Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 18:35

Bu il Azərbaycan iqtisadiyyatı 1.4 faiz azalacaq


Böhran
Böhran

Bu il Avropa və Orta Asiyada iqtisadi artım 2.2 faizə çatacaq. Dünya Bankı Regional iqtisadi məlumat yayıb. «Avropa və Orta Asiyada Miqrasiya və Çeviklik» adlı hesabatda deyilir ki, gözlənən artım 2011-ci ildən regionda ən güclü artım sayılır və bankın bu ilin mayında açıqladığı proqnozdan 0.3 faiz çoxdur.

«ŞAHDƏNİZ»DƏ HASİLAT BAŞLAYIR

«Neftin ucuzlaşmasından ciddi ziyan çəkmiş və buna ləng reaksiya vermiş Azərbaycanın bu il iqtisadi geriləmədən çıxa bilməyəcəyi proqnozlaşdırılır. Neftin qiymətinin bir müddət yuxarı olması 10 il ərzində müstəsna güclü artım yaratdı, sadəcə 2009-cu ildə qısa fasilə olmuşdu. İndi isə neftdən asılı ölkələrdən ötrü proqnoz daha kövrəkdir», – hesabatda vurğulanır.

Rusiya və Belarusun isə iqtisadi geriləmədən çıxa bildiyi qeyd olunur.

Proqnoza görə, bu il Azərbaycan iqtisadiyyatı neftin bahalanmasına baxmayaraq, 1.4 faiz azalacaq. Hökumət benzini bahalandırdığından inflyasiya təzyiqi böyük ehtimalla qorunacaq, bu ilin sonunadək mövsümi amillərdən asılı olaraq ərzağın da bahalanacağı proqnozlaşdırılır. 2018-ci ildən başlayaraq iqtisadiyyat genişlənəcək, «Şahdəniz» qaz yatağında hasilat başlayacaq deyə, neft ÜDM-sinin sürətlənməsi də iqtisadiyyatı dəstəkləyəcək. Qeyri-neft istehsalı isə yavaş tempdə gedəcək, səbəb məhdud kredit qoyuluşu və zəif biznes mühitidir.

***Buna da bax-Büdcə kəsiri milyard manata yaxınlaşır

İcmal büdcənin kəsiri ÜDM-nin 4.6 faizinə çatacağı gözlənir, qeyri-neft kəsiri isə bu il ÜDM-nin 16 faizi qədər olacaq.

BU İL İNFLYASİYA 11.2 FAİZDİR

Dünya Bankı bildirir ki, sosial xərcləmələrin artmasına baxmayaraq, son proseslər və özəl sektorun ləng bərpası qısa müddətə yoxsulluğun azaldılmasına imkan vermir. Bir çox təsərrüfatlar yoxsulluq həddinə yuvarlanmaqdadır.

DB iqtisadi artımın kövrək olacağını, ona bir neçə riskin təhlükə yaradacağını bildirir. Qurumun mövqeyincə, hökumətin qarşısında duran əsas məsələ iqtisadi dirçəlişi və yoxsulluğun azaldılmasına dəstək məqsədilə makroiqtisadi sabitliyi qorumaqdır. Buraya bank sektorunda sabitliyin təminatı, özəl sektorun inkişafına dəstəkdən ötrü kredit qoyuluşunun bərpasıdır. Bundan başqa, biznes mühiti və hökumətin şəffaflığı artırılmalıdır ki, qeyri-neft iqtisadiyyatının şaxələndirilməsi gedə bilsin.

***Buna da bax-Azərbaycan ümumdaxili məhsulun artımına görə qonşularından geri qalır

Bank bildirir ki, ötən il Azərbaycanda 15.6 faiz inflyasiya qeydə alınıb. Bu il inflyasiya 11.2, gələn il 5 faiz və 2019-cu ildə 4.9 faiz təşkil edəcək.

DB gələn il Azərbaycanda 0.9, 2019-cu ildə isə 1.5 faizlik iqtisadi artım proqnozlaşdırır.

REGİON PROBLEMLƏRSƏN XİLAS OLA BİLMƏYİB

Avropa və Orta Asiyadakı artım son aylar daha güclü sənaye hasilatı və daha çox ixraca söykənir, regionda bir çox ölkələr tənəzzüldən çıxıb. İşsizlik bir sıra ölkələrdə maliyyə böhranından əvvəlki səviyyəyə enib.

Ancaq bununla belə, region siyasi və iqtisadi bütövlüyü sınağa çəkən problemlərdən xilas olmayıb. Hesabata görə, yeni texnologiyalar gəlir və sərvət bölgüsünə təsir göstərir, bir çox işçilər rəqəmsal iqtisadiyyatın tələbinə uyğun olaraq, yeni bacarıqlara adaptasiya olmağa çalışırlar. Ümumi işlər içində tamştatlı, daimi işlərin payı azalır, çevik kontraktlar daha çox gənc işçilərin payına düşür.

Son illər Avropa və Orta Asiya regionunda qaçqın və sığınacaq axtaranların sayı da kəskin artıb, 2014-cü ildə 3.7 milyondan 2016-cı ildə 6.4 milyon nəfərə çatıb. Bu da miqrasiya sarıdan ictimai narahatlığı gücləndirib. Ancaq hesabatda o da bildirilir ki, qaçqınlar və sığınacaq axtaranlar regiondakı bir çox ölkələrdə ümumi miqrantların kiçik hissəsini təşkil edir. Bircə Türkiyə istisnadır, ötən il 3.1 milyon qaçqına ev sahibliyi edib.

Hesabatda region ölkələrinə tövsiyə olunur ki, miqrantları cəmiyyətə uğurla inteqrasiya edəcək siyasət yürütsünlər, bununla da miqrasiyadan tam faydalana bilsinlər.

XS
SM
MD
LG