Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 14:57

Dörd ölkə Rusiyanın 43 diplomatını qovur


Niderlandın xarici işlər naziri Vopka Hukstra
Niderlandın xarici işlər naziri Vopka Hukstra

Dörd Avropa ölkəsi – Niderland, Belçika, İrlandiya və Çex Respublikası martın 29-da Rusiyanın çox sayda diplomatının “casusluq şübhələri” ilə əlaqədar qovulmasını bəyan ediblər.

Niderlandın Xarici İşlər Nazirliyinin bəyanatında deyilir ki, persona non grata elan edilmiş 17 Rusiya diplomatı əslində kəşfiyyat zabitləri kimi fəaliyyət göstəriblər.

Belçika eyni səbəblərlə 21, İrandiya 4 və Çexiya 1 Rusiya diplomatının ölkədən çıxarıldığını bəyan edib.

Niderland XİN bildirir ki, bu barədə nota artıq Rusiya səfirinə təqdim olunub:

"Səbəb budur ki, bizdə olan indormasiyaya görə sözü gedən şəxslər diplomat kimi akkreditə olunsalar da, kəşfiyyat zabitləri kimi fəaliyyət göstəriblər”.

Vizit kartlarında “diplomat” yazılsa da…

Niderlandın xarici işlər naziri Vopka Hukstra deyib ki, Rusiya diplomatlarına ölkədən çıxmaları üçün iki həftə vaxt verilib:

"Bu adamların vizit kartlarında diplomat yazılsa da, onlar tamam başqa işlərlə məşğul olublar”.

Lakin nazir məsələnin təfərrüatlarına varmayıb.

Bununla belə o deyib ki, görülən tədbir Ukraynadakı müharibə kontekstində ölkənin təhlükəsizliyinin gücləndirilıməsi üçün keçirilir.

Niderlandda hazırda 75 Rusiya diplomatı var və bu tədbirdən sonra onların sayı 58-ə enəcək.

Rusiya ilə Ukrayna ilkin razılığa gəldilər
Gözlə

No media source currently available

0:00 0:02:17 0:00

Rusiyanın kəşfiyyat mövcudiyyəti

İrlandiyanın Xarici İşlər Nazirliyi bildirir ki, 4 Rusiya diplomatı beynəlxalq standarta uyğun olmayan fəaliyyətlərinə görə persona non grata elan ediliblər.

Bu barədə bəyanatda deyilir ki, İrlandiya və Rusiya arasında diplomatik kanallar açıq qalacaq.

Belçika hökuməti bildirir ki, öklədən çıxarılan 21 Rusiya diplomatı casusluqla bağlı fəaliyyətlə və ölkənin siyasətinə təsir göstərmək cəhdləri ilə məşğul olublar.

Onların Belçikanı tərk etmələrinə iki həftə vaxt verilib.

Çexiyanın Xarici İşlər Nazirliyi bir Rusiya diplomatının ölkədən çıxarılmasına dair bəyanatında bildirib:

“Biz müttəfiqlərimizlə birlikdə Rusiyanın Aİ-dəki kəşfiyyat mövcudiyyətini azaltmağa çalışırıq”.

Şimali Makedoniya Rusiyanın 5 diplomatını qovur

Şimali Makedoniya Rusiyanın bu ölkədəki 5 diplomatını persona non grata elan edib.

MIA xəbər agentliyinin məlumatına görə Rusiya səfiri Sergey Bazdnikin martın 28-də Şimali Makedoniyanın Xarici İşlər Nazirliyinə dəvət olunub və ona 5 diplomatın ölkədən çıxarılmasına dair nota verilib.

Skopye bu qərarının səbəblərini açıqlamır.

Bundan əvvəl Bolqarıstan Rusiyanın bu ölkədəki səfirliyinin 10 əməkdaşını persona non grata elan etmişdi.

Ötən həftə habelə Latviya, Litva və Estoniya Rusiya diplomatlarının ölkədən xaric edilməsinə dair qərarlar qəbul ediblər.

Rusiya martın 28-də Slovakiyanın 3 diplomatının ölkədən çıxarılacağını bəyan edib.

Aİ-nin üç üzvü 'Ukraynanın xilası' planını təklif edir

Polşanın baş naziri Mateuş Moravetski Ukraynanın xilası üçün onun hökumətinin hazırladığı 10 bəndlik planı təqdim edib.

Moravetski düşünür ki, Avropa İttifaqı Rusiyanın Ukraynaya təcavüzünə qarşı hazırlanmış bu planı qəbul etməlidir.

Plan Politico portalında dərc olunub və ona artıq Çexiya və Sloveniya da qoşulublar.

