Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 09:26

İşgəncə verilmiş iranlı etirazçının öldüyü deyilir


Məhəmmədhacı Rəsulpur
Məhəmmədhacı Rəsulpur

Aparıcı İran insan haqları qrupu İranın qərbindəki Bukan şəhərində həbs edilmiş siyasi fəalın öldüyünü bildirib.

Xəbərlərdə deyilir ki, siyasi fəal ona verilən işgəncələr nəticəsində komaya düşdükdən sonra xəstəxanaya köçürülmüşdü.

Norveçdə mənzillənmiş Henqav kürd insan haqları monitorinq qrupunun dekabrın 19-da verdiyi məlumatda deyilir ki, Məhəmmədhacı Rəsulpur xəstəxanada vəfat edib.

O gənc qadın Məhsa Əmininin polisdə vəfat etməsindən sonra ölkəni bürümüş etiraz aksiyalarının əsnasında, oktyabrın 1-də həbs olunmuşdu.

Bu da xəbər verilir ki, siyasi fəallığına görə dəfələrlə saxlanmış Rəsulpur son dəfə 25 gün sonra zaminə buraxılmışdı.

Lakin təhlükəsizlik qüvvələri onu noyabrın 23-də təkrar həbs etmişdi.

Ailəsinə huşsuz vəziyyətdə verilib

Henqav bildirir ki, Rəsulpur həbsindən 20 gün sonra ona verilən işgəncələr nəticəsində komaya düşüb.

Agentlik yazırdı ki, rəsmilər Rəsulpurun yaxınlarına onun tezliklə müvəqqəti azadlığa buraxılacağına dair məlumat vermişdilər.

Lakin qohumları həbsxanaya gələndə onların qarşısına huşsuz vəziyyətdə əlil arabasında olan məhbusu çıxarıblar.

Yaxınları Rəsulpuru xəstəxanaya aparmışdılar və o reanimasiya şöbəsinə qəbul olunmuşdu.

Ailəsi bidlirir ki, Rəsulpur beş gün sonra, dekabrın 18-də işgəncələrdən aldığı xəsarətlərdən xəstəxanada vəfat edib.

İran sərhədinin bağlı olması mandarin bağlarına da təsir edib
Gözlə

No media source currently available

0:00 0:04:41 0:00

Gizli işgəncə mərkəzləri

Fransada mənzillənmiş Kürd İnsan Haqları Şəbəkəsi İranın qərbindəki Kürdüstan ostanında saxlananların siyahısını dərc edib.

Təşkilat bildirir ki, Rəsulpur və daha yüzədək məhbus gizli yerdə qurulmuş təcridxanada işgəncələrə məruz qoyulublar.

İnsan haqları qrupları xəbər verirlər ki, indi İranın Sənəndəc şəhərindən olan başqa bir etirazçı – Şirvan Məhəmmədi ona verilən işgəncələrə görə ölüm ayağındadır.

Henqav agentliyi bildirir ki, Kürdüstanda və kürd şəhərlərinndə həbs olunmuş Rəsulpur da daxil azı 9 etirazçı təhlükəsizlik qüvvələrinin verdiyi işgəncələrdən ölüb.

İran İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) kürd qruplaşmalarını sabitsizlik və iğtişaş törətməkdə ittiham edir.

İran İnsan Haqları təşkilatı dekabrın 7-də etirazlar başlanandan bəri 63 azyaşlı da daxil 458 etirazçının öldüyünü xəbər verib.

XS
SM
MD
LG