Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 19:39

Q.İbadoğlu: «DGK araşdırma aparırsa, nəticələrini niyə açıqlamır?»


Qubad İbadoğlu
Qubad İbadoğlu

-

Azərbaycan gömrüyündə idxalın qeydiyyatdan yayındırılması barədə iqtisadçı ekspert Qubad İbadoğlunun mediada yer alan araşdırması Dövlət Gömrük Komitəsində (DGK) etirazla qarşılanmışdı. Bu araşdırmaya görə, yalnız ötən il Rusiya, Türkiyə və Gürcüstandan Azərbaycana gətirilən 1 milyard 600 milyon dollarlıq məhsul gömrükdə qeydiyyata alınmayıb. Belə problemləri aktual, amma təbii sayan və dünyanın əksər ölkələrində mövcud olduğunu bildirən DGK isə fərqləri əngəlləyəcək vahid və əməli tövsiyələrin indiyədək hazırlanmamasını əsas gətirərək, fevralın 24-də yayılan cavab açıqlamasını belə bitirmişdi:

«Dövlət Gömrük Komitəsi bir ölkənin ixracı və idxalının onunla xarici iqtisadi əlaqələrdə olan başqa bir ölkənin idxal və ixracına bərabər olmadığı halda onun nəticələrini hər ilin sonunda dəqiqləşdirərək müəyyən edir. Müvafiq ölkələrlə fərqlərin yaranma səbəblərini birlikdə - işçi qrupu səviyyəsində müzakirə edir və araşdırır».

«10-15 İL ÖNCƏ QEYDƏ ALINAN PROBLEMLƏRLƏ EYNİLƏŞDİRMƏKLƏ...»

Q.İbadoğlu DGK-nın cavabını ilk baxışdan ziddiyyətli sayaraq deyir: «İddia olunur ki, Azərbaycanda müşahidə edilən hal Çin, Rusiya və digər MDB dövlətlərinə də xarakterikdir. Komitə ayrılıqda Rusiya, MDB və Çin kimi, gömrük statistikasını beynəlxalq standartlara uyğunlaşdırmaqda olan ölkələrin 10-15 il əvvəl qarşılaşdığı problemlərə istinad edir. Azərbaycanın indiki problemlərini həmin ölkələrdə 10-15 il öncə qeydə alınan problemlərlə eyniləşdirməklə, bizdə bu sahədə hələ də inkişaf olmadığını təsdiqləyirlər».

«DGK ARQUMENTSİZ CAVABLAR YAZMAQLA MƏŞĞULDUR»

Ekspert bildirir ki, bir çox ölkələr, hətta Rusiya da «güzgü statistikası» üsulu ilə vaxtaşırı tədqiqat aparmaqla gömrük statistikasına göz qoyur və onu hər il dürüstləşdirməyə çalışır: «Azərbaycanda isə DGK və digər dövlət orqanları bu işi görmək, eləcə də bu sahənin tədqiqatçılarına minnətdar olmaq əvəzinə, təəssüf ki, ekspertlərin bu istiqamətdəki araşdırmalarına arqumentsiz cavablar yazmaqla məşğuldur. DGK daha əvvəlki bəyanatlarında ekspertləri mənbə göstərməməkdə ittiham edirdi. Sonuncusunda isə digər ölkələrin köhnə dövrlərinə aid statistik məlumatları təsvir etməklə özlərinə haqq qazandırırlar».

«ƏMİNƏM Kİ, EYNİ METODOLOGİYA İLƏ...»

DGK-nın məlumatında qeyd olunur ki, ölkənin ixrac və idxalı onunla xarici iqtisadi əlaqələrdə olan başqa bir ölkənin idxal və ixracına bərabər olmadığı halda onun nəticələrini hər ilin sonunda dəqiqləşdirərək müəyyən edir və müvafiq ölkələr ilə birlikdə fərqlərin yaranma səbəblərini birlikdə işçi qrupu səviyyəsində müzakirə edir və araşdırırlar. Ekspert bu açıqlamanı etiraf sayır: «Belə çıxır ki, özləri də bu istiqamətdə araşdırma aparırlar. Onda niyə araşdırmaların nəticələrini dərc etmir? Demək, onu ictimailəşdirməkdən çəkinir. Əminəm ki, eyni metodologiya ilə aparılan araşdırma nəticələri dərc olunsa, görəcəyik ki, onların tapıntıları ekspertlərin əldə etdiyi nəticələrdən fərqlənmir».

Q.İbadoğlu deyir ki, 2015-ci ildə yalnız 3 ölkənin - Gürcüstan, Rusiya və Türkiyənin göstəricilərinə çıxış olub: «Digər ölkələrin məlumatlarına çıxış imkanı yaranınca, yenidən əsas 15 tərəfdaş ölkə üzrə 2015-ci ilin göstəriciləri əsasında yaranmış fərqlə bağlı açıqlamalar olacaq».

KOMİTƏNİN QİYMƏT CƏDVƏLİ

Ekspert DGK-nın bir arqumenti ilə razılaşır: «Tərəfdaş ölkələrlə aparılan idxal-ixrac əməliyyatları zamanı malların gömrük dəyərinin hesablanmasında fərqli üsul və metodologiyaların tətbiqi barədə deyilənlərlə razılaşmaq olar. Çünki başqa ölkələrdə gömrük dəyəri, əsasən, «invoys» qiymətləri əsasında, Azərbaycanda isə DGK-nın özünün öz xidməti istifadəsi üçün təsdiqlədiyi qiymət siyahısı ilə həyata keçirilir («invoys» deyərkən, beynəlxalq kommersiya təcrübəsində satıcının alıcıya verdiyi sənəd nəzərdə tutulur. Həmin sənəddə mal və xidmətlərin sayı və siyahısı, qiyməti, malın formal əlamətləri (rəngi, çəkisi və s.), tədarük şərtləri, göndərən və alan haqqında bilgilər əksini tapır –red.). Qeyd edək ki, bir çox hallarda illərlə yenilənməyən, mənşə ölkənin bazar konyunkturundakı dəyişiklikləri çevik nəzərə almayan bu qiymət cədvəli idxalatçılardan əlavə gömrük rüsumları və əlavə dəyər vergisi almağa xidmət edir. Əslində, həmin sənədi ya Nazirlər Kabineti, ya da İqtisadiyyat Nazirliyi qəbul etməli və vaxtaşırı yeniləməlidir».

XS
SM
MD
LG