Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 08:50

Avropa Parlamenti Azərbaycana qarşı sanksiyalara çağıran qətnamə qəbul etdi


Avropa Parlamenti Azərbaycana qarşı sanksiyaya çağıran qətnamə qəbul etdi
Gözlə

No media source currently available

0:00 0:01:01 0:00

Avropa Parlamenti Azərbaycana qarşı sanksiyaya çağıran qətnamə qəbul etdi

Milli Məclis Avropa Parlamentinə cavab verdi

Oktyabrın 6-da Azərbaycan Milli Məclisi Avropa Parlamentinin qətnaməsinə cavab bəyanatı qəbul edib.

Bəyanatda oktyabrın 5-də Avropa Parlamentinin qətnaməsi "qərəzli və obyektivlikdən uzaq" sənəd kimi dəyərləndirilir: "Xatırladırıq ki, Azərbaycanın Avropa Parlamenti qarşısında heç bir öhdəliyi yoxdur".

Müəlliflər hesab edirlər ki, Avropa Parlamentinin bu addımı onun ikili standartlara əsaslandığının növbəti bariz nümunəsidir. Bəyanatda habelə həmin qətnamənin qəbul edilməsi "separatizmə açıq dəstək" kimi yozulur: "Qondarma "Dağlıq Qarabağ Respublikası" özünü buraxdığını elan etdikdən sonra Avropa Parlamentinin onu müdafiə etməsi siyasi riyakarlıqdan xəbər verir və bölgədə vəziyyətin yenidən gərginləşməsinə xidmət edir".

Müəlliflər həmçinin hesab edirlər ki, "bu yanlış siyasəti ilə Avropa Parlamenti Avropa İttifaqının Cənubi Qafqaz siyasətini təhlükə altına atır".

+++

Avropa Parlamentinin (AP) deputatları oktyabrın 5-də Avropa İttifaqını Qarabağda baş verən hadisələrlə bağlı Azərbaycana qarşı sanksiyalar qoyulmasına, habelə Bakı ilə əməkdaşlığa yenidən baxılmasına və Azərbaycan qazından asılılığın azaldılmasına çağıran qətnamə qəbul ediblər.

Bu qətnamənin icrası hüquqi baxımdan icbari sayılmasa da, Avropa təsisatları deputatların rəylərini nəzərə ala bilərlər.

Qətnamənin leyhinə 491, əleyhinə 9 deputat səs verib. Daha 36 deputat bitərəf qalıb.

Qətnamədə deyilir ki, AP Avropa İttifaqına üzv ölkələri Azərbaycan hökumətində Qarabağda atəşkəsin və insan haqlarının dəfələrlə pozulması hallarına görə məsuliyyət daşıyan şəxslərə qarşı məqsədli sanksiyalar qoyulmasına çağırır.

Enerji idxalının azaldıması və ya tam dayandırılması

Qətnamədə habelə Avropa İttifaqı rəhbərliyinə Azərbaycanla partnyorluq barədə saziş üzrə danışıqların dayandırılmasına çağırış edilir. Qeyd olunur ki, bu danışıqlar yalnız Azərbaycan Qarabağın erməni əhalisinin hüquqlarına əsl ehtiram nümayiş etdirdikdən sonra bərpa oluna bilər.

Qətnamədə deyilir ki, AP Azərbaycanla sadələşdirilmiş viza rejiminin müvəqqəti dayandırılmasına və bu ölkə ilə başqa sahələrdə əməkdaşlığın məhdudlaşdırılmasına çağırır.

Qətnamədə qeyd olunur ki, Aİ Azərbaycan qazından asılılığını azaltmalı, Bakı və Yerevan arasında münasibətlərin yenidən gərginləşdiyi təqdirdə isə bu ölkədən neft və qaz idxalını tamamilə dayandırmalıdır.

Qətnamədə habelə BMT-nin bugünlərdə Qarabağa missiyasından məyusluq ifadə olunur və vurğulanır ki, Qarabağda BMT egidası altında beynəlxalq mövcudluq təmin edilməlidir.

