılıb.

Məhkumların müharibədən ölü, yaxud sağ qayıtması Rusiyanın bir çox yerində birmənalı qarşılanmır. Hökumət onları qəhrəman sayır, onların cinayətlərinin qurbanları və ailələri isə bundan əziyyət çəkir.

Ailələrin həbs cəzası almış qatilin azad edilərək bəraət almasından qəzəbləndiyi hallar da var. Bəzənsə qonşular zorakılıq törətməsi ilə tanınan məhbusların qayıtmasından narahatlıq keçirir. Keçmiş məhkumlar müharibədən sağ çıxmayanda isə bəzi ailələr onların qəhrəman kimi qələmə verilməsindən qıcıqlanır.

"Mən özüm şəxsən o şəkli qoparacağam"

Bu il ölən Qizatullinə ölümündən sonra cəsarət medalı verilib. Daha sonra şəkli Stavropol diyarında yerləşən İpatovo şəhərində qoyulan xatirə lövhəsinə vurulub. Qətlin qurbanı Pavel Poroxnyanın atası Vitali Poroxnya yerli mediaya deyib ki, Qizatullinə göstərilən bu münasibət onun (Poroxnyanın) ailəsinə təhqirdir: "Mən özüm şəxsən o şəkli qoparacağam və oğlumun xatirəsinin təhqir edilməsinə görə [onları] məhkəməyə verəcəyəm".

Yerli DİN Veteranlar Birliyinin nümayəndəsi Qriqori Kojedub öz köməyini təklif edib. O, İpatovo şəhər administrasiyasına məktubunda yazıb ki, Qizatullinin belə şərəfləndirilməsi [onun törətdiyi qətlin qurbanının] "ailəsinə və yaxın dostlarına təhqirdir".

Məhkəmə müəyyənləşdirib ki, 2018-ci il aprelin 1-də Qizatullin İpatovodan 85 kilometr cənub-qərbdə yerləşən Qraçevka kəndində sərxoş vəziyyətdə taksi tutmağa çalışıb. Həmin vaxt işdə olmayan Poroxnya öz "Ford Focus"unu saxlayıb və Qizatullinə onu mənzil başına çatdırmağı təklif edib.

Rusiyada ucqar kənd yerlərində insanlar mobil əlavələrdən az istifadə etdiyindən insanlar hələ də əlavə qazanc üçün yoldan müştəri götürürlər.

Məhkəmə müəyyənləşdirib ki, Qizatullin Poroxnyaya yanlış ünvan verib, çatandan sonra da onu arxadan, azı, 10 dəfə bıçaqlayaraq qətlə yetirib. Prokurorluq bildirib ki, Qizatullin cəsədi maşının baqajına qoyaraq o maşını günlərcə sürüb.

Poroxnyanın cəsədi yalnız Qizatullinin maşınla qəza törədib hadisə yerindən uzaqlaşandan sonra aşkar edilib. O, sonradan tapılıb, mühakimə edilib və 2019-cu ilin yanvarında 19 il həbs cəzası alıb.

Poroxnyanın qətlindən öncə

Qizatullin 2008-ci ildə törədilmiş qarətə qatılmasına görə dörd il həbsdə yatıb. Onun bir dostu ilə bir evə soxulduğu və dostunun ev sahibini güllələyib öldürdüyü sübuta yetirilib.

Rusiyalı məhkumlar döyüş meydanına hazırlıqsız və təchizatsız göndərildiklərini dilə gətirirlər. Qərb hərbi ekspertləri deyirlər ki, Rusiya ən yaxşı döyüşçülərini və səfərbər olunan əsgərlərini qorumaqda, məhkumları isə Ukrayna ordusunu taqətdən salmaq üçün atəşin qabağına göndərməkdə maraqlıdır.

Yerli media Qizatullinin portretinin şərəf lövhəsinə vurulması ilə bağlı Kommunist Partiyasının yerli şöbəsinin birinci katibi Olqa Xolodovaya müraciət edib. Xolodova jurnalistlərin sualına cavab olaraq, prezident Vladimir Putinin Ukraynada döyüşən məhkumların "günahlarının yuyulması" haqda dediklərini sitat gətirib.

İyunun 13-də Putin məhkumların cinayət məsuliyyətindən azad edilməsi haqda fərman imzaladığını təsdiqləyib. O deyib ki, dövlət cəbhədə döyüşməyə razılıq verənlərin qarşısındakı "öhdəliklərini yerinə yetirmək üçün hər şeyi etməlidir".

"Mən onu heç vaxt bağışlamayacağam"

Vitali Poroxnya yerli mediaya deyib ki, hökumətin zorakı caniləri şərəfləndirmək məqsədini anlamır: "Qatillər və adam zorlayanlarla bağlı nə bağışlama ola bilər, axı? Mən xırda cinayətlərin bağışlanmasını anlaya bilərəm. Ancaq arxadan bıçaqlamaqla mənim oğlumun həyatını əlindən almaq… İndi hökumət deyir [müharibədə vuruşanların] hamısına bəraət verir? Bəs onun bizim ailəmiz qarşısındakı günahını kim yuyub? Mən onu bağışlamamışam, heç vaxt da bağışlamayacağam".

XS
SM
MD
LG