Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 21:12

Nardaran işi: 'Deyirlər, Nardarana 12 milyona yol çəkiblər...'


Nardaran. İllüstrasiya. Gündüz Ağayev.
Nardaran. İllüstrasiya. Gündüz Ağayev.

“Nardaran işi”nin yanvarın 18-də keçirilən məhkəməsində daha beş nəfər - Əli Nuriyev, Şamil Abduləliyev, Abbas Tağızadə, Zakir Mustafayev və Rasim Mustafayev son sözlərini deyiblər.

Təqsirləndirilənlərdən biri - Əlibala Vəliyev son söz deməkdən boyun qaçırıb: "Sözüm yoxdur".

"Həkimlər bədənimdən güllələri çıxarmaq istəsə də..."

Bir nəfərə - Şamil Abduləliyevə son sözünü başa çatdırmağa hakim imkan verməyib.

Buna da bax:​ Məşədi Natiq yenə məhkəmə önünə çıxarılır

Təqsirləndirilən şəxslərin hamısı günahsız olduqlarını, haqsızlığa etiraz etdiklərindən cəzalandırıldıqlarını bildirib və onlara verilən işgəncələrdən danışıblar.

Nardaran əməliyyatı

2015-ci il noyanrın 26-da polisin Bakının Nardaran qəsəbəsində əməliyyatında ikisi polis olmaqla 6 nəfər həlak olub. Rəsmi ittihama görə Nardaranda radikal silahlı dəstə polis əməkdaşlarına silahlı müqavimət göstərərkən öldürülüblər, qarşıdurmada da 2 polis əməkdaşı həlak olub.
Nardaranda və Sabunçu polis idarəsinin qarşısında verən hadisələrə görə 70-dən çox adam da saxlanmışdı. Onların əksəriyyəti bir neçə gün sonra azad edilib, bir hissəsi isə 1 il 6 aydan 2 il 6 aya qədər həbs cəzası alıblar.
Hazırda Nardaran hadisələrinə görə saxlanan 18 nəfərin məhkəməsi gedir.

"Fərayil Bünyadova güllə dəyməmişdi. Onu da tutub mebel maşınında aparırdılar. “Dubinka” və avtomatın qundağı ilə başına o qədər vurmuşdular ki, başının əti sallanmışdı. Onu döyə-döyə öldürdülər. Bunlar nə qədər zalımdılar ki, mebel maşınında şəhid qardaşlarımızın cəsədlərini ayaqlayırdılar", - Əli Nuriyevin sözləridir.

O, Baş Mütəşəkkil Cinayəkarlığa qarşı Mübarizə İdarəsində (BMCMİ-də) işgəncə gördüyünü, ailəsilə hədələndiyini və ona güclə müəyyən ifadələrə imza atdırıldığını bildirib.

Buna da bax: Taleh Bağırov məhkəmədə 'son söz'ünü deyib

Nardaran əməliyyatında gülləyə tutulan və hələ də bədənində iki güllə gəzdirən, əl ağaclarının köməyi ilə hərəkət edən Şamil Abduləliyev deyir ki, bu məhkəmə ittihamları darmadağın etməklə yanaşı, həm də hakimiyyətin gerçək mahiyyətini ortaya qoydu: "Vətəndaşlara divan tutub işgəncə verirlər ki, hakimiyyətdə rahat otursunlar. Hakimiyyəti itirmək qorxusu bunları rəzil duruma salıb. Ona görə belə çirkin işlərə imza atırlar. Əgər bu zülmə qarşı mübarizədə kimsə yaxasını kənara çəkirsə, hakimiyyətin zülmünə şərik çıxır. Bizi güllələyəndən sonra atıb getdilər. Məni kənd camaatı xəstəxanaya çatdırdı. Xəstəxanada reanimasiyadan çıxarıb, narkozun təsiri altında bizə təzyiq göstərdilər. Həkimlər mənim, Bəhruz Əsgərovun bədənindəki güllələri çıxarmaq istəyib, polislər qoymayıb. Bununla da ürəkləri soyumadı. Kürdəxanı təcridxanasına gətirib birbaşa soyuq karsa saldılar. Həmin vaxt bədənimin yarısı gipsdə idi, başqasının köməyi olmadan hərəkət edə bilmirdim. Bunların mahiyyəti budur".

“Mübarizə aparmaq belə olmur”

Buna da bax:​ 'Nardaran-2 işi': 'Bu, dana satıb işə düzələnlərin hazırladığı ittihamdır'

Həbsindən öncə Dövlət Gömrük Komitəsinin əməkdaşı olmuş Şamil Abduləliyev Azərbaycanda hakimiyyətin ölkənin sərvətlərindən tutmuş, xalqın dəyərlərinə, məhkəmələrin ədalətinədək hər şeyi mənimsədiyini söyləyib.

O, təhsildə, səhiyyədə rüşvətdən danışıb, deputat Hadı Rəcəblinin müəllimlərin fəhləlik etməsi barədə təklifini yada salıb: "Siz "millət vəkili" adını daşıyan birinin təfəkkürünə baxın. Bu, xalqı ələ salmaq, dəyərləri təhqir etməkdi. Bunlar düşünülmüş şəkildə təhsili məhv edirlər. Məktəbdə qızların ayaqyolundan narkotik istifadəsi üçün vasitələr tapılıb, bu, dəhşətdir. Hakimiyyət bunları planlı edir. Polislər otururlar narkotik satanın evinin yanında, satanı tutmurlar, gəlib narkotik alanı tuturlar. Mübarizə aparmaq belə olmur. Narkotiki satan özləridir. Xəstə qadının sağlam ayağını kəsiblər".

