Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 14:59

“Monopoliya ləğv olunubsa, niyə mallarımı qaytarmırlar?”


Səxavət Mustafayev
Səxavət Mustafayev

►“Monopoliya ləğv olunsaydı, Dağıstandan gətirdiyim bir vaqon mal Biləcəri stansiyasında ilişib qalmazdı.

Bir sahibkar kimi sizə deyirəm və başımla da cavabdehəm ki, “monopoliya ləğv olundu” kimi söhbətlər nağıldır. Sahibkarların başına necə ki, oyun açırdılar, elə də davam edirlər”.

Şüşə biznesi ilə məşğul olan Səxavət Mustafayev iki həftədir ki, Dağıstandan Bakıya onun adına gəlmiş bir vaqon şüşə lövhəyə yalnız sənəd üzərində sahib çıxa bilib. Yükü anbara boşalda bilmir.

“MALI MAYA DƏYƏRİNƏ ALMAQ İSTƏYİR”

O, AzadlıqRadiosunun “Qaynar xətt”inə başına gələnlərdən danışır. Deyir, dekabrın 21-də Biləcəri stansiyasına daxil olmuş yükü götürmək üçün zəruri sənədləri götürərək oraya yollanıb. Sahibkara bildirilib ki, yükü rəsmiləşdirmək üçün əvvəl Bakı Baş Gömrük İdarəsinə baş çəkməlidir. O da idarəyə üz tutub. İdarədən onu Sumqayıt Baş Gömrük İdarəsinə göndəriblər. Buradan onu haralara yollayıblar, özü danışır:

“Həmişəki kimi “Trans Broker” MMC-nin əməkdaşları məni yenə Vidadi adlı bir nəfərin yanına göndərdilər. Vidadi dedi ki, şüşə monopoliyasının başında dayanan Əbülfəz Məlikovla razılaşdırmaq lazımdır, onun razılığı olmadan malları mənə verə bilməzlər. Birlikdə həmin adamın yanına getdik. Əbülfəz Məlikov təklif elədi ki, bir vaqon şüşə lövhəni maya dəyərinə ona verim. Yalnız bu halda hələ dekabrın əvvəlində məndən aldığı bir vaqon şüşə lövhənin pulunu mənə ödəyə və bu dəfəki yükümü də özümə qaytara bilər. Əks halda əvvəlki bir vaqon şüşənin pulu batacaq, indiki bir şüşə də stansiyada qalacaq”.

Deyir, monopolistin şərtlərini qəbul etməyib. Sumqayıt Baş Gömrük İdarəsinə qayıdıb. Uzun-uzadı mübahisələrdən sonra nəhayət, dekabrın 29-da malları rəsmiləşdiriblər. Ancaq bildiriblər ki, Əbülfəz Məlikovun razılığı olmadan yükü anbara boşaltmaq mümkün olmayacaq.

“Mən dekabrın 8-də onlara verdiyim bir vaqon yükün pulunu ayın 29-da onlardan zorla ala bildim. Ancaq indiki yük hələ də stansiyada qalıb. Anbara boşaltmırlar ki, monopolistə maya dəyərinə satmalıyam, vəssalam”.

Buna da bax: “Charlie Hebdo” tanrının da karikaturasını çəkdi

“BİZİM VƏZİFƏMİZ SƏNƏDLƏŞDİRMƏK İSƏ....”

Qeyri-rəsmi müraciətlərdən kar aşmadığını görən sahibkar bu dəfə Gömrük Baş İdarəsinin rəisinə rəsmi müraciət etməyi qərara alır. Lazımi sənədlərin surətlərini də təqdim etməklə poçt vasitəsi ilə məktub yollayır. Məktuba hələ də cavab almayıb.

Sumqayıt Baş Gömrük İdarəsinin yük şöbəsinin rəisi Aslan müəllim (familiyasını təqdim etmədi-red.) “Qaynar xətt”ə bildirdi ki, onların vəzifəsinə yalnız yükü sənədləşdirmə daxildir:

“O ad-familiyada adamın yükünü sənədləşdirib sənədini də vermişik özünə. Ondan sonrası bizlik deyil. Qanunla vəzifəmizə daxil olanı eləmişik. Yükü götürə bilir, bilmir, yaxud o yüklə necə davranırsa, biz cavabdeh deyilik”.

“BU, MƏNİM NÖMRƏM DEYİL”

Sağollaşıb sahibkarın az qala hər gün əlaqə saxladığı Vidadi müəllimə zəng vururuq:

- Salam Vidadi müəllim.

