Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 19:13

BDU-da rüşvət qalmaqalı: məhkəmədə səfirin bacısına suçlama


BDU
BDU

Xeyli vaxtdır ki, BDU-nun İlahiyyat fakültəsinin dekan müavini Nigar İsmayılzadə ilə fakültənin dördüncü kurs tələbəsi Zəka Mirağayev arasında məhkəmə çəkişməsi gedir. Dekan müavini tələbənin CM-nin 147 (böhtan) və 148-ci (təhqir) maddələri ilə cəzalandırılmasını tələb edir. Hətta məhkəmənin gedişində tələbə barəsində həbs-qətimkan tədbirinin seçilməsi haqda vəsatət də qaldırmışdı. Səbəb isə adıçəkilən tələbənin dekan müavini, fakültədəki rüşvət halları haqda mətbuata verdiyi müsahibələrdir.

Dekan müavininin tələbəyə qarşı xüsusi ittiham qaydasında qaldırdığı iddiaya Yasamal Rayon Məhkəməsində hakim Azər Tağıyev baxır. İyunun 20-də keçirilən məhkəmədə fakültədə tyutor vəzifəsində işləyən Aynur Məmmədova ifadə verib.

«MƏNƏ ŞİDDƏTLİ TÖHMƏT VERİLDİ»

A.Məmmədova təqsirləndirilən tələbənin vəsatəti əsasında dindirilirdi. Z.Mirağayev məhkəmədə bildirmişdi ki, dərsə gəlməyən və bu səbəbdən imtahanda iştirak hüququnu itirən bir tələbəni imtahana buraxmaq üçün dekan müavini bütövlükdə jurnalı dəyişdirib.

***Buna da bax-Səfirin bacısına xəbərdarlıq edilib

A.Məmmədova məhkəmədə tələbənin dediklərini təsdiqləyib. Məlum olub ki, jurnal Lalə Hacıyeva adlı bir tələbəyə görə dəyişdirilib. Fakültədəki rüşvət hallarının araşdırılmasını istəyən tələbələrin adından BDU-nun rektoruna ünvanlanmış ərizədən sonra araşdırma aparan komissiya da jurnalın dəyişdirilməsi haqda rəy verib.

A.Məmmədova məhkəmədə bu məsələnin üstünün necə açıldığını da danışıb:

««Din sosiologiyası» fənnindən «qayıb»larına görə Lalə Hacıyeva imtahanda iştirak edə bilməyəcəkdi. Dekan müavini buna görə jurnalı dəyişmək göstərişi vermişdi. Yeni jurnala köçürəndə fənn müəllimi Faiq Əhmədzadə əlaçı tələbələrdən Gülnar Cəfərlinin adını bir səhifədə yazmamışdı. Mən yoxlayanda bunu gördüm, Faiq müəllimə zəng elədim. Dedi ki, saat yarıma gələcək. Mən isə tələsirdim, jurnalı təhvil verməliydim, ona görə də Faiq müəllimlə danışıb həmin tələbənin adını jurnala əlavə elədim. Komissiya yoxlama zamanı bunu da qeydə aldı. Buna göstəriş verən dekan müavini bir tərəfdə qaldı, heç bir günahım olmadığı halda, mənə şiddətli töhmət verildi».

Bakı Dövlət Universitetinin dekan müavini Nigar İsmayılzadə
Bakı Dövlət Universitetinin dekan müavini Nigar İsmayılzadə

«DEDİ, 500 MANAT PUL VERİB»

Jurnalın yalnız rektorluğun icazəsi ilə dəyişdirilə biləcəyini deyən A.Məmmədova bu dəyişikliyə səbəb olan tələbə L.Hacıyeva ilə aralarındakı söhbəti də hakimin nəzərinə çatdırıb:

«Fakültədə rüşvət söz-söhbəti vardı. Mən kiminsə rüşvət aldığını özüm görməmişəm. Alanda çağırıb demirlər ki, gəl, mən rüşvət alıram. Hətta tələbələr gəlib deyirdilər ki, məsələn, Lalə pul verir, dərsə gəlmir, biz də elə eləyə bilərik? Mən Lalədən bu haqda soruşdum, əvvəl demədi, amma sonradan bildirdi ki, qayınatası dekan müavini Nigar İsmayılzadəyə 500 manat pul verib».

***Buna da bax-Səfirin bacısının məhkəməsində Vasim Məmmədəliyevin adı hallandı

A.Məmmədova deyir ki, bu 500 manat söhbətini rektorun qərarı əsasında araşdırma aparan komissiyaya izahatında da yazıb. Amma komissiyanın araşdırmasından razı qalmayıb. Ona görə fakültədə baş verənlər haqda birinci vitse-prezident Mehriban Əliyevaya, Təhsil Nazirliyinə məktublar yazıb. Özü də BDU-nun rektoru Abel Məhərrəmovun qəbulunda olub, olanları ona danışıb:

«Rektor məni qəbul eləyib dinləyəndən sonra dedi ki, sənə verilmiş şiddətli töhmət götürüləcək».

«ARTIQ JURNALIMIZ VARDI, DƏYİŞDİK»

Hakimin bu məsələ ilə bağlı sualını cavablayan dekan müavini bildirib ki, jurnal rektorluğun xəbəri olmadan dəyişdirilib. Məqsəd də rüşvət almaq yox, tələbəyə kömək etmək olub:

«Fakültədə artıq jurnalımız vardı, dəyişdik. O tələbə yeni ailə qurmuşdu, səhhətində problemlər vardı. Ona görə də humanizm prinsipini əsas tutub, bunu eləmişik».

***Buna da bax-Səfirin bacısı tələbəni həbs etdirmək istəyir

Müəllim Faiq Əhmədzadə də məhkəmədə dindirilib. Deyib ki, L.Hacıyeva dərsə gəlmirdi. Amma bir dəfə dərsə gecikmişdi, həmin gün jurnalda ona artıq «qayıb» yazılmışdı. Bununla da həmin tələbə dərsdə iştirak etməməklə bağlı limiti aşdığına görə imtahanda iştirak hüququnu itirmişdi:

«Nigar xanım humanistlik eləyib təklif etdi ki, məsələnin həlli üçün jurnal dəyişdirilsin. Mən də elədim».

Məhkəmədə müəllimlərin rektora yazdığı ərizə də nümayiş etdirilib. Məlum olub ki, 17 müəllim komissiyanın araşdırmasının obyektiv, hərtərəfli olmamasından narazı qalıb, rektora ərizə yazıb imzalayıblar. Amma sonra o ərizəni göndərməyiblər.

Məhkəmə iyunun 29-da davam edəcək.

Tələbəni məhkəməyə verən və adı rüşvət qalmaqalında hallanan dekan müavini N.İsmayılzadə Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadənin bacısıdır.

XS
SM
MD
LG