Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 13:34

'Bakıda xəstəxanalar dolur'


COVID-19
COVID-19

Son vaxtlar həftə sonları Bakı və ölkənin bir sıra yerlərində küçəyə çıxmaq yasağı tətbiq edilir. Bu dəfə yasaq öncəsi əhali Bakıdan kütləvi surətdə karantinin sərtləşdirilmədiyi rayonlara axışdı. Bunun əks effekti ola bilərmi? Bir sözlə, hazırda koronavirusa qarşı ölkədə görülən tədbirləri nə dərəcədə effektiv saymaq olar?

Tibb sahəsi üzrə professor Adil Qeybulla AzadlıqRadiosuna deyib ki, bu həftəsonu yasaqlar koronavirusun insanlar arasında yayılmasının qarşısını müəyyən qədər almaq üçündür, amma istənilən nəticəni vermir. Onun fikrincə, hazırda Bakıda həftəsonu qadağalarla bağlı kifayət qədər adam rayonlara üz tutub: "Bu sanksiyaların özündən də gəlir mənbəyi kimi istifadə edənlər tapılır. Təəssüflər olsun ki, karantin qaydaları pozulur və yoluxma sayı artmaqda davam edir".

A.Qeybulla
A.Qeybulla

"Belə bir qarışıq zaman yaşayırıq"

Professor xatırladıb ki, artıq gündəlik yoluxmaların sayı 400-ə yaxındır: "Bu rəqəm orta bir xəstəxananın çarpayı tutumu deməkdir. Daxil olan xəstə də sabahısı gün evə buraxılmır, ağırlaşanı olur, ən azı iki həftə yatmalıdır. Belə artımla yoluxanları hara yerləşdirə bilərik? Bu o deməkdir ki, xəstəxanalarda yer olmaya bilər, insanlar məcbur olub evdə qala bilərlər. Hamının müalicə almaq imkanı olmaya bilər. Belə bir qarışıq zaman yaşayırıq".

"Bunun da səbəbi..."

A.Qeybulla vurğulayıb ki, yoluxma artıb: "Bunun da səbəbi əhalinin istirahət məkanlarında, ticarət mərkəzlərində, satış obyektlərində kütləvi toplanmalarıdır".

Professor qeyd edib ki, istilər düşüb, insanlar bir çox yerə gedə bilmirlər deyə, təşkil etdikləri görüşlər, ziyafətlər yoluxma mənbəyinə çevrilir.

"Bakıda xəstəxanalar dolur"

A.Qeybullanın vurğulamasına görə, artıq Bakıda xəstəxanalar dolur, bəzi xəstələri Gəncəyə, Qazaxa, Yevlaxa göndərirlər. Onun fikrincə, özəl xəstəxanaların müəyyən potensialı bu prosesə cəlb edilə bilər.

Bu prosesin mümkün inkişafına gəlincə, A.Qeybulla bunları söyləyib: "Perspektivi belə görürəm ki, artıq kollektiv immunitetə gedirik. Bu da kifayət qədər ciddi itkilər qorxusu yaradır. Hələ yoluxmadan sonra immunitet məsələsi var. Hesab edirəm ki, insanlar bunu nəzərə almalıdırlar".

C.İsayev
C.İsayev

Baş infeksionist Cəlal İsayev isə "Turan" agentliyinə mövzu ilə bağlı deyib ki, həftəsonu qadağalarının sosial təcrid baxımından təsiri olmamış deyil: "Amma indi bu iki gün zaman baxımından kifayət etməsə də, xəstələnmələrin qarşısını müəyyən qədər ala bilər".

"...Əks effekti də yoluxanların sayının artmasıdır"

İnsanların rayonlara kütləvi getmələrini doğru saymayan C.İsayev vurğulayıb ki, bu yolverilməzdir: "Bu, artıq dövlət tədbirlərinin pozulmasıdır. Bu insanlarımızın ən azı səhlənkarlığıdır, əks effekti də yoluxanların sayının artmasıdır".

Onun fikrincə, bütün bunlara görə də ağır xəstə sayı çoxalır, sağalan xəstə sayı yeni yoluxanların sayından azdır: "Bu da xəstəxanalarda yerlərin dolmasına, insanların xəstəxanaya yerləşdirilməsində sıxlıq yaratmasına səbəb olur. Tanışlar var ki, xəstələri var, onu xəstəxanaya yerləşdirmək problemi yaşayırlar, xəstəxanalarda yer problemi yaranıb və insanlar bunu nəzərə almalıdır".

Baş infeksionist hesab edir ki, Operativ Qərargahın verdiyi tövsiyələrə əməl olunmalıdır.