Plan aşağıdakı bəndlərdən ibarətdir:

Bütün Rusiya banklarının SWIFT ödəniş sistemindən çıxarılması

Ukraynaya qarşı vuruşmaqdan imtina edən Rusiya əsgərlərinə sığınacaq verilməsi siyasətinin yürüdülməsi

Avropada Rusiya təbliğatına tam son qoyulması

Avropanın bütün dəniz portlarının Rusiya gəmilərinə qadağan edilməsi

Rusiyaya və oradan bütün avtomobil hərəkətinin dayandırılması

Rusiya oliqarxlarının bütün biznes çevrəsinə sanksiyalar qoyulması

Rusiya vətəndaşlarına Avropa İttifaqı ölkələrinə viza verilməsinin dayandırılması

Rusiyada hakim Vahid Rusiya partiyasın bütün üzvlərinə sanksiyalar qoyulması

Rusiyaya hərbi məqsədlə istifadə oluna biləcək istənilən texnologiyaların ixracının qadağanı

Rusiyanın bütün beynəlxalq təşkilatlardan xaric edilməsi

Bundan əvvəl Polşa Ukraynaya beynəlxalq sülhməramlıların göndərilməsini təklif etmişdi.

Lakin bu təklif NATO-nun sammitində müzakirə edilməyib.

Hazırda Polşada olan ABŞ prezidenti Co Baydenin bu planla tanış olub-olmadığı məlum deyil.

Prezident Co Bayden martın 25-də Polşadakı ABŞ qoşunları ilə görüşüb
Prezident Co Bayden martın 25-də Polşadakı ABŞ qoşunları ilə görüşüb

Bayden Polşa-Ukrayna sərhədinə gəlib

Prezident Co Bayden martın 25-də Polşanın Ukrayna ilə sərhədi yaxınlığında yerləşən bazada ABŞ qoşunlarına baş çəkib.

Polşanın Jeşuv şəhəri Qərbi Ukraynanın Yavoriv şəhərindəki hərbi bazanın 160 kilometrliyində yerləşir.

Rusiya martın 13-də məhz bu şəhərə hava zərbələri endirmişdi.

NATO üzvü Pollşada minlərlə ABŞ əsgəri yerləşdirilib.

Polşa indiyədək Ukraynadan 2 milyonadək qaçqına sığınacaq verib.

Birləşmiş Ştatlarla Avropa İttifaqı LNG razılaşması əldə edir

Avropa İttifaqı (Aİ) ilə ABŞ-ın əldə etdiyi razılaşmaya görə, blok ildə azı 15 milyard kubmetr mayeləşdirilmiş təbii qaz (LNG) alacaq. Məqsəd Aİ-nin Rusiyadan qaz idxalını azaltmaqdır.

ABŞ Prezidenti Co Baydenlə Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen martın 25-də bu məqsədlə işçi qrupun yaradıldığını elan ediblər.

“Bu gün biz həmin məqsədlə birgə plan razılaşdırdıq, təhlükəsiz, təmiz enerji gələcəyimizə doğru proqresi sürətləndiririk”, – Bayden von der Leyenlə birgə mətbuat konfransında deyib. Onun sözlərinə görə, onların təşəbbüsü bərpaolunan enerjidən istifadəni genişləndirmək və enerji tələbatını azaltmağa çalışacaqlar.

“Bu təşəbbüsün iki əsas hədəfi var, birincisi, Avropanın Rusiya qazından asılılığını mümkün qədər tez azaltmaq, ikincisi, Avropanın qaza tələbatını ümumiyyətlə azaltmaq”, – prezident vurğulayıb.

“Rusiya mədən yanacağından asılılığı azaltmaq, bundan canımızı qurtarmaq istəyirik. Bu yalnız LNG çatdırılmaları daxil olmaqla, əlavə qaz təchizatı ilə mümkündür”, – von der Leyen deyib.

Qarabağda qaz niyə kəsilib? Bakı və Yerevandan fərqli izahlar
Gözlə

No media source currently available

0:00 0:01:35 0:00


Tərəflər 2030-cu ilədək təchizatı ilə 50 milyard kubmetrə qaldırmağı hədəfləyirlər.

Aİ 2020-ci ildə 378 milyard kubmetr qaz istehlak edib, bunun 40 faizi Rusiyadan gedib.

***

Mariupol şəhər rəsmilərinin martın 25-də şahidlərə istinadla bildirməsinə görə, ötən həftə Rusiyanın tarixi teatra zərbəsi nəticəsində 300-dək dinc sakin həlak olub. Yüzlərlə insanın həmin teatra sığındığı bildirilirdi.

Mariupol şəhər şurası martın 25-də Telegram-da yazıb ki, “heç kəs nəyin baş verdiyinə inanmaq istəmir, amma terror aktı vaxtı binada olanların dedikləri əksini göstərir”.

Mariupol Dram Teatrına martın 16-da zərbə endirilib. O vaxtdan Ukrayna hökuməti ölü sayı açıqlamırdı, rəqəmləri dəqiqləşdirdiyini deyirdi. Rusiyanın ətrafı atəşə tutması isə işi çətinləşdirirdi.

Teatrın qarşısına, arxasında böyük hərflərlə “DETİ” (“UŞAQLAR”) sözləri yazılmışdı. Yerli hakimiyyət bina bombalananda orada 1200-dək dinc sakinin olduğunu deyir.

