Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 12:08

Azərbaycan və Ermənistanın tet-a-tet danışıqları uğurlu ola bilərmi?


Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyan, 2020-ci il, Münhen
Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyan, 2020-ci il, Münhen

Azərbaycan Ermənistana sülh danışıqlarını ikitərəfli aparmağı təklif edir. Xarici İşlər Nazirliyi bugünlər bildirib ki, Azərbaycan sülh müqaviləsinin mümkün qədər tez tamamlanması üçün Ermənistanla ikitərəfli əsasda birbaşa danışıqlara hazırdır:

“Biz inanırıq ki, iki ölkə gələcək münasibətləri barədə qərarı birlikdə verməlidir.Qarşılıqlı məqbul məkanın seçilməsi və ya dövlət sərhədində görüş barədə qərar verilməsi də daxil olmaqla, sülh prosesinin davam etdirilməsinə görə iki ölkə məsuliyyət daşıyır.”

Bununla da rəsmi Bakı bu prosesdə heç bir vasitəçini istəmədiyini önə çəkib. Azərbaycan bundan əvvəl Avropa İttifaqının vasitəçiliyi ilə iki görüşdən və Vaşinqtonda xarici işlər nazirləri səviyyəsində müzakirələrə qatılmaqdan imtina edib. Bu qərarlar müzakirələrə Türkiyənin də qatılmasına imkan verilməməsi və rəsmi Vaşinqtonun mövqeyinin onları qane etməməsi ilə izah edilib.

Rəsmi Vaşinqton isə tərəflərlə hələ də işlədiyini bildirir. "Birləşmiş Ştatlar Ermənistan və Azərbaycan rəhbərliyi ilə işləyir, bütün hüquqlara sayqı göstərilən ləyaqətli və davamlı sülhü asanlaşdırmağı təklif edir", – ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller (Matthew Miller) belə deyib:

"Ermənistan və Azərbaycanın regionun birbaşa mənfəəti naminə problemləri müzakirə edərək çözməsi vacibdir. Bu danışıqların asanlaşdırılmasında rol almaq istərdik. Digər ölkələrin bu danışıqların asanlaşdırılmasını təklif etdiyini görürük. Düşünürük ki, iki ölkənin davamlı razılaşma əldə etməsindən ötrü üz-üzə danışması vacibdir".

Bu təklifə Ermənistandan isə hələlik konkret razılıq bildirilməyib. Yerevan bunun cavabında Bakı ilə danışıqları yenidən aparmağa hazır olduğunu təsdiqləyib, amma ən yüksək səviyyədə birbaşa danışıqlar məsələsinə toxunmayıb. Bununla belə noyabrın 23-də Ermənistan Xarici İşlər Nazirliyi Azərbaycanla sərhəddə delimitasiya komissiyasının iclasının keçirələcəyini açıqlayıb.

Bəs Azərbaycan və Ermənistan arasında ikitərfli danışıqlar uğurla nəticələnə bilərmi?

“Ən etibarlı sülh olar”

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Hikmət Babaoğlu “Turan”a bildirib ki, Azərbaycan hazırkı mürəkkəb şəraitdə, regionun maraqlarını regiondan kənar hegemon aktorların manipulyasiya etdiyi bir vaxtda çox düzgün və çox praqmatik təklifi irəli sürüb:

“Azərbaycan və Ermənistan arasında birbaşa görüşlər vasitəsilə əldə olunacaq sülh ən etibarlı sülh olar. Hər hansı bir sülh üçün kənardan təminatçı tələb olunursa, bu sülh artıq könüllü deyil, məcburidir”.

Deputatın fikrincə, kənar vasitəçilərin nəzarəti ilə sülhün mümkün olması bu sülhün əslində etibarlı əsaslarla olmaması deməkdir:

“Azərbaycan və Ermənistan qonşu ölkələrdir. Əgər bu ölkələr vasitəçisiz sülh əldə edə bilmirlərsə, deməli sülhü əldə etmək üçün zəruri etimad şərtləri formalaşmayıb. Ona görə də bu sülh uzunmüddətli, etibarlı ola bilməz”.