"...İnsanlarımızdan asılıdır"

C.İsayev deyib ki, məsələnin gələcək inkişafı insanların bu virusa münasibətdə davranışlarından asılıdır: "Əgər səhlənkarlıq davam edəcəksə, virusun yayılması da davam edəcək. Gündəlik yoluxma 300 nəfərdən çoxdur, ölüm halları artır. Bu, hələ yoxlanmış insanlarda üzə çıxan saydır. Nə qədər insan var ki yoxlanmayıb, belələrinin arasında da potensial virus daşıyıcıları ola bilər".

Bəzi müəssisələrdə kütləvi yoluxmalara gəlincə, C.İsayev hesab edir ki, sosial məsafə gözlənilsə, işləməmək məsələsinə ehtiyac qalmaz: "İnsan xəstədirsə, işə çıxmamalıdır. Müəssisədə çalışanlar qoruyucu vasitələrdən istifadə etməlidir. Belə halda yoluxma halları baş verməz və iş də davam edər".

S.Məmmədov
S.Məmmədov

"İşəgötürənlərin məsuliyyəti gücləndirilməlidir"

Əməkçilərin Hüquqlarını Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov isə "Turan" agentliyinə deyib ki, ölkədə bəzi iri müəssisələrdə koronavirus infeksiyasına kütləvi yoluxma əməyin və sağlamlığın mühafizəsi aspektindən yanaşmanı aktuallaşdırıb: "Yəni, iş yerlərində kütləvi yoluxma baş verdisə, normal təhqiqat olmalı, bu barədə ictimaiyyətə məlumat verilməlidir. Bu cəhətdən hesab edirəm ki, işəgötürənlərin məsuliyyəti gücləndirilməlidir".

O, daha sonra da bunları əlavə edib: "Əmək Məcəlləsində işəgötürənin üzərinə qoyulan vəzifələrdən biri də odur ki, iş yerində əməyin mühafizəsi qaydalarını təmin etsin. Bu məqsədlə lazım olan xərcləri çəksin".

S.Məmmədov hesab edir ki, indi yaranmış şərait əməyin mühafizəsini aktuallaşdırır: "Əvvəl tutaq ki, sex idi. Orada insan sağlamlığına zərər verən qazlar var idi. Onu aradan qaldırmaq üçün ventilyasiya sistemi (havatəmizləyici) qoyulmalı idi. İndi isə bununla paralel işəgötürən həm də işçiləri yoluxucu xəstəliklərdən qorumaq üçün tədbirlər görməlidir...".

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib.

Bu il martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı (DST) koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusa indiyə qədər 8 milyondan çox şəxsin yoluxduğu bildirilir. Onlardan da artıq 436 mindən çox şəxsin vəfat etdiyi açıqlanıb. Azərbaycanda isə indiyədək ümumilikdə 9 min 957 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 119 nəfər vəfat edib.

Martın 14-dən, əksər ölkələr kimi, Azərbaycanda da bununla bağlı kütləvi tədbirlər ləğv edilib. Həmin ayın 24-dən xüsusi karantin rejimi elan edilib. Dövlət əhəmiyyətli sahələr və bir sıra mühüm xidmətlər istisna olunmaqla, əksər yerlərdə fəaliyyət dayandırılıb. Aprelin 5-dən də karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunmuşdu. Həmin qaydaya görə, dövlət qurumlarında, habelə fəaliyyətinə icazə verilən bir sıra sahələrdə çalışanlardan başqaları tibbi zərurət yarananda, mağazaya, aptekə və yasa gedəndə evdən çıxa bilərdilər. Bundan ötrü onlar 8103 nömrəsinə SMS göndərib icazə almalı idilər. Amma aprelin 27-dən bəzi iş və xidmət sahələrinə qoyulan qadağa götürülüb. Mayın 4-dən bölgələrdə, 18-dən isə Bakı və iri şəhərlərdə SMS-lə icazə almaq qaydası da ləğv edilib, məhdudiyyətlər ümumilikdə azaldılıb. Mayın 31-dən isə karantin rejimi bir qədər də yumşaldılıb. Artıq iri ticarət mərkəzləri də fəaliyyətə başlayıb.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma halı fevralın 28-də aşkarlanıb. Son aylar virusa yoluxmada təkrar artım müşahidə edilir. Halbuki, bir müddət əvvəl yoluxma halları azalmışdı.

İyunun 6-dan 8-nə kimi Bakı, Gəncə, Lənkəran, Sumqayıt şəhərləri və Abşeron rayonunda küçəyə çıxmaq yasağı qoyulmuşdu. Bu həftəsonu karantinin sərtləşdirildiyi yerlər bir qədər də artırılıb. Karantin dövrü bir neçə dəfə uzadılıb.

XS
SM
MD
LG