Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 18:32

Nərmin cinayətinə görə prezidentdə üz tutdular


İlkin Süleymanovun yaxınları etiraz edir: Heç bir sübut yoxdur
Gözlə

No media source currently available

0:00 0:02:26 0:00

İlkin Süleymanovun yaxınları etiraz edir: Heç bir sübut yoxdur

Tovuz rayonunun Dondar Quşçu kənd sakinləri imza toplayaraq prezident İlham Əliyev və vitse-prezident Mehriban Əliyevaya məktub göndəriblər. Kənd sakinləri bildirir ki, iki il öncə Dondar Quşçuda itkin düşən və 47 gün sonra yandırılmış vəziyyətdə meyiti tapılan 10-yaşlı Nərmin Quliyeva ilə bağlı cinayət ört-basdır edilir. Əvəzində heç bir təqsiri olmayan kənd sakini İlkin Süleymanov qurban verilir.

"Biz kənd sakinləri şahidik ki, İlkin Süleymanov 2020-ci il yanvarın 6-da tutulub. Amma sənədlərdə yazılıb ki, guya 10-da saxlanıb", – yazan kəndlilər bildirir ki, bu, Süleymanovla bağlı çoxsaylı saxtakarlıqlardan yalnız biridir. Onlar bu işin nəzarətə götürülməsini, gerçək cinayətkarların tapılıb cəzalandırılmasına kömək istəyirlər: "Valideynlərin özlərinin də dediyindən aydın olur ki, onlar tapılan meyitə baxmayıblar, bunda maraqlı olmayıblar".

"Onu toka veriblər"

Noyabrın 17-də Gəncə Ağır Cinayətlər Məhkəməsində Süleymanovun işinə baxan hakim Dadaş İmanov həm Dondar Quşçu sakinlərinin, həm də Süleymanovun atasının məktublarını elan edib.

İbrahim Süleymanov yazır ki, oğlu İlkin günahsızdır, cinayətin üstünün açılması görüntüsü yaratmaq üçün qurban seçilib.

"Oğlum dörd gün – yanvarın 6-dan 10-na qədər ölümcül işgəncələrə məruz qalıb. Başına dəmir vedrə keçirib, üstündən zərbələr endiriblər. Onu toka veriblər, yerə uzadıb, qarnının üstünə ağır əşyalar atıblar. Əllərini ayaqlarına bağlayıb döyüblər. Ayın 9-dan 10-na keçən gecə artıq dözə bilməyib və bundan sonra ondan öz əleyhinə ifadə alıb tutulmasını rəsmiləşdiriblər. Onun uzun müddət vəkili ilə görüşməsinə imkan verməyiblər", – hakim təqsirləndirilən şəxsin atasının məktubunu elan edib.

Valideynlərin ifadələri, qan qrupu

Süleymanov vurğulayıb ki, Nərminin valideynləri bu cinayətin açılmasında yox, ört-basdır edilməsində maraqlı görünür. Onlar məhkəmə prosesində ziddiyyətli və həqiqətəuyğun olmayan ifadələr verirlər.

Təqsirləndirilən şəxsin atası prezidentə məktubunda vurğulayıb ki, yandırılmış meyitin Nərminə aid olmasına da şübhələr var. O, qan qrupları arasındakı fərqə diqqət çəkərək yazıb ki, tibbi qeydiyyat kitabçası, şəxsiyyət vəsiqəsinə əsasən, Nərminin qan qrupu IV olub. Ekspertiza isə rəy verib ki, yanan meyitin qanı II qrupdur: "Anası məhkəmədə ifadəsində bildirdi ki, qızının boyu onun təxminən qarın nahiyəsindən olardı. Özü də bəstəboy olan Aynurə İsmayılovanın dediyindən məlum olur ki, uşağın boyu təxminən 120 santimetr olardı. Meyitin fotoşəkilinə əsasən, kompüter proqramı vasitəsilə ekspertlər müəyyənləşdirib ki, tapılan meyitin boyu 142 santimetrdən çoxdur. Tovuzun polis rəisi haradan bilirdi ki, bir neçə gün sonra ölü və tanınmaz halda tapılacaq, iki-üç gün əvvəldən ailəyə bunu deyirdi?".

Cinsiyyət orqanı xüsusi olaraq yandırılıb

Süleymanovun sözlərinə görə, meyitin cinsiyyət orqanı hissəsi xüsusi olaraq yandırılıb, nəticədə ekspert onun təcavüzə məruz qalıb-qalmadığını müəyyənləşdirə bilməyib. Bundan əlavə, meyitin yanmasıyla üzərindəki paltarların yanma vəziyyəti bir-birinə uyğun gəlmir: "Əgər meyit kömürləşməyə qədər yanmışdısa, necə olub ki, paltarların bir hissəsi yanmayıb? Mütəxəssis təhlilləri göstərir ki, meyit artıq yandırılmış vəziyyətdə ora atılıb. Atılandan sonra evimizin yaxınlığında təkrar yandırılıb. Yanğını görən İlkin də qonşulara xəbər verib, onu söndürüblər".

Süleymanov əlavə edib ki, oğlunun günahsızlığına dəlalət edən bu qədər sübutlara baxmayaraq, məhkəmənin ədalətli qərar verməyəcəyindən ehtiyatlanır. Ona görə də əsl cinayətkarların tapılması, qanunsuzluğa yol verən səlahiyyət sahiblərinin cəzalandırılması üçün kömək istəyir.

Məhkəmə həm Dondar Quşçu sakinlərinin, həm də İbrahim Süleymanovun məktublarını cinayət işinin materiallarına əlavə etmək qərarı verib.

"Mütləq icazə alırdıq"

Budəfəki məhkəmə iclasında Nərminin kiçik bacısı Şəhanə Quliyeva dindirilib. Ötən məhkəmə iclaslarında atası Şərif Quliyev deyirdi ki, Nərmini gödəkcəyə görə qardaşıgilə göndərsə də, gəlib çıxmadı. Onun ardınca böyük qızı Şəbnəmi göndərəndə isə məlum oldu ki, əmisigildə yoxdur, xeyli vaxtdır oradan çıxıb. Belə olan halda düşünüblər ki, yəqin, xeyli uzaqda yaşayan nənəsigilə çıxıb gedib. Ona görə də uşağı axtarmadan axşam saatlarında qonşu kəndə "ciyər axşamı"na gedib.

11-yaşlı Şəhanə isə deyir ki, onlar heç vaxt atasından icazəsiz nənəsigilə və ya bir başqa qohumugilə getməzdilər: "Atam narahat olardı, ona görə mütləq icazə alırdıq. Gedəndə də qaranlıq düşməmiş qayıdardıq".

Məhkəmə prosesi noyabrın 24-də davam edəcək.

Xatırlatma

48-yaşlı İlkin Süleymanov Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələri ilə ittiham olunur. Lakin o, azyaşlının ölümünə aidiyyəti olmadığını deyir. İlkin ifadəsindəki etirafa gəlincə, bildirib ki, 2020-ci il yanvarın 6-dan 10-na qədər Tovuz Rayon Polis Şöbəsində işgəncəyə məruz qalıb. Dörd gün sonra işgəncələrə dözməyərək etiraf ifadəsinə imza atmağa məcbur olub.

Baş Prokurorluq isə onun işgəncə iddialarını təkzib edib. Vəkillərin bu barədə şikayətlərinə cavab olaraq, işgəncə faktının təsdiqini tapmadığı bildirilib.

Süleymanovun ittiham olunduğu maddələrdə 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

XS
SM
MD
LG