Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 11:03

Əl-Qaidə lideri öldürülüb


Ayman əl-Zəvahiri (ortada solda) və Osama bin Laden Əfqanıstanda mətbuat konfransı keçirir, 1998-ci il
Ayman əl-Zəvahiri (ortada solda) və Osama bin Laden Əfqanıstanda mətbuat konfransı keçirir, 1998-ci il

Son illər Zavahirinin öldüyü haqda bir neçə dəfə şayiə yayılıb, onun uzun müddət xəstə olduğu deyilib

ABŞ Prezidenti Co Bayden Əl-Qaidə lideri Ayman-əl-Zavahirinin öldürüldüyünü bildirir. Dünyanın ən çox axtarılan terrorçularından olan əl-Zavahiri ötən həftəsonu Kabildə ABŞ-ın dron zərbəsi nəticəsində öldürülüb.

“Ədalət yerini tapdı, bu terrorçu lider daha həyatda yoxdur”, – Bayden avqustun 1-də televiziya ilə çıxışında deyib.

Antiterror əməliyyatını Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) iyulun 31-də həyata keçirib.

Bayden əl-Zavahirinin ailə üzvlərindən heç kəsin xəsarət almadığını, əməliyyatda mülki itki olmadığını deyib.

Yeri bilinmirdi

Ağ evin daha öncə yaydığı məlumata görə, Birləşmiş Ştatlar həftəsonu Əfqanıstanda Əl-Qaidənin “mühüm” hədəfinə qarşı uğurlu əksterror əməliyyatı həyata keçirib.

Baydenin sözlərinə görə, ABŞ kəşfiyyat rəsmiləri əl-Zavahirini Kabilin mərkəzində ailəsi ilə birlikdə gizləndiyi evində izləyib. Prezident ötən həftə əməliyyatı təsdiqləyib və o, iyulun 31-də gerçəkləşib.

71 yaşlı Zavahiri 2001-ci il sentyabrın 11-də ABŞ-dakı terror hücumlarına Əl-Qaidənin qurucusu Osama bin Ladenlə birlikdə nəzarət edib. Bin Laden və əl-Zavahiri 2001-ci ilin sonunda ABŞ qüvvələrinin hədəfindən qaça bilib. O vaxtdan Zavahirinin yeri bəlli deyildi.

Bin Laden 2011-ci ildə Pakistanda ABŞ qüvvələri tərəfindən öldürüləndən sonra Zavahiri Əl-Qaidənin başına keçib.

Əl-Qaidənin əsas ideoloqu

Əl-Zavahiri onillər boyunca Əl-Qaidənin qlobal terror şəbəkəsinin arxasında duran əsas ideoloq olub, bu qrupun 1998-ci ildə ABŞ-ın Keniya və Tanzaniyadakı səfirliklərinin hücumlarında mühüm rol oynayıb. Üç il sonra ABŞ-dakı terror hücumunda isə 3 minə yaxın insan həlak olub.

ABŞ kəşfiyyatının öldürülən şəxsin Zavahiri olmasından “əminliyi yüksəkdir”, administrasiyanın aparıcı rəsmisi bildirib. Əməliyyat zamanı başqa itki olmadığı xəbər verilir.

“Zavahiri ABŞ vətəndaşlarına, maraqlarına və milli təhlükəsizliyinə fəal təhdid yaratmaqda davam edirdi. Onun ölümü Əl-Qaidəyə ciddi zərbədir, qrupun əməliyyat gücünü zəiflədəcək”, – rəsmi vurğulayıb.

Son illər Zavahirinin öldüyü haqda bir neçə dəfə şayiə yayılıb, onun uzun müddət xəstə olduğu deyilib.

Onun ölümü Talibanən ötən ilin avqustunda Kabili ələ keçirəndən sonra Zavahiriyə sığınacaq verməsi haqda suallar yaradır. ABŞ rəsmisi deyib ki, Talibanın aparıcı rəsmiləri onun şəhərdə olduğunu biliblər.

Taliban “dərs çıxarmayıb”

Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) keçmiş direktoru Deyvid Petraeus deyir ki, Zavahirinin Kabildə olması Talibanın 1990-cı illərdə Əfqanıstanı idarə edərkən bin Ladenə sığınacaq verəndən sonra “dərs çıxarmadığını” göstərir.

“Bu, Əl-Qaidə ilə Taliban arasında sıx əlaqənin hələ də qaldığını göstərir”, – Petraeus CNN-ə deyib.

Talibanın başçılıq etdiyi hökumətin əsas sözçüsü də iyulun 31-də Kabildə bir iqamətgaha ABŞ dron zərbəsinin endirildiyini təsdiqləyir.

Talibanın sözçüsü Zabihulla Mücahid bəyanatında deyib ki, hakimiyyətdə olan islamçı ekstremistlər bu zərbəni “beynəlxalq prinsiplər”in və ABŞ əsgərlərinin çıxarılmasına dair 2020-ci il razılaşmasının pozulması hesab edərək qətiyyətlə pisləyirlər.

ABŞ əsgərləri və diplomatları 2021-ci ildə Əfqanıstanı tərk edəndən sonra ilk dəfədir Birləşmiş Ştatlar Əfqanıstan daxilində zərbə həyata keçirir.

XS
SM
MD
LG