Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 07:23

Biləsuvarlı işsiz: 'İş əvəzinə 'Visa' kartı verdilər...'


İşsizlər (arxiv fotosu)
İşsizlər (arxiv fotosu)

“Dedi, ‘bu günlərdə təzə kompüterlər gələcək, idarədə sənə daha münasib işlər olacaq. Sən indi yaz, bu işdən imtina et ki, təzə ştat olanda birinci sənə təklif edim’”.

Biləsuvar sakini Əli Əlizadə AzadlıqRadiosu-na iş axtardığı yerdə “işə düşməsin”dən danışır.

Buna da bax:​ Azərbaycanda rəsmi işsizlik də artıb

“MEHRİBAN MÜNASİBƏTƏ ALDANDIM”

Deməli, Əli Əlizadə işlə təmin olunmaq üçün rayonun icra hakimiyyətinə davamlı müraciət edir. Qurum da onun işlə təmin olunmasını rayonun telekommunikasiya qovşağının rəisinə tapşırır. Ancaq məsələnin 3 aydan çox uzandığını görən vətəndaş təkrar müraciət edir. Bu dəfə də ona icra hakimiyyətindən məktubla bildirilir ki, işlə təmin olunması rayonun telekommunikasiya qovşağının rəisi Əli Əliyevə həvalə olunub, yaxın vaxtlarda çağrılacaq. O da lazımi sənədləri toplayaraq rəisə təqdim edir. Ancaq yenə idarədən xəbər çıxmadığını görən vətəndaş icra hakimiyyətinə üçüncü məktubunu yazır. Nəhayət, bu dəfə idarə rəisindən ona zəng gəlir. İdarəyə çağrılır və sonrasını özündən dinləyək:

“Rəis məni çox mehriban qarşıladı, dedi, ‘gəncləri işlə təmin etmək bizim vəzifə borcumuzdur. İş varsa, adamlar niyə işsiz qalsın ki...’ Mənə bir ağ kağız verdi, dedi, yaz ki, ‘təklif olunan iş mənə uyğun olmadığı üçün imtina edirəm’. Dedi, ‘bunu sənə görə edirəm ki, bu yaxınlarda daha yaxşı ştatlar olanda səni daha yaxşı işlə təmin edək’. Düzü, rayondakı işsiz gənclərlə bağlı elə ürəyi yana-yana danışırdı ki, düşündüm, rayonda bir neçə belə idarə rəisi olsa, heç kəs işsiz qalmaz. Göstərdiyi mehriban münasibətə aldandım”.

Buna da bax:​ 'Biri deyir, ayağını yorğana görə uzat; o biri deyir, azdır az ye'

Əli rəisin dediklərini yazır, altından da imza atır, çıxıb gedir evə... Gözləyir ki, rəisdən bu gün zəng gələr, sabah zəng gələr. Nəhayət, Əliyə zəng yox, yaşadığı ünvana rayon icra hakimiyyətindən məktub gəlir. Məzmunu isə təxminən belədir: “... Sizə təklif olunan işdən imtina etmisiniz, başqa münasib iş yoxdur”.

“İŞSİZLƏRLƏ OYUN QURURLAR”

Əli Əlizadə:

“Onda başa düşdüm ki, bunlar mənim kimi işsizlərlə belə oyunlar qururlar. Bu hərəkət heç bir məmura, iş adamına yaraşmazdı ki, bunlar özlərinə yaraşdırdılar”.

Buna da bax:​ Deputat: 'İşsizlərə müavinət verilməlidir'

4 ay sonra Əli Əlizadə iş üçün təkrar müraciət edir. Bu dəfə ona iş yox, “Kapitalbank”ın “Visa” kartını verirlər:

“Tanımadığım, bilmədiyim idarənin maaş kartını verdilər, dedilər, ‘get otur evdə, bu karta hər ay pul köçəcək, elə bil ki, işləyirsən, maaşını al, dolan’. Bu karta hər dəfə 149 manat olmaqla iki ay pul köçürüldü. Üçüncü ay kart bloklandı. O pul hansı idarədən, hansı vəzifəyə, işə görə mənə verilirdi, hələ də bilmirəm. İcra hakimiyyətində Xəyalə Qəmbərovaya yaxınlaşanda dedi ki, ‘sizinlə bağlanmış müqavilənin müddəti bitib’. Halbuki, mənimlə heç bir müqavilə bağlanmayıb, eləcə kartı verib yola salıblar ki, ‘get otur evdə, karta gələn pulla dolan’”.

Bundan sonra Əli Əlizadəyə işlə təmin olunmaqdan ötrü Lənkəran Regional Qaz İstismar Birliyinə göndəriş verilib. Deməsinə görə, həmin idarədə ona bildirilib ki, göndəriş vərəqi saxtadır və işə götürülməyib.

Buna da bax: Konfederasiya: 'İşsizlik artacaq'

“NİYƏ ONDA SƏSİNİ ÇIXARMIRDI?”

Biləsuvarın icra hakimiyyətindən “Qaynar xətt”ə bildirilib ki, Əli Əlizadə uzun müddət quruma iş üçün müraciət edib. Ancaq təklif olunan işlərlə razılaşmayıb. Rayon Telekommunikasiya Qovşağındakı işdən də könüllü imtina edib:

“Bu adam uşaq deyil ki, əlindən tutub imtina ərizəsi yazdırsınlar. Adamın ağlı, şüuru var. Ona döyə-döyə yazdırmayıblar ki... Hətta rəis ona yeni ştatlar təklif etmişdisə də, yenə də seçim özünün idi. O hansı kartdan danışır, indi zəng vurmusunuz, araşdırarıq. Ancaq bütün hallarda, hətta ona belə bir kart təklif olunmuşdusa, niyə onda səsini çıxarmırdı? Niyə demirdi ki, ‘mənə zəhmətsiz, havayı pul yox, iş verin, işləyim, halal zəhmətimlə pul qazanım’”.

Qurumdan bildiriblər ki, sonuncu müraciətində Əli Əlizadəyə ona uyğun iş olmadığı bildirilib və rayonun məşğul mərkəzinə müraciət etməsi tövsiyə olunub.

Buna da bax:​ Hökumət rəsmi işsizlərə biznes mayası verir

Ötən illərdə Biləsuvarda işsizlərə daha çox yerli icra hakimiyyətinin xətti ilə abadlıq işləri çərçivəsində aparılan tikintilərdə müvəqqəti iş verilirdi. Hazırda rayonda tikinti işləri dayandırılıb, bu isə işsizlərin dilə gəlməsinə səbəb olub.

Buna da bax:

Diplomlu işsiz: Adicə fəhlə işinə düzəlmək üçün də 'tanış' lazımdı
Gözlə

No media source currently available

0:00 0:02:11 0:00

XS
SM
MD
LG