Babaoğlu hesab edir ki, Azərbaycanın təklifinin real əsaslarını məhz bu faktorlar təşkil edir:

“Hər şeydən öncə əgər iki tərəf arasında birbaşa sülh əldə olunacaqsa, bu hər iki tərəfin könüllü şəkildə sülhü qəbul etməsi deməkdir. Azərbaycan buna hazırdır, Ermənistan da buna hazır olmalıdır. Əks təqdirdə üçüncü, dördüncü tərəflərin zəmanəti ilə əldə olunan sülh, mütləq həmin tərəflərin də həmin sülh prosesində maraqlarının nəzərə alınması lazım gələcək. Bu da əsas tərəflərin maraqları ilə üst-üstə düşməyə bilər”.

“Azərbaycan tərəfi sanki sülh danışıqlardan yayınır”

Siyasi ekspert Azər Qasımlı da AzadlıqRadiosuna bildirib ki, Ermənistan rəhbərliyi ilə Azərbaycan rəhbərliyi arasında tet-a-tet, bilavasitə danışıqlar olsa, bu çox məqsədəuyğun olardı:

“Yəni heç bir tərəf, hansısa ölkə iştirak etməsin, vasitəçi olmasın manipulyasiyalar da kənarda qalmış olardı. Bu, həm də bu baxımından müsbətdir. Bir də o nöqteyi-nəzərdən müsbətdir ki, birbaşa danışanda aralarında bir ünsiyyət, səmimiyyət yaranır və irəlidə bu iki xalq arasında münasibətlərə müsbət təsir edə bilər”.

Ekspertin sözlərinə görə, bu yalnız idealda belədir:

“Amma Azərbaycan iqtidarı bu danışıqları aparmaq istəyəcəkmi? Həqiqətən də buna gedəcəkmi? Bu mənim üçün sualdır. Çünki buna qədər mənim gördüyüm ondan ibarətdir ki, Azərbaycan tərəfi sanki sülh danışıqlarından yayınır”.

Onun sözlərinə görə, yayınmanın səbəbi məhz Rusiyanın bu bölgədə hələ də güclü olması, hələ də Azərbaycan iqtidarının Kremllə birgə addımlamasıdır:

“Ona görə də mən birbaşa danışıqların keçiriləcəyinə bir az skeptik yanaşıram. Əgər olacaqsa da belə, bunların da bir nəticə verməsinə də mən skeptik yanaşıram. Çünki hər iki tərəf bunu istəməlidir. Tərəflərdən biri nəsə manipulyasiya edirsə, burada artıq problem yaranır”.

Politoloq hesab edir ki, vasitəçilərin olmamasında heç bir problem yoxdur:

“Burada sadəcə bir məsələ var ki, olan danışıqları kimsə fiksə etməlidir. Vasitəçi varsa, onu həmin vasitəçi edir, vasitəçi yoxdursa, sadəcə imza atılır”.

Xatırlatma

1990-cı illərin əvvəllərində Qaqabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib.

2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa etmişdi. Ancaq tərəflər sülh sazişi ( danışıqlar həm Avropa İttifaqının, həm də Rusiyanın ayrılıqda vasitəçilikləri ilə aparılırdı) imzalamayıb.

Azərbaycan, Rusiya və Ermənistan arasında razılaşma ilə Laçın dəhlizinə və Qarabağda təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.

Bu il sentyabrın 19-20-də isə Bakı Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yeravan bunu “etnik təmizlənmə” və “təcavüz” kimi dəyərləndirib.

Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb. Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib.

Separatçı qurumun bir çox liderləri saxlanaraq Bakıya gətirilib.

XS
SM
MD
LG