Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 06:25

Cavid Hüseynov: «Mən elə iyrənclik eləmərəm axı...»


Cavid Hüseynov məhkəmə qarşısında
Cavid Hüseynov məhkəmə qarşısında

Jurnalist Rasim Əliyevin döyülüb öldürülməsilə əlaqədar həbs edilmiş futbolçu Cavid Hüseynovun işi üzrə şahidlərin üçünü məhkəməyə gətirmək mümkün olmayıb. Məhkəmə onların məcburi gətirilməsi barədə qərar qəbul etsə də, bu da nəticə verməyib. Aprelin 27-də Səbail Rayon Məhkəməsində keçirilən iclasda hakim Elmar Rəhimov bu barədə məlumat verib. Belə olan halda, prokuror həmin şahidlərin istintaqa ifadələrinin elan olunmasını təklif edib. Bildirib ki, ifadələrin elanı ilə kifayətlənmək olar.

«HƏKİMLƏR DEDİ Kİ, DÖRD QABIRĞASI SINIB»

Məlum olub ki, məhkəməyə gəlməyən şahidlərdən biri Aydın Mahmudov mərhum jurnalistin dostu imiş. Cavid Hüseynov xəstəxanaya Rasimin yanına gedərkən Aydın Mahmudov da orada olub. O, ifadəsində xəstəxanada Rasim Əliyevlə aralarındakı söhbəti də danışıb: «Rasim dedi ki, Cavidin əl hərəkətini tərbiyəsizlik kimi başa düşüb, «Facebook»da bu barədə yazıb. Sonra Cavid ona zəng eləyib, izah edib ki, hərəkəti düzgün anlaşılmayıb. Cavid Hüseynov meneceri Səbuhi ilə birlikdə xəstəxanaya gəldi, soruşdu ki, «nə kömək lazımdır?» Həkimləri çağırdı, hansı xəsarətlər aldığını soruşdu. Həkimlər dedi ki, dörd qabırğası sınıb, aralarına su dola bilər.

Cavid Rasimə dedi ki, onunla dalaşanların kim olduğunu bilmir, amma araşdıracaq. Əlavə elədi ki, «axı biz səninlə danışıb, bu məsələni həll eləmişdik, gərək tanımadığın adamla görüşməzdin». Rasimin ondan şikayət etmək fikri yox idi. Amma hadisədən sonra «102»yə zəng eləmişdi deyə, xəstəxanaya polislər gəldi».

«BU İFADƏDƏ NƏ QƏDƏR YALAN VAR»

Cavid Hüseynov bu ifadəyə etiraz edib və orada göstərilənlərin xeyli hissəsinin yalan olduğunu bildirib: «İstintaqa yalan ifadə verməyə görə məsuliyyət nəzərdə tutulmuşdu, bəs nə oldu? Bu ifadədə nə qədər yalan var. Nə həkimlər? Axı mənim onlarla söhbətim olmayıb. Mən elə iyrənclik eləmərəm axı... Aydının başqa videomüsahibəsi də var, orada bunların heç birini deməyib».

Futbolçunun vəkili Adəm Məmmədov Aydın Mahmudovun məhkəmədə dindirilməsini və Cavid Hüseynovun etirazına səbəb olan məqamlara aydınlıq gətirməsini istəyib. Lakin hakim bildirib ki, məhkəməyə onun ölkədən xaricdə olduğu haqda məlumat daxil olub, bu səbəbdən çağırıb dindirmək mümkün deyil.

DAHA 2 ŞAHİD DİNDİRİLƏCƏK

Ona görə də vəkil Adəm Məmmədov həmin vaxt Cavid Hüseyvovla birlikdə xəstəxanaya getmiş, «Qəbələ» futbol klubunun meneceri Səbuhi Səfiyarlının və Zəfər Şərifov adlı şəxsin əlavə şahid qismində dindirilməsi barədə vəsatət qaldırıb. Müdafiəçi bildirib ki, Cavid Hüseynovla Zəfər Şərifov arasında hadisənin baş verməsi, özünün bu işə nə dərəcədə aidiyyəti olması haqda yazışma olub.

Məhkəmə vəsatəti təmin edib. Mayın 4-də keçiriləcək növbəti məhkəmə iclasında adları çəkilən şahidlər dindiriləcək.

Xatırladaq ki, Rasim Əliyev avqustun 8-də bir qrup şəxs tərəfindən döyülüb və 9-na keçən gecə xəstəxanada dünyasını dəyişib. Jurnalisti döyüb öldürməkdə təqsirləndirilən beş nəfərin məhkəməsi bu günlərdə yekunlaşıb və onlar 9 ildən 13 ilə qədər həbs cəzası alıb.

Cavid Hüseynov isə CM-nin 307.1-ci (ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilib xəbər verməmə) və 307.2-ci (ağır cinayəti gizlətmə) maddələrilə ittiham olunur.

XS
SM
MD
LG