Qarabağda həbs edilənlərin azad olunmasına çağırış

Deputatlar bu sənəddə habelə Avropa Komissiyasını və xarici işlər komissarı Jozep Borreli Avropa Parlamentinin Qarabağdakı vəziyyət barədə narahatlığına etinasız yanaşdığına görə tənqid edirlər.

Qətnamədə Aİ-yə “Cənubi Qafqazda təhlükəsizlik və diplomatik nizama yenidən baxılması” üçün çağırış edilir.

Qətnamədə deyilir ki, Azərbaycan BMT Nizamnaməsinə və beynəlxalq konvensiyalara müvafiq olaraq Qarabağın erməni əhalisinin təhlükəsizliyi və rifahı üçün tam məsuliyyət daşıyır.

Sənəddə Bakıya ermənilərin Qarabağa təhlükəsiz qayıdışının təmin edilməsi və Qarabağda, siyasətçilər də daxil, həbs olunanların azad olunmasına çağırış edilir.

***

Oktyabrın 5-də Avropa Parlamenti Azərbaycanın Qarabağ regionundakı vəziyyətlə bağlı iki gün öncəki müzakirələrin nəticələrinə dair qətnamə layihəsini səsverməyə çıxaracaq.

Həmin müzakirələrdə bəzi parlamentarilər Azərbaycanın "təcavüzkar" siyasətini, Rusiya sülhməramlılarının Qarabağ sakinlərinin qorunmasında passiv mövqeyini, Aİ icra strukturlarının yetərsiz və ləng addımlarını tənqid edib, bunun əsasında real siyasətin, Bakı ilə qaz sövdələşmələrinin dayandığını deyiblər.

Parlament üzvləri Azərbaycana qarşı sanksiyaların tətbiqinə, Bakı ilə enerji kontraktlarının ləğvinə, Ermənistana Avropa perspektivi təklif etməyə çağırıblar.

AzadlıqRadiosunun erməni xidməti –"Azatutyun" qətnamə layihəsinə istinadla yazır ki, "Avropa Parlamenti Azərbaycanın Dağlıq Qarabağ ermənilərinə öncədən planlaşdırılmış və əsaslandırılmamış hərbi hücumunu pisləyir və insanlara qarşı zorakılığı dərhal, tamamilə dayandırmağa çağırır".

Sənəddə Ermənistana dərhal yardım göstərmək, Azərbaycana sanksiyalar tətbiq etmək çağırışı yer alır.

Etnik təmizləmə iddiaları

Avroparlament qeyd edir ki, mülki əhalinin ərazidən zorla çıxardılması insanlığa qarşı cinayət sayıla, BMT-nin "Soyqırımı cinayətlərinin qarşısının alınması və cəzalandırılması haqqında" Konvensiyası çərçivəsində müzakirəyə çıxarıla bilər. Qurum hesab edir ki, yaranmış vəziyyət etnik təmizləməyə bərabərdir.

Azərbaycan isə ermənilərin Qarabağdan kütləvi köçünü "etnik təmizləmə", "deportasiya" adlandırılmasına qarşı çıxır. Rəsmi Bakı bildirib ki, ta əvvəldən region sakinlərini evlərində qalmağa, Azərbaycan cəmiyyətinə reinteqrasiya prosesinə başlamağa çağırıblar.

Xatırlatma

1990-cı illərin əvvəllərində Azərbaycanın Qarabağ bölgəsi və ətraf 7 rayonu işğal edilib. 2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib. Ancaq tərəflər sülh sazişi imzalamayıb. Azərbaycan, Rusiya və Ermənistan arasında razılaşma ilə Laçın dəhlizinə və Qarabağda təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.

Bu il sentyabrın 19-20-də Bakı Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər.

Sentyabrın 28-də tanınmayan qurum özünü buraxdığını elan edib. Separatçı qurumun liderləri saxlanaraq Bakıya gətirilib.

XS
SM
MD
LG