Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 03:37

Trampın seçkilərdə qələbəsi ABŞ-nin xarici siyasətində 'köklü dəyişiklik' siqnalı verə bilər


Co Bayden və vitse-prezident Kamala Harris
Co Bayden və vitse-prezident Kamala Harris

Professor Uilyam C. Volfort (William C. Wohlforth) Nyu Hempşirdə yerləşən Dartmaus Kollecinin ABŞ-nin xarici siyasəti üzrə eskpertidir. O, AzadlıqRadiosu gürcü xidmətinin əməkdaşı Vaja Tavberidzeyə müsahibə verib. Həmin müsahibədə ABŞ Prezidenti Co Baydenin (Joe Biden) xarici siyasət irsindən və noyabrda Donald Trump (Donald Tramp) prezident seçilərsə, bu sahədə durumun necə dəyişə biləcəyindən söz açılır.

Xarici siyasətdə neoklassik realizmin banisi sayılan Volfort deyir ki, “ABŞ-nin dünyadakı mövqeyi … 5-10 il öncəki kimi deyil” və Tramp “Putinlə böyük sövdələşməyə” inansa da, Rusiya liderinin aşırı mövqeyi onu çəkindirə bilər. Volfort Ukraynanın NATO üzvlüyündən daha çox Qərbin uzunmüddətli hərbi öhdəliyinə ehtiyacı olduğunu da düşünür.

Uilyam C. Volfort
Uilyam C. Volfort

“Dar Amerika perspektivindən yanaşsam, biz Amerikanın öz maraqlarına… köklü yanaşmasında ciddi dəyişikliyin baş verməsi üçün böyük potensialın olduğu zamanda yaşayırıq”, - Volfort belə deyir. Onun sözlərinə görə, onillər boyunca, daha doğrusu, II Dünya Savaşının ardınca ABŞ-nin hegemonluğu ilə beynəlxalq sistemin formalaşmağa başladığı 1950-ci illərdən bəri bu cür potensial olmamışdı:

“Mən öz həyatında buna bənzər bir şey görməmişəm. Bunun potensial olduğunu vurğulamaq istəyirəm; ABŞ-nin daxili siyasətini nəzərə alsaq, nə baş verəcəyini hesablamaq çox çətindir. Ancaq mən dəyişiklik üçün uzun zaman görmədiyim real potensial görürəm".

ABŞ üzərinə götürdüyü “artıq öhdəliklərdən” boyun qaçırır?

Co Baydenin xarici siyasət sahəsindəki izindən danışarkən, Volfort ABŞ-nin öz üzərinə götürdüyü bəzi “artıq öhdəlikləri” təmizləməyə başladığını vurğulayıb:

“Siz bunu onların Əfqanıstandan [çıxma] prosesini tamamlamasında gördünüz. Onlar… ABŞ-nin Yaxın Şərqdəki iştirakının zəiflədilməsini, yaxud azaldılmasını istəyirdilər, ancaq özlərinin nəzarəti xaricində olan səbəblərdən bunu edə bilmədilər. Ötən ilin oktyabrında - HƏMAS İsrailə hücum edəndə, bu, adinistrasiyanın nəzarət edə bilmədiyi hadisə idi və onlar buna reaksiya verməliydilər.

Avropaya gəlincə, siz Amerikanın NATO qarşısındakı öhdəliklərində nəhəng artımı, Ukraynanın Rusiya hücumundan müdafiəsinə dəstəklə bağlı ciddi səylərini və bu prosesi …nəzəriyyə ilə yönəltdiyini gördünüz.

Siz bu işin nəzəriyyəsi ilə razılaşmaya bilərsiniz. Düşünə bilərsiniz ki, onlar eskalasiyadan həddindən çox narahat oldular. Düşünə bilərsiniz ki, onlar Ukraynaya müxtəlif ABŞ silah sistemlərindən istifadə imkanı verməzdən öncə çox ehtiyatlı davrandılar. Ancaq onların Ukraynaya, Rusiyanın Ukraynaya qarşı müharibəsinə yanaşması ardıcıl idi və onlar onu yüksək bacarıqla idarə etdilər”.

Donald Tramp və vitse-prezidentliyə namizədi C.D.Vens
Donald Tramp və vitse-prezidentliyə namizədi C.D.Vens

Respublikaçılar partiyasının xarici siyasətində 3 meyl?

Professor Volfort Respublikaçılar Partiyasının xarici siyasət sahəsində üç meylin olduğuna və seçkidən sonra bunlardan hansının dominant olacağının bilinmədiyinə diqqət çəkir. Onun sözlərinə görə, bu meyllərdən biri “hamıya tanış olan” güclü, “Reyqan tərzində xarici siyasətdir”. İkinci meyl yenidən balanslaşdırmanın “aşırı, yaxud güclü versiyasıdır”. Burada söhbət Avropanın güvənliyinin önəminin dramatik şəkildə azaldılmasından, avropalıların daha çox ğhdəlik götürməyə məcbur edilməsindən, ABŞ-nin üzünü daha çox Asiyaya və qismən də Yaxın Şərqə tərəf çevirməsindən gedir.

“Üçüncü meylsə bunlardan xeyli güclü “Öncə Amerika” (“America First”) elementidir. Bu yanaşma bütövlükdə Amerikanın dünya siyasətindəki iştirakının azaldılmasına ehtiyacı önə çəkir. Bu istiqamət digərlərindən xeyli daha dramatikdir. O daha çox proteksionizm və yüksək tarifləri nəzərdə tutur. [Mümkün] Tramp administrasiyasında bu üçüncü yanaşma dominant olarsa, o zaman Amerika xarici siyasətində dramatik sürüşməni görəcəksiniz”, -Volfortun sözləridir.

ABŞ-nin dünyadakı mövqeyi zəifləsə də...

Professor Volfortun fikrincə, ABŞ-nin dünyadakı mövqeyi zəifləsə də, bu zəifləmə bir çoxlarının düşündüyü və təqdim etdiyi qədər dramatik deyil:

“[Tramp düşərgəsinin vitse-prezident vəzifəsinə namizədi] C.D. Vens (J.D. Vance) deyir ki, Ukraynanın başına gələnlər onu maraqlandırmır. O deyir ki, bunun Amerikanın maraqları üçün hər hansı anlam daşıdığına inanmır. Mən bununla razı deyiləm”.

Ardınca professor belə deyir:

“Burada verəcəyim proqnozlardan biri budur ki, bu yaxınlarda Moskvadan atəşkəslə bağlı danışıqlara başlamaq üçün şərtlərinin nə olduğunu eşitdik. Atəşkəs haqda danışıqlara başlamaqdan ötrü Ukraynadan ölkənin şərqindəki dörd vilayətin Rusiyaya ilhaqını …qəbul etməsi tələb olunur. …Mən hətta Trampın belə danışıqlar üçün bu cür şərtləri qəbul edəcəyini təsəvvür etməyə çətinlik çəkirəm”.

Ukraynanın NATO üzvlüyündən danışan professor Volfort bunları deyib: “Siyasi iradən, onu müdafiə etmək üçün imkanların olmaya-olmaya, ölçüsü Fransa boyda olan, Rusiya ilə nəhəng sərhədi olan bir ölkəni ittifaqa qəbul etmək dəlilikdir. Ancaq bu [münaqişənin] həllinin bir hissəsi kimi Ukraynaya başqa təminatlar verilə bilərmi? Əlbəttə. Bu təlimatlar xeyli dərəcədə NATO üzvlüyü kimi görünə bilərmi? Bəlkə də”.

XS
SM
MD
LG