Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 09:26

Bir çadırdan vağzalı sədası gəlir, o birindən tabut çıxır...


İllüstrasiya
İllüstrasiya

►Kəndə gələn seldən 6 ildən çox keçir. Amma üç ailə hələ də çadırlardan evlərə yığışmayıb.

İmadəddin Aydəmirovun anası bu çadırda dünyasını dəyişib. Ulduzə Tarverdiyeva qızını bu çadırdan gəlin köçürüb.

“Qızım evimizi sel basanda bizə verilmiş çadırda böyüdü, boya-başa çatdı, ailə də qurdu... Onu elə həmin çadırdan gəlin köçürdüm. Ancaq dövlət evimizi hələ də tikib verməyib”.

Bunu Xaçmazın Nərəcan kəndində 7-ci ildir çadırda yaşayan Ulduzə Tarverdiyeva deyir.

Buna da bax: Mark Zuckerberg: “Havaya çıxın və qaçın”

GÖZLƏR YOLDADIR

2009-cu ilin sentyabrında güclü yağış nəticəsində Nərəcanda azı 100 evə zərər dəyib. Qəzalı evlərdən kənddə qurulmuş çadırlara köçürülənlər AzadlıqRadiosunun müxbirinə evlərinin tikilib onlara verilməməsindən giley-güzar eləmişdilər. Ötən il AzərTAC məlumat yaymışdı ki, Fövqəladə Hallar Nazirliyi qəzalı vəziyyətdə olan 37 evi söküb yerində yenisi tikilib, 4 evin tikintisinə hazırlıq işləri görülür.

Kənd sakinləri Ulduzə Tarverdiyevanın, Sevil Xəlilovanın və İmadəddin Aydəmirovun gözü hələ də yoldadır. Onlar hələ də çadırda və qəzalı evlərdə yaşamaqda davam edirlər.

Ulduzə Tarverdiyeva qızını ər evinə elə bu çadırdan gəlin köçürüb:

“7-ci ilə keçir ki, küçədəyik. Deyirlər, “evə girmək olmaz, başınıza uçar, işə düşərik”. 7 ilə yaxındır çadırda qışda soyuqdan donuruq, yayda kərtənkələ-ilan, qurd-quşdan qoruna-qoruna yaşayırıq. Getmədiyimiz, yazmadığımız qurum qalmayıb”.

Buna da bax: "Tale Bağırzadə ağır işgəncələrə məruz qalıb"

“KƏMALƏDDİN MÜƏLLİM TAPŞIRIQ VERDİ”

Sevil Xəlilova deyir, ev qəzalı, çadır soyuq... Ona görə də qohum- qonşu evində gecələməli olurlar. O, bir müddət əvvəl fövqəladə hallar naziri Kəmaləddin Heydərovun qəbulunda da olub. Hətta sevinib də:

“Kəmaləddin müəllimə vəziyyəti başa saldım, o da yanındakılara tapşırıqlarını verdi ki, tezliklə ev tikilib bu ailəyə verilsin. Yanındakılar da qeydlərini apardılar, dedilər “baş üstə”... Ancaq gəlib çıxmadılar”.

Sevil Xəlilovanın evi hər cür şəraitli və ikimərtəbəli olub. 7 ildir ki, uçuq evə kənardan baxıb köks ötürür:

“Özülü su yuyub aparıb. Divarlarda yarıqlar var. Yaşamaq üçün çox təhlükəlidir. Özülsüz evdə necə yaşamaq olar...”

“ÇADIRDA DONANDA QƏZALI EVƏ GİRİRİK”

İmadəddin Aydəmirovun sözlərinə görə, icra nümayəndəliyi tez-tez gəlib evdə yaşamağın qadağan olduğunu xatırladıb gedir. Ancaq hər şey bununla da bitir:

“Özləri deyirlər, bu evdə yaşamaq qadağandır. Qadağa qoyurlar, ancaq getməyə yer göstərmirlər. Çadırda donanda gəlib qəzalı evə giririk, odun yandırırıq, qızdırırıq ki, soyuqdan ölməyək. Canımızı Allaha tapşırıb yatırıq ki, səhərəcən qalarıq daş-kəsəyin altında...

Fövqəladə Hallar Nazirliyinin şimal regional şöbəsindən bildirilib ki, bu üç ailə üçün ev tikilməyəcək. Evlərində, sadəcə, təmir-bərkitmə işləri aparılmalıdır. Ancaq bu, nə vaxt olacaq, dəqiq tarixi bilinmir.

XS
SM
MD
LG