“Mariupolun ürəyindəki Dram Teatrı həmişə şəhərin vizit kartı olub. İndi isə Dram Teatrı artıq yoxdur. Onun yerində Mariupol əhalisi üçün yeni ağrı nöqtəsi yarandı, yüzlərlə günahsız insanın son sığınacağının yerində xarabalıq qaldı”, – Şəhər Şurası postunda yazıb.

Həmin hücum bütün dünyanın qəzəbinə səbəb olub, Rusiyanın Ukraynaya səbəbsiz hücumda hərbi cinayətlər törətməsi haqda iddialar səslənib.

Çoxsaylı dəlillərə baxmayaraq, Rusiya Ukraynada mülki hədəfləri vurmadığını deyir.

***

Martın 25-də Rusiyanın Ukraynaya qarşı səbəbsiz müharibəsinin ikinci ayı başlanıb.

Bir gün öncə Prezident Volodimir Zelenski NATO və Avropa İttifaqına Ukraynanı dəstəkləmək üçün birgə işə, Rusiyaya sanksiya tətbiqinə görə təşəkkür edib, amma bu addımların daha öncə atılmamasını tənqid edib. Onun fikrincə, bu halda Rusiya işğalla bağlı bir daha düşünərdi.

Martın 24-də NATO-nun 30 ölkəsinin liderləri, Böyük Yeddilik və Aİ-nin 27 üzvü sanksiyalar və Ukraynaya əlavə yardımı açıqlayıblar.

ABŞ Aİ-yə LNG satışını artırmağı müzakirə edir

ABŞ Prezidenti Co Bayden Ukraynaya 1 milyard dollarlıq yardım paketi açıqlayıb. O, martın 25-də Avropa Komissiyasının Prezidenti Ursula von der Leyenlə görüşəcək, daha sonra danışıqlar üçün Varşavaya yollanacaq, Polşa liderləri ilə enerji və qaçqın məsələlərini müzakirə edəcək.

Bayden Polşa-Ukrayna sərhədində, Ukraynanın 80 km-də yerləşən Rzeszov şəhərinə də gedəcək.

Rusiyanın Ukraynaya qarşı müharibəsi 4 milyondan çox insanın ölkədən qaçmasına səbəb olub, onminlərlə insan şəhərlərdə ərzaqsız, vacib xidmətlərsiz qalıb.

Baydenlə von der Leyen ABŞ-dan Avropa İttifaqına mayeləşdirilmiş təbii qaz (LNG) nəqlinin artırılması ilə bağlı razılaşmaları müzakirə edəcək. Məqsəd blokun Rusiyadan enerji asılılığına son qoymaqdır.

Ukraynanın cənubdakı Mariupol şəhəri Rusiyanın ilhaq etdiyi Krımla Ukraynanın şərqində dəstəklədiyi separatçılar arasında yerləşir. Həftələrdir minlərlə insan su, yemək, dərman, elektrik çatışmazlığı ilə üzləşib.

Mariupol, Kiyev ətrafında vəziyyət

Ukrayna martın 25-də dinc sakinlərin şəxsi maşınlarla Mariupoldan təhlükəsiz çıxışına imkan yaranacağına ümid edir. Bunu ölkənin baş nazir müavini İrina Vereşçuk deyib.

Ukrayna qüvvələri paytaxt Kiyev ətrafında bəzi yerlərdən Rusiya qüvvələrini çıxardığını, Mariupol yaxınlığında lövbər salmış Rusiya donanma gəmisini vurduğunu bildirir.

Britaniyanın müdafiə nazirliyi martın 25-də Ukraynanın şəhərləri, Kiyevdən 35 km şərqdə müdafiə mövqelərini geri aldığını açıqlayıb.

Nazirliyin məlumatına görə, Ukrayna qüvvələri qarşı tərəfi Kiyevdən şimal-qərbdə yerləşən Qostomel aerodromuna doğru sıxışdırmağa çalışacaqlar.

“Logistik məsələlər və Ukraynanın müqaviməti” Rusiyanın cənubdakı Mikolayev şəhərini mühasirəyə almasını çətinləşdirir, nazirlik qeyd edir.

Dneprə atılan raketlər

Martın 24-də axşam Rusiya qüvvələri Ukraynanın Dnepr şəhəri ətrafındakı hərbi hissəsinə iki raket atıblar. Zərbələrdən binalar dağılıb, iki yanğın başlanıb. Ölənlərin və yaralıların sayı hələ müəyyənləşdirilməyib.

Region qubernatoru Valentin Rezniçenko sosial mediada zərbələrin “ciddi dağıntı”ya səbəb olduğunu yazır.

Zelenski ötən gecəki müraciətində ukraynalılara ümid və qətiyyət mesajı ötürməyə çalışıb.

“Müdafiəmizin hər günündə bizə gərəkən sülhə daha da yaxınlaşırıq. Qələbəyə yaxınlaşırıq... Bircə dəqiqə də dayana bilmərik. Hər bir dəqiqə taleyimizi, gələcəyimizi, yaşayıb-yaşamayacağımızı müəyyənləşdirir”, – o deyib.

“Biz sülhü axtarmalıyıq. Rusiya da sülh axtarmalıdır”, – Zelenski vurğulayıb.

XS
SM
MD
LG