Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 18:32

Ukrayna döyüş zonasında irəliləyir. Putin ilhaq qanununu imzalayır


Xarkovda Ukrayna əsgəri
Xarkovda Ukrayna əsgəri

625 milyon dollarla birlikdə Bayden administrasiya dövründə ABŞ-ın Ukraynaya hərbi yardımı azı 17.5 milyard dollara çatır

Rusiya Prezidenti Vladimir Putin oktyabrın 5-də Ukraynanın dörd vilayətinin ilhaqı üzrə qanunları imzalayıb. Bununla da Moskva beynəlxalq hüquqa qarşı gedərək ilhaqı yekunlaşdırıb. Bu həftə Rusiya parlamentinin hər iki palatası ilhaqı ratifikasiya edib.

Kiyev və Qərb ilhaqı qeyri-legitim sayır.

Moskva həmin vilayətlərə qismən nəzarət edir.

+++

Ukrayna qüvvələri Kremlin ilhaqını bəyan etdiyi ərazilərdə irəlilədiyini bildirir. Bu isə Rusiyanın həmin ərazilərə nəzarətiylə bağlı şübhələr yaradır. Bu arada ABŞ Kiyevə əlavə hərbi yardım açıqlayıb.

Prezident Co Baydenin 625 milyon dollarlıq yeni hərbi yardımı açıqlaması Moskvanın sərt reaksiyasına səbəb olub, Rusiya ilə Qərb arasında birbaşa hərbi toqquşma təhlükəsizi qızışdırması haqda xəbərdarlıq səslənib.

Ukrayna Prezidenti Volodimir Zelenski oktyabrın 4-də gecə çıxışında deyib ki, silahlı qüvvələri ölkənin cənubunda “güclü və sürətli” uğurlar qazanıb, Rusiyanın tutduğu “onlarla” kəndi bu həftə işğaldan azad edib.

Zelenski Xerson, Luhansk və Donetskdə bəzi ərazilərin geri alındığını bildirib. Rusiya bu üç vilayətin və Zaporojyenin ilhaqını elan edib, Kiyev və Qərb isə bu addımı qanunsuz adlandırıb.

Xersonda 8 yaşayış məntəqəsi

Zelenski Rusiya qüvvələrinin cənubi Xerson vilayətində səkkiz yaşayış məntəqəsindən geri çəkildiyini deyib, bunların “tam siyahı olmadığını” vurğulayıb.

Moskva da oktyabrın 4-də Xersonda bir çox ərazilərdən, o cümlədən Dnepr çayının qərb sahilindən Rusiya qüvvələrinin çıxdığını göstərən xəritələr yayıb.

Şimal-şərqi Xarkov vilayətində isə Rusiyanın Oskil çayının şərq sahilindən tamamilə çıxdığı bildirilir. Britaniya kəşfiyyatı Ukraynanın indi əhəmiyyətli ərazidə “möhkəmləndiyini” deyir.

“Rusiya liderləri indi Ukrayna birliklərinin Luhansk vilayətinin sərhədlərinə yaxınlaşmasından çox narahat olacaqlar”, – kəşfiyyat qeyd edir.

Ancaq Rusiya qüvvələrinin oktyabrın 4-də axşam Xarkovda enerji infrastrukturunu vurduğu bildirilir.

Əsirlərlə davranış: Azərbaycanla Ermənistan bir-birlərini hərbi cinayətdə günahlandırırlar
Gözlə

No media source currently available

0:00 0:03:01 0:00

HIMARS, sursat…

Bayden oktyabrın 4-də Zelenski ilə telefon söhbətində Kiyevə 625 milyon dollar əlavə təhlükəsizlik yardımı ayrılacağını deyib. Bu yardıma HIMARS artilleriya sistemləri, sursat, zirehli maşınlar daxil olacaq.

ABŞ prezidenti onu da qeyd edib ki, Vaşinqton “Rusiyanın iddia olunan anneksiyasına dəstək verən istənilən fərdə, quruma, yaxud ölkəyə ağır bədəl ödətdirməyə” hazırdır.

Dövlət katibi Entoni Blinken deyib ki, 625 milyon dollarla birlikdə Bayden administrasiya dövründə ABŞ-ın Ukraynaya hərbi yardımı azı 17.5 milyard dollara çatır.

Zelenski təşəkkür edir, Rusiya qəzəblidir

Zelenski Baydenə və Amerika xalqına “davamlı müdafiə və maliyyə yardımı”na görə təşəkkür edib.

Rusiya ABŞ-ın əlavə yardım xəbərinə sərt reaksiya verib. Səfir Anatoli Antonov Telegram tətbiqində Vaşinqtonu “ciddi nəticələr”ə səbəb olacaq “provokativ addımlar”ı dayandırmağa çağırıb.

“Bunu ölkəmizin strateji maraqlarına birbaşa təhdid sayırıq”, – o deyib.

Rusiya bildirir ki, Prezident Vladimir Putin 10 gün öncə qismən səfərbərlik elan edəndən planda olan 300 min ehtiyatda olandan 200 min nəfər orduya çağırılıb.

XS
SM
MD
LG