- Salam, salam...

- Vidadi müəllimdir?

- Bəli, buyurun, eşidirəm...

- Sizə Azadlıq radiosundan zəng vurmuşuq...

- Buyurun, buyurun...

- Vidadi müəllim, Səxavət Mustafayev adlı sahibkar müraciət edib ki, sənədləşdirilmiş yükünü Biləcəri stansiyasında saxlayıblar və siz də bu işin...

- Yox, yox, yox, mən o Vidadi deyiləm. Səhv düşmüsünüz...

- İndicə soruşdum, dediniz ki, Vidadi müəllimsiniz.

- Yox, yox, bu mənim nömrəm deyil...

Və telefonu qapadır.

Digər nömrəsinə isə ümumiyyətlə, zəng çatmır. Sahibkar deyir, narazılar çox “narahat” etməsin deyə, monopolistlərin “sağ əlləri” telefon nömrələrini tez-tez dəyişirlər.

Sahibkarla söhbətinin səs yazısını dinləyərkən məlum olur ki, bizimlə danışan necə deyərlər, elə Vidadinin özüdür ki, var...

Buna da bax: İŞİD yaraqlıları hava zərbələrindən necə sağ çıxır

CEYHUN HACIBƏYLİ KÜÇƏSİ, 100

Əbülfəz Məlikova gəlincə, o, “Trans Broker MMC”nin direktorudur. Şirkətin rəsmi saytında ünvan Xocalı prospekti, 55, Ağa Center Mərkəzi kimi qeyd olunub. Sahibkarsa deyir, Əbülfəz Məlikovla bir neçə dəfə Ceyhun Hacıbəyli küçəsi, 100 ünvanda 3 mərtəbəli ofisdə görüşüb. Özü də qəbuluna düşmək qəliz məsələdir. Onun yanına gedəndə gərək həmişə yanında Vidadi adlı həmin şəxs ola...

Yollandıq deyilən ünvana... Hərbi Prokurorluğa az qala bitişik üçmərtəbəli binanın üzərində heç bir loqo, tanıtım lövhəsi yoxdur. Qapıda girən kimi mühafizəçi postu qurulub. Müşahidə kameraları var. Üçmərtəbəli ofisə daxil olmaq mümkün deyil. Mühafizəçidən Əbülfəz müəllimi xəbər alırıq:

- Yooox, o kimdir elə, elə adam olmur burda..

- Bu şirkətin adı nədir, nə işlə məşğul olur?

- Bilmirəm vallah...

- İşləyib maaş aldığınız şirkətin adını bilmirsiz?

- Adı yoxdur.

Mühafizəçiyə zəng gəlir. Xəttin o başındakına deyir ki:

- Bir nəfər gəlib, müəllimi istəyir, dedim yoxdur burda.

Beləcə, nə içəri daxil ola, nə də əlavə məlumat öyrənə bilirik.

Sahibkar qələmini itiləyib başına gələn olayları nöqtəsinə-vergülünəcən prezident İlham Əliyevə də yazıb:

“Cənab prezident, gömrük orqanlarında biabırçılıq davam edir, onların əməlləri xalqa xəyanətdir, arxadan zərbədir. Əbülfəz Məlikov utanmadan, çəkinmədən etiraf edir ki, şüşə lövhə biznesi 11 ildir onun monopoliyasındadır. Mən Sizə müraciət edirəm və ümid edirəm ki, bu gömrükçülər yaxın vaxtlarda MTN-çilər kimi cəzalandırılacaqlar. Bütün sənədlərim qaydasında olmasına baxmayaraq, iki həftədir məni süründürürlər ki, “monopolist Əbülfəzlə razılaş, mallarını verək”. Bunu gömrükçülər edir. Monopolistlərin əlində aciz qalmış bir sahibkar kimi sizdən xahiş edirəm: Mənim bir vaqon şüşəmi monopolistlərdən xilas edib özümə qaytarın”.

SAHİBKARIN BELİNƏ YÜKLƏNƏN CƏRİMƏLƏR

AzadlıqRadiosunun müxbiri sahibkarla bərabər iki dəfə Biləcəri stansiyasına baş çəkib, hər dəfə sahibkara “mümkün deyil” cavabı veriblər.

Hələ də Biləcəri yük stansiyasında monopolistlər tərəfindən “girov” saxlanılan bir vaqon şüşəyə görə yük sahibi Səxavət Mustafayevə gündəlik 145 manat cərimə yazılır. Sahibkara imkan verilmir ki, yükü anbara boşaltdırsın.

XS
SM
MD
LG