Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 13:10

Bayraq Meydanı qalmaqalı: Yarım milyonluq şantajda günahlandırılan işadamı bəraət aldı


6 ildir bayraqsız qalan meydan: Azərbaycanın milyonları necə yox edilib?
Gözlə

No media source currently available

0:00 0:05:09 0:00

6 ildir bayraqsız qalan meydan: Azərbaycanın milyonları necə yox edilib?

"Keystone" MMC-nin rəhbəri, təxminən bir ildir mühakimə olunan işadamı Kamal Akimov bəraət alıb. Noyabrın 24-də Bakı Ağır Cinayətlər Məhkəməsində onun haqqında bəraət hökmü çıxarılıb.

K.Akimov "Azimport" şirkətinin rəhbəri, Azərbaycan Cüdo Veteranları Assosiasiyasının prezidenti Azər Əsgərovu şantaj edib ondan 500 min dollar pul almaqda suçlanır. İddia olunur ki, o, A.Əsgərovu özünə və ailə üzvlərinə zərər yetirməklə hədələyərək ondan 800 min dollar istəyib, son nəticədə 500 min alıb.

Zərərçəkmiş statusunda tanınan "Azimport" rəhbəri deyir ki, K.Akimov ondan öncə 2 milyon dollar tələb edib, sonradan 800 minə düşüb.

Təqsirləndirilən işadamı isə bildirir ki, A.Əsgərov ona böhtan atır. Onun sözlərinə görə, əslində bu işdən özü zərər çəkib.

K.Akimov məhkəmədə danışıb ki, A.Əsgərovun rəhbərlik etdiyi "Azimport" şirkəti 2012-ci ildə onun Bayıl qəsəbəsində (Səbail rayonu, Ziya Yusifzadə küçəsi, 8) yerləşən əmlakını razılığı olmadan söküb və heç bir kompensasiya ödəməyib. Bu məsələ ilə bağlı aralarında uzun müddət məhkəmə çəkişməsi də gedib.

K.Akimov deyir ki, uzun müddət sürən çəkişmələrdən sonra A.Əsgərov ona 800 min dollar ödəməyə razılaşıb. Ardından "Azimport" rəhbəri ona 500 min dollar verib, 300 mini qalıb. Həmin 300 minə görə aralarında narazılıq yarananda isə A.Əsgərov ondan hüquq-mühafizə orqanlarına şikayət edib. Şikayətində göstərib ki, ondan hədə-qorxu ilə 500 min dollar alınıb.

"O 500 min də iki il ərzində hissə-hissə verilmişdi. Qalanını ödəməkdən imtina etdi. Bu gün haqlı olduğum halda, haqsız vəziyyətə düşmüşəm. Azər Əsgərov mənim halal pulumu verməyib. Əmlakım əlimdən alınıb. Əmlakımın dəyərini tələb etməyim nə vaxtdan cinayət olub?", - Akimovun sözləridir.

"Tikintini aparan şirkət olmuşam, ərazidə söküntü aparan şirkət yox..."

A.Əsgərov isə deyir ki, ondan tələb edilən və alınan 500 min dolların sökülən əmlaka aidiyyəti yoxdur. Onun sözlərinə görə, K.Akimov bir neçə ildir onu hədələyir.

O da Bayıldakı söküntünü, bu üzdən mübahisə yarandığını məhkəmədə təsdiqləyib: "2014-cü ildə şirkətin hüquqşünası dedi ki, tikinti zonasında mülkiyyət hüququ olduğunu iddia edən keçmiş sakinlərdən biri məhkəməyə müraciət edib, təzminat istəyir. Şirkətin hüquqşünasları məhkəmədə iştirak ediblər. Məhkəmə bizim xeyrimizə qərar çıxarıb. Mən inşaatçıyam, bir neçə dövlət layihəsi həyata keçirmişəm. Mən tikintini aparan şirkət olmuşam, ərazidə söküntü aparan şirkət yox...".

Söhbət Bayraq Meydanının tikilməsindən ötrü ərazidə sökülən əmlakların birindən gedir.

K.Akimovun adına olan bir sıra şirkətlər fəaliyyət göstərir. Onlardan biri də "Keystone" MMC-dir. 2010-cu ildə yaradılan bu şirkətin təsisçiləri K.Akimov və Məhəmməd Sadıqov olub. M.Sadıqov müdafiə nazirinin keçmiş müavini, uzun illər Baş Qərargah rəisi olmuş Nəcməddin Sadıqovun oğludur.

XS
SM
MD
LG