Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 15:16

Azərbaycanın avtoritar lideri Qarabağda qələbədən sonra necə davranacaq?


Azərbaycan lideri İlham Əliyev oktyabrın 15-də keçmiş separatçı Dağlıq Qarabağda ölkəsinin bayrağını qaldırdıqdan sonra diz çökür.
Azərbaycan lideri İlham Əliyev oktyabrın 15-də keçmiş separatçı Dağlıq Qarabağda ölkəsinin bayrağını qaldırdıqdan sonra diz çökür.

Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 15-də Xankəndidə Azərbaycan bayrağını ucaltdı. Bu, qələbənin, erməni işğalının bitməsinin rəmzi sonu idi.

"Son 20 ildə verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi", - İlham Əliyev kamera qarşısında dediyi sözlərdir.

Bu iddia belə bir sual doğurur: Əgər bütün vəzifələr yerinə yetirilibsə, indən belə nə olacaq?

"Biz tarixi ədaləti də bərpa etmişik"

Jurnalist Coşua Kuçeranın yazdığı məqalədə deyilir ki, Qarabağın dağlıq bölümünü 1990-cı illərin əvvəllərindən bəri işğal edən erməni silahlı birləşmələrindən qurtarmaq vəzifəsi İlham Əliyevin prezidentliyinin başlıca niyyəti idi. Bütün öncəliklər bu məsələyə tabe etdirilmişdi.

"Müstəqilliyimizi, ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etmək uğrunda mübarizə son 20 ildən çox zaman ərzində, torpaqlarımız işğal olunandan bəri əsas motivimiz olub. İndi bu məsələ bitib. Biz öz qürurumuzu bərpa etmişik. Biz eyni zamanda tarixi ədaləti bərpa etmişik", - Azərbaycan prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov AzadlıqRadiosuna müsahibəsində belə deyib.

Azərbaycanla Ermənistan arasında sülh razılaşması istiqamətində danışıqlar davam edir.

A.Göyüşov
A.Göyüşov

Bakı Araşdırmalar İnstitutunun rəhbəri, tarixçi Altay Göyüşov deyir ki, diplomatik proses bitməyib, "çünki Əliyev onun bitməsini istəmir; o bu əhvalın davam etməsini istəyir. Nə qədər ki, Əliyev hakimiyyətdədir, həmişə müharibə olacaq. Çünki o anlayır ki, bu savaş ritorikası ona xalqın dəstəyini qazandıran yeganə şeydir".

Əliyev və digər yüksək vəzifəli şəxslər tez-tez "revanşizm" barədə xəbərdarlıq edirlər. Bu söz 2020-ci ildən bəri çox işlədilir. Əmirbəyov iddia edir ki, revanşist yanaşma Ermənistanın siyasi müxalifəti arasında daha güclü olsa da, baş nazir Nikol Paşinyan da ondan imtina etməyib.

"Onlar düzgün istiqamətdə getmirlər"

Ermənistanın Avropadakı əsas müttəfiqi olan Fransa BMT Təhlükəsizlik Şurası üçün qətnamə hazırlayır. Fransanın xarici işlər naziri Katrin Kolonna (Catherine Colonna) deyib ki, ermənilərin Qarabağdan "deportasiyası" ağır cinayətdir və cavabsız qala bilməz. Əliyevin nümayəndəsi Əmirbəyovsa deyir ki, Fransanın Təhlükəsizlik Şurasının daimi üzvü olmasından Paşinyan sui-istifadə edir. "Onlar düzgün istiqamətdə getmirlər", - onun sözləridir.

E.Əmirbəyov
E.Əmirbəyov

"Bizə [Ermənistanın revanşizmdən əl çəkməsi haqda] siqnalı verəcək ilk addım Paşinyanın bəyanatlarla deyil, real addımlarla son hərbi toqquşmanın nəticələrinə qarşı çıxmalı olmadığını aydın ifadə etməsi olacaq", - Əmirbəyov bunu da deyib.

Göyüşovun fikrincə, qələbə sevinci sürətlə keçib gedir və 2020-ci ilin eyforiyası uzun çəkmədi. Bu il ictimaiyyətin diqqəti yenidən sosial problemlərə fokuslanıb. Söyüdlüdə ekoloji kirlənməyə qarşı etirazlar təhlükəsizlik qüvvələrinin sərt təzyiqi ilə yatırıldı.

Londonda yerləşən beyin mərkəzi – "Chatham House"un Rusiya və Avrasiya proqramının tədqiqatçısı Lourens Broers (Laurence Broers) deyir ki, siyasət elmi avtoritar liderlərin öz hakimiyyətlərini üç "sütun"u tarazlaşdırmaq sayəsində qoruyub saxladıqlarını göstərir: repressiya, kooptasiya (heç kimin fikrini öyrənmədən seçkili orqana adamların "yuxarı"dan təyinatı – tərc.) və legitimlik.

Onun fikrincə, Azərbaycanın təbii sərvətlərlə zəngin olması kooptasiyanı əsas sütuna çevirib. Ancaq təbii sərvətlər tükənəndir. 2003-cü ildə hakimiyyətin sülalə yolu ilə ötürülməsi, yəni İlham Əliyevin hakimiyyəti öz atasından təhvil alması faktı legitimlik məsələsini hər zaman ciddi şübhə altında saxlayır.

Ağdərəyə qayıdışı gözləyən köçkünlər: 'Noolar erməni olanda....'
Gözlə

No media source currently available

0:00 0:05:11 0:00

"Müharibə əhalinin kütləvi dəstəyini yenidən balanslaşdırıb"

Düzdür, 2020-ci il müharibəsi "…əhalinin kütləvi dəstəyini qazandıraraq sistemi yenidən balanslaşdırıb", - Broers deyir.

Azərbaycanlı əhalinin Qarabağa qayıdışı daha bir birləşdirici mövzu ola bilər.

Hazırda Azərbaycan hökuməti azad edilmiş torpaqların minalardan təmizlənməsinə və yenidən tikilməsinə milyardlarca dollar pul xərcləyir, buranı əvvəlki sakinlərinin qayıdışı üçün hazır duruma gətirməyə çalışır. Əmirbəyovun qənaətincə, indi azərbaycanlıları birləşdirən amil bu olmalıdır: "Mən düşünürəm ki, indi Azərbaycan ideyası, hökumətin əsas götürdüyü milli ideya sülhü möhkəmləndirmək, müstəqil… ölkə kimi yaşamağa çalışmaq olacaq. Qarşıdakı onilliklər üçün ən mühüm məsələ… azad edilmiş ərazilərə normal həyatı gətirmək olacaq".

Prezident Əliyev də bu haqda danışıb. O, sentyabrın 29-dakı çıxışında məcburi köçkünlərin evlərinə qayıdışını "bir nömrəli vəzifəmiz" adlandırıb. Onun sözlərinə görə, üç il ərzində 100 min vətəndaş öz doğma yurduna köçəcək.

XS
SM
MD
LG