Buna da bax: 'Bir gün Əliyev hakimiyyətinə xidmət edib çöldə olmaqdansa...'

Hakim Əlövsət Abbasov Şamilin Abduləliyevin çıxışını dayandıraraq, tanınmış adamların adlarını çəkməməyi, yalnız öz işindən danışmağı tələb edib. Ardınca hakim qəfildən məhkəmədə fasilə elan edib və fasilədən sonra Şamil Abduləliyevin son sözünü bitirməsinə imkan verməyib.

“Nardaran əməliyyatının çəkilişi hardadır?”

Daha sonra Abbas Tağızadə son sözünü söyləyərək, bildirib ki, Nardaranda əzizlərini şəhid ediblər: "Xanımlarımıza əl qaldırdılar. Bizə 21 maddə ilə ittiham verdilər. Mənə imza etdirdilər, amma nəyə qol çəkdiyimi demədilər. Aldatdılar ki, ekspert rəyləridir. Bilsəydim, imzalamazdım. Biz adam öldürməmişik. Terrorçu deyilik ki, öz qardaşlarımıza güllə ataq. Onlar öz polislərini gözümün qabağında özləri vurdular. Orada çəkiliş də aparırdılar. Əgər məhkəmə normal araşdırma aparsaydı, onlardan o çəkilişi tələb edərdi, baxardı, həqiqəti özü görərdi".

Buna da bax:​ ​ Taleh Bağırzadəyə məktub: 'Səni ömürlük zindana məhkum etmək istəyənlər...'

"Camaat 12 milyonluq yol yeyəcək?"

Təqsirləndirilən Rasim Cəbrayılov son sözündə məhkəmənin ədalətsiz keçirilməsindən, ölkədə korrupsiyanın geniş yayılmasından, əhalinin böyük əksəriyyətinin səfalət içində yaşamasından danışıb: "Ölkənin yiyəsi yoxdur. Dustağa sovqat gəlir, hamısı tökülür dilənçi kimi, beş manat istəyir. İnsanlara zülm eləyirlər. Belədirsə, bu xalqı aparın dənizə tökün, birdəfəlik canımız qurtarsın. Prezident prezident olsaydı, xalq bu günə qalmazdı. Rayonların mərkəzində park, heykəl var, 10 kilometr gedirsən, xarabalıqdı. Deyirlər, Nardarana 12 milyona yol çəkiblər. Nardaranlılar torpağın üstündə də yaşayarlar, imkan versələr. İş-güc, normal dolanışıq olmayandan sonra camaat neynəyir yolu? Yol yeyəcəklər?".

Azərbaycanda nəinki din azadlığı, ümumiyyətlə, azadlıq olmadığını deyən Rasim Cəbrayılov çıxışının sonunda heç bir cəzanın onu haqq bildiyi yoldan çəkindirməyəcəyini söyləyib.

Buna da bax:​ 'Məni İlham Əliyev eşitsin, dövləti çevirən onun özüdür'

"Elə vəhşiliklər gördük ki, adam dilinə gətirmək istəmir"

Təqsirləndirilən Zakir Mustafayev son sözündə bildirib ki, onlar Azərbaycanda dövlətin konstitusion quruluşunun dəyişməsini qətiyyən istəmirlər. Onlar dünyəvi, amma insanların azadlığının olduğu, hüquqlarının qorunduğu, ayrıseçkiliyə məruz qalmadığı ölkədə yaşamaq istəyirlər: "Azərbaycanda haqq-ədalətin, demokratiyanın bərqərar olması üçün nəinki həbsə, canımı verməyə hazıram".

Zakir Mustafayev ona verilən işgəncələrə də toxunub: "Biz "bandotdel"də (BMCMİ-nin bir vaxtlar xalq arasında yayılmış adı – red.) elə ağlasığmaz işgəncələr, vəhşiliklər gördük ki, adam dilinə gətirmək istəmir. Mənə dəmir “dubinka” ilə verilən işgəncələrdən əlavə ailəmlə təhdid elədilər. Bununla da kifayətlənmədilər. Məni Kürdəxanı təcridxanasına gətirən kimi, "karsa" saldılar. Ardınca təcridxananın gəzinti yeri var, - çöldədir, üstüaçıq, - məni qışda, şaxtalı gündə nazik paltarda səhərdən axşam saat 11-in yarısınacan orada saxladılar. O havada qalın paltarda çöldə 15 dəqiqə dayanmaq olmazdı. Yağış da yağırdı. Mən donmuşdum, oradan axşam leşimi çıxardılar. Üç gün qızdırıcıya yapışdım, yenə donum açılmırdı".

Buna da bax: 'Ağır cəza bizi mübarizəmizdən döndərməyəcək'

Əməliyyat günü Nardaranda toplaşdıqları evdə heç kimdə silah-sursat olmadığını deyən Zakir Mustafayevin fikrincə, iki polisi də qəsdən öldürüblər ki, Taleh Bağırov və ərtafındakılar haqda "radikal", "terrorçu" görüntüsü yaratsınlar.

Yanvarın 19-da davam edəcək məhkəmədə qalan iki təqsirləndirilən - AXCP sədrinin müavini Fuad Qəhrəmanlı və Abbas Quliyev son sözlərini deyəcəklər.

XS
SM
MD
LG