Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 19:09

'Ramil Səfərov işi' – Ermənistanla Macarıstan əlaqələri bərpa edir


Ramil Səfərov (ortada) Budapeştdə məhkəmədə, 2006-cı il
Ramil Səfərov (ortada) Budapeştdə məhkəmədə, 2006-cı il

Ermənistanla Macarıstan 2012-ci ildə kəsilmiş diplomatik münasibətləri tam bərpa etməyə razılaşıblar. Macarıstanın həmin il azərbaycanlı hərbçi Ramil Səfərovu Bakıya ekstradisiya etməsi iki ölkənin münasibətlərini korlamışdı.

Səfərov 2004-cü ildə NATO-nun təlim kurslarında erməni zabit Qurqen Markaryanı qətlə yetirdiyinə görə Macarıstanla ömürlük həbsə məhkum edilmişdi.

2012-ci ildə Ermənistanın Milli Təhlükəsizlik Şurası Macarıstanla diplomatik münasibətlərini dayandırmaq haqda qərar verib.

İki ölkə elçilər təyin edəcək

Ermənistanın Xarici İşlər Naziri dekabrın 1-də bildirib ki, iki ölkənin xarici işlər nazirləri – Ararat MirzoyanPeter Siyarto Polşada görüşərək Budapeşt-Yerevan münasibətlərində yeni fəsil açmağa razılaşıblar.

Polşanın Lodz şəhərində ATƏT Nazirlər Forumu keçirilir.

Məlumata görə, Ermənistanla Macarıstan özəlliklə ticarət, mədəniyyət, təhsil və turizm sahəsində münasibətlərin inkişafı imkanlarını öyrənmək üçün elçilər təyin edəcəklər.

Macarıstan 5 əsirin azad olunmasına kömək edib

AzadlıqRadiosunun erməni xidməti – Azatutyun belə bir görüşün gözlənildiyini diplomatik mənbəyə əsasən yazmışdı.

“Macarıstanın ötən il beş erməni əsirin repatriasiyasına köməyini nəzərə alaraq, Ermənistan diplomatik münasibətlərin bərpası imkanını müzakirə edir”, – Azatutyun diplomatik mənbəyə istinadla xəbər verib.

Azərbaycan 2020-ci il müharibəsindən sonra saxlanan şəxsləri əsir saymır, “terrorçu-diversant” olduqlarını deyir. Bakıda məhkəmə qarşısına çıxarılan həmin şəxslərin bir qismi sonradan Ermənistana təhvil verilib.

AİHM-nin qərarı

2012-ci ildə Azərbaycana təhvil verilən Səfərov həmin ilin avqustun 31-də o, prezident İlham Əliyevin sərəncamı ilə əfv olunub.

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) isə 2020-ci il mayın 26-da çıxardığı qərarda bildirib ki, Azərbaycan Səfərovu azadlığa buraxmaqla yanlışa yol verib, onun cəzasını qüvvədə saxlamamasının, “ağır nifrət cinayətinə görə ona toxunulmazlıq verməsinin” əsaslandırması olmayıb.

Səfərov Markaryanı qətlə yetirdiyini etiraf etmiş, ermənistanlı hərbçinin ölkəsini “təhqir etdiyini” bildirmişdi.

Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayıb, iki ölkə şiddətli döyüşlərdə itki verib. 2020-ci ildə 44 günlük müharibə ilə Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

XS
SM
